Şb. Avq 17th, 2019

Azərbaycana qarşı yeni PLAN?

Fransa və Rusiya bölgədə maraqlarını birləşdirdi?

Rusiya hökuməti Gürcüstanla nəqliyyat dəhlizini bərpa etməyə çalışır.Bununla bağlı fevralın 5-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə Gürcüstan baş nazirinin müavini Zurab Abaşidze arasında İsveçrədə keçirilməli olan görüş baş tutmadı.Lakin rəsmi Moskva Cənubi Osetiya dəhlizi, Yuxarı Larsdan keçən Avar-Kaxeti yolu və Zuqdidi-Soçi marşrutu üzrə Abxaziya ərazisindən keçən dəmir yolunun açılmasında maraqlı tərəf kimi çıxış edir.Gürcüstanın daxili işlər naziri David Zalkaliani Rusiya tərəfindən işğal olunmuş Abxaziya və Cənubi Osetiya ilə sərhəddə gömrük dəhlizinin yaradılmasına dair razılaşmanın əldə edildiyi barədə məlumatı dezinformasiya adlandırıb.

Lakin Rusiya və Gürcüstan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına dair danışıqların getdiyi barədə məlumatlar iki ildən artıqdır dolaşır.Hətta Gürcüstan hökuməti bu xəbərləri əvvəllər təsdiq edib.Qeyd edilib ki, həmin dəhlizlər 2011-ci ildə Gürcüstanla Rusiya arasında imzalanmış “Gömrük idarəetməsi və malların monitorinqinin əsas prinsipləri haqqında” sazişlə müəyyən edilib. Sazişə uyğun olaraq, 2017-ci il dekabr ayının 19-da Berndə Gürcüstan Gəlirlər Xidməti İsveçrənin SGS şirkəti ilə malların monitorinqi üzrə müqavilə bağlayıb. Saziş Tbilisinin Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu üçün vetonu aradan qaldırmasından sonra imzalanıb.Müqavilənin şərtlərinə əsasən, ticarət dəhlizləri Gürcüstanın nəzarət etmədiyi Abxaziya və Cənubi Osetiya ərazilərindən keçməlidir.Bununla bərabər, tərəflər malların axınına və markalanmasına nəzarət etmək üçün beynəlxalq vasitəçilərin dəvət edilməsi barədə öhdəlik götürüb.
Rəsmi Tbilisi yüklərin daşınmasına dair razılaşmanın fors-major hallar üçün nəzərdə tutulduğunu bildirir.Yəni, Gürcüstan hökuməti Yuxarı Lars keçidi istiqamətində yalnız qar uçqunu, sürüşmə kimi fors-major hallar baş verdikdə yüklərin Cənubi Osetiyanın paytaxtı Tsxinvalidən Rok tuneli vasitəsilə keçməsinə icazə verdiyini deyir.

Rusiya bu məsələnin reallaşmasına daha çox siyasi baxımdan maraq göstərir.Belə ki, 2008-ci ildə baş vermiş müharibədən sonra Rusiyanın Gürcüstan vasitəsilə Cənubi Qafqaza çıxış imkanları kəskin şəkildə məhdudlaşıb.Rusiyanın Gürcüstan üzərində geosiyasi təsirinin azalması bu ölkənin ABŞ-ın və NATO-nun strateji müttəfiqinə çevrilməsi ilə nəticələnib.Ona görə də Rusiya iki ölkə arasında nəqliyyat dəhlizinin bərpa olunmasına Gürcüstanı yenidən öz təsir zonasına qaytarmaq vasitəsi kimi baxır.Digər tərəfdən, Abxaziya və Cənubi Osetiya ilə nəqliyyat kommunikasiya əlaqələrinin qurulması Gürcüstanı Rusiyanın subyekti kimi separatçı rejimlərlə əməkdaşlığa cəlb etmək məqsədi daşıyır.Doğrudur, Rusiyadan Gürcüstana və Ermənistana göndərilən yüklər dəniz yolu ilə Poti limanına daşınır.Ancaq quru yolunun açılması Abxaziya və Cənubi Osetiyanı blokada vəziyyətindən çıxartmaqla yanaşı, rəsmi Tbilisi işğal olunmuş ərazilər üzərində Rusiyanın geosiyasi üstünlüyünü tanımasına gətirib çıxara bilər.Bu səbəbdən, Gürcüstan hakimiyyətinin bu addımı müxalifətin ciddi tənqidinə səbəb olub.

Nəhayət, bu prosesdə maraqlı olan əsas tərəflərdən biri kimi Ermənistan çıxış edir.Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Ermənistanı blokada vəziyyətindən çıxaracağını və xarici investisiyaları ölkə iqtisadiyyatına cəlb edəcəyini vəd edib.Lakin Azərbaycan və Türkiyə ilə sərhədlərin bağlı olması beynəlxalq investorların Ermənistana marağını əngəlləyir.Paşinyan Dağlıq Qarabağ probleminin həllində güzəştə getmək istəmədiyindən sərhədlər bağlı qalmaqda davam edir.Ona görə də N.Paşinyan “məxməri inqilab” və seçkilər öncəsi verdiyi vədləri yerinə yetirə bilmir.ABŞ-ın Tehran rejiminə sanksiyalar tətbiq etməsindən sonra Ermənistanın İranla maliyyə və ticarət əlaqələrində də məhdudiyyət yaranıb.Qeyd edilən proseslər fonunda baş nazir Paşinyanın son vaxtlar Gürcüstanla münasibətləri yaxınlaşdırmaq cəhdləri müşahidə olunur.Yanvar ayının sonlarında Paşinyanın Gürcüstana rəsmi səfəri də şimaldan Rusiya və Avropa istiqamətində nəqliyyat dəhlizinin açılması barədə danışıqlar aparmaq məqsədi daşıyırdı.Yəni, Ermənistan hökuməti blokadadan çıxmaq üçün əsas iqtisadi dəhliz kimi şimal marşrutunu seçib.Rusiyadan Ermənistana yük axınının 80 faizi Rusiyadan gəlir.Buna baxmayaraq, Paşinyan hökuməti Yuxarı Lars yoluna alternativ marşrut tapmaqla Avropa bazarına çıxış əldə etməyə çalışır.Xatırladaq ki, hələ ötən ilin noyabr ayında N.Paşinyan Gürcüstan istiqamətində hava şəraiti ilə əlaqədar yolların bağlanacağı təqdirdə, Ermənistanın təcrid olunmuş adaya çevriləcəyini bəyan etmişdi. İqtisadi baxımdan Ermənistan üçün ən sərfəlisi Nar (Şimali Osetiya) – Qori marşrutu hesab olunur ki, bu da Cənubi Osetiyadan keçir. O, Yuxarı Larsdan 80 km uzun olsa da, iqlim şərtlərinə və relyefinə görə daha məqsədəuyğun sayılır. 

Gürcüstan müxalifəti hesab edir ki, üçüncü ölkələrin, konkret desək, Ermənistanın dəhlizdən istifadəsi 2011-ci ilin sazişinin pozulmasıdır.Ermənistan hökuməti isə rəsmi Tbilisi 1990-cı illərdən bağlı olan həmin yolun yalnız fövqəladə hallarda deyil, birdəfəlik açılmasına razı salmağa çalışır.

Bu məsələdə böyük dövlətlərin fəallığı müşahidə olunur.Gürcüstan üzərindən Ermənistana dəhlizin açılmasına əsasən Rusiya və Fransa maraq göstərir.Son dövrlər Cənubi Qafqazda fəallığını artıran Fransa bölgədəki siyasətini Rusiya ilə koordinasiya edilmiş şəkildə həyata keçirir.Bu, ABŞ-ın Cənubi Qafqazda geosiyasi təsirlərinin qarşısını almaq baxınından hər iki ölkənin maraqlarına cavab verir.Qeyd edək ki, 2018-ci ilin aprel ayında “məxməri inqilab”ın baş verməsindən sonra N.Paşinyanın ABŞ-a yönəlik xarici siyasət kursu götürməsi Ermənistanın Rusiyanın və Fransanın siyasi orbitindən uzaqlaşmasına gətirib çıxartdı.Lakin oktyabr ayında Fransa pezidenti Emmanuel Makronun Frankafoniya sammiti çərçivəsində İrəvana səfərindən sonra yaranmış boşluq aradan qalxmağa başladı.Ermənistanın yenidən Fransa ilə yaxınlaşması prezident Makronun Azərbaycana rəsmi səfərini təxirə salması və hərbi-texniki əməkdaşlıq haqqında müqavilənin ləğv edilməməsi ilə nəticələndi.Hazırda Qərbi və Mərkəzi Avropada, Yaxın Şərqdə ABŞ-la ciddi rəqabət aparan Fransa bu siyasəti Cənubi Qafqazda da həyata keçirir.Rəsmi Parisin bu addımı “məxməri inqilab”dan sonra Ermənistanda mövqeləri zəifləmiş Rusiyanın da maraqlarına cavab verir.Fransa prezidentinin 24 apreli “erməni soyqırımı” günü kimi qeyd etmək barədə qərarı da çox güman ki, rəsmi İrəvanı ABŞ-dan uzaqlaşdırmağa xidmət edir.Ermənistan üzərində ciddi təsirə malik olan Fransa 2028-ci ildə Salome Zurabişvilinin Gürcüstanda prezident seçilməsindən sonra rəsmi Tbilisin də siyasi kursunun müəyyənləşməsində mühüm rol oynayır.

Rusiyanın da paralel olaraq Ermənistana siyasi, hərbi və iqtisadi təsir imkanlarının yüksək olması Parislə Moskvanın bölgədə ABŞ-a qarşı birləşməsini təmin edir.

Ona görə də həm Rusiya, həm də Fransa son vaxtlar Ermənistan-Gürcüstan müttəfiqliyi planını reallaşdırmağa çalışır. Bu layihə son nəticədə Azərbaycanın işğal olunmuş əraziləri qaytarılmadan rəsmi İrəvanın blokadadan  çıxarılmasını nəzərdə tutur. 

Əslində, Fransa ilə Rusiyanın bu layihəsi Dağlıq Qarabağ məsələsində ABŞ-ın kompromisə getmək çağırışlarından yayınmağa çalışan N.Paşinyanın maraqlarına cavab verir.    /Cebhe.info/

Paylaş: