Şb. Avq 17th, 2019

YAP-çı gənclərə… 

Neçə gün idi “Heydər Əliyev və Türk dünyası” adlı tədbirə dəvətli idim. İlk andan bir az tərəddüd etsəm də, bu dəfə təkcə araşdırmaçı Sərxan Carçı olaraq deyil, Dünya Türklərinin İttifaqının üzvü olaraq dəvət edilmişdim deyə tədbirə qatıldım. Peşman da deyiləm, bir çox şeylər öyrəndim. Eyni zamanda düşündüyüm tənqidi sualları da verdim. Məsələn, dövlət dilimizin Türk dili ola-ola Heydər Əliyev hakimiyyəti dövründə Azərbaycan dili edilməsi və s. Təbii ki, tam qəbul etməsəm də, mühazirəçi bunu əsaslandırdı.
İndi zamanı və məqamı olduğunu düşünərək hakim Yeni Azərbaycan Partiyasının gənclərinə müraciət etməyi qərara aldım.
Əziz YAP-çı gənclər!
Sizinlə dəfələrlə ATƏT-in, İngiltərə səfirliyinin və digər qurumların fərqli mövzulu təlimlərində birgə iştirak edərək, əxlaq çərçivəsində, kəskin şəkildə qarşılıqlı tənqidlərimiz olub. Mövqe olaraq bu gün də üzvü olduğunuz partiyaya tənqidçi durumdayam.
Amma müraciət etdiyim mövzunun, türklüyün, Türk Birliyinin, bu istiqamətdə görüləcək işlərin siyasi mövqeyə bir o qədər də aidiyyatı yoxdur. Qarabağ probleminin də, Azərbaycanın bütövlüyü probleminin də həlli türk dövlətlərinin birliyindən keçir. Bu birlik üçün çalışanlar çoxdur. Tədbirlər, festivallar və digər toplantılar keçirilir, dərgilər nəşr edilir.
Təbii ki, etdiyim bu müraciət bütün partiyaların gənclərinə də aiddir. Amma siz iqtitarda olan bir partiyanın üzvüsünüz və türk dövlətlərinin bir-birinə daha da yaxınlaşması uğrunda görə biləcəyiniz işlər digər partiyalara nisbətdə daha çoxdur.
Türklərin qəsdinə durulmağı, günahsız müsəlmanların qanının axıdılması əyan-bəyandır.
Başda YAP gənclər təşkilatının sədri olmaqla sizdən istəyim odur ki, Türk Birliyi istiqamətində fəaliyyətinizə ağırlıq verərək partiyanızın, ən azından partiyanın gənclər qolunun fəaliyyət planına salasınız. Ola bilsin bu yazını oxuyandan sonra bu istiqamətdə hansısa konfransınızın və ya digər bir işinizin linkini mənə göndərəcəksiniz. Amma iqtidarda olan bir partiyanın digərlərindən daha real addımlar atmaq imkanı var.
Hər zaman dediyim kimi, biz bu birliyin qurulmağına yardım etsək də, etməsək də, kimlərsə bunun qurulmağını istəsə də, istəməsə də Allahın yardımı ilə Türk Birliyi mütləq qurulacaq. Nə mutlu bizə olar ki, bu birliyin əsgərlərindən olaq.
Müqəddəs kitabımızda buyurulur ki, əgər siz Allaha yardım etsəniz, o da sizə yardım edər (Məhəmməd surəsi 7). Təbii ki, qadir Allahın heç bir yardıma ehtiyacı yoxdur. Yaradanımıza yardım etmək hər şeydən öncə qəlbdən, ruhən ona yönəlməkdir. Ona güvənərək onun istədiyi işləri görməkdir. Onun istəyi isə yer üzündə nizamın, haqqın, ədalətin, sevginin, sülhün yaşanmasıdır. Necə ki, öz kitabında da bizi salam yurduna, təslimə dəvət edir. Bu cür işlərə isə tarix boyu türklər öndərlik edib.
Türk birliyi istiqamətində atacağınız real addımlarda yaradanımız yar və yardımçı olsun.

Hörmətlə Dünya Türklərinin İttifaqının üzvü, “Carçı” Araşdırma Mərkəzinin sədri Sərxan Carçı

Paylaş: