Bz. Avq 25th, 2019

Bəzi ixtisaslar birləşdirildi, bəziləri ləğv edildi – Abituriyentlər diqqətli olsun

Kamran Əsədov: “Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb, əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisas əlavə edilib”
 Azərbaycanda ali təhsilin səviyyələri üzrə bəzi ixtisaslaşmalarda dəyişikliklər edilib. Nazirlər Kabinetinin qərarına əsasən “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi olan birinci hissə ləğv edilib. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.
Təhsil Nazirliyin şöbə müdiri Yaqub Piriyev Təhsil TV-ə müsahibəsində ixtisaslarla bağlı baş verən dəyişiklikdən danışıb, qeyd edib ki,  təhsil ixtisasları qrupunda hazırda 21 ixtisasdan yalnız rəqs müəllimliyi təsnifatdan çıxarılıb. Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri çıxarılıb. Çıxarılan ixtisaslardan Antropologiya magistraturada pilləsində tədris olunacaq. 2 ixtisas birləşdirilib. İslamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Mədəniyyət və incəsənət ixtisasları qrupunda 21 ixtisasdan 8-i bir ad altında birləşdirilib.  İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan  4-ü birləşdirilib və onlara  beynəlxalq təcrübəyə uyğun adlar qoyulub.  Dünya iqtisadiyyatı və iqtisadiyyat bir ad, kommersiya və biznesin idarə edilməsi isə başqa ad altında birləşdirilib.Beynəlxalq ticarət və logistika adlı yeni  ixtisas yaradılıb.
Təbiət ixtisasları qrupuna biotexnologiya ixtisası əlavə olunub. Texniki və texnoloji ixtisaslar qrupunda 59 ixtisasın sayı 40-a endirilib. Əmək bazarının tələbinə uyğun olmayan ixtisaslar ləğv edilib, əvəzinə 10 yeni ixtisas əlavə olunub. Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişdirilib, 2-sı çıxarılıb, 1 yeni ixtisas əlavə olunub.
Səhiyyə, rifah və xidmət ixtisasları qrupuna  yeni ixtisaslar əlavə olunub. Bədən tərbiyəsi və idmanda reabilitasiya , Fizioterapiya və tibbi reabilitasiya , Məşqçilik, tibb bacısı kimi ixtisaslar yaradılıb.
Əsas (baza ali) tibb təhsili üzrə ixtisaslar qrupundan 1 ixtisas çıxarılıb, 2-si əlavə olunub.
Sosial şəbəkələrdə bu qrupla bağlı yanlış məlumatlar yayılır. Qrupdakı 4 ixtisasın hamısı qalıb. Dünyada müalicə işi adlı ixtisas yoxdur. Tibb ixtisası var. Müalicə işi ixtisasının adı təhsilini xaricdə davam etdirənlərə problemlər yaradırdı. Daha sonra Tibbi profilikatika – ictimai səhiyyə ixtisası ilə adlandırılır. Hərbi həkim işi hərbi tibblə əvəz olunub.
Baş verən dəyişiklikləri qiymətləndirən təhsil eksperti Kamran Əsədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, öncəki ixtisasların bir çoxu müasir texnologiya dövrünün və əmək bazarının tələblərinə cavab vermirdi:”Nazirlər Kabineti tərəfindən ali təhsil müəssisələrində kadr hazırlığı həyata keçirilən bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisaslar birləşdirilib. Yəni hazırda ali təhsil müəssisələrində bir-birini təkrar edən, yaxın ixtisaslar var. Onların ayrı-ayrı ad altında fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar əlavə edilib. Ümumilikdə təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir. Əvvəllər hər bir sahədə yalnız insanların əməyi lazım olurdusa, texnologiyanın inkişaf etdiyi bir zamanda çox işçi qüvvəsinə ehtiyac qalmır. Çünki əksər sahələr elektronlaşdırılır. Elm və təhsilin belə sürətlə inkişaf etdiyi bir vaxtda gələcəkdə Azərbaycanda hansı ixtisasların sıradan çıxacağı və hansılara ehtiyac yaranacağı çox maraqlıdır. Etiraf edək ki, dövrümüz çox sürətlə dəyişir. Min illər əvvəl çox önəmli ixtira arasında yüz illərlə yol gedilirdisə, indi iki böyük kəşf arasında gedilən yol aylarla, günlərlə ölçülür. Yəni hazırda fevral ayını yaşayırıq, amma mart ayında elə güclü ixtira ola bilər ki, o, bəşəriyyəti tamamilə dəyişə bilər. Məsələn, indi telefonlardan fotoaparat kimi istifadə edə bilərik. Amma 150 il foto sənayedə ”Kodak”, “Alfa” firmaları hegemon idi, lentli fotoaparatlar istehsal edirdilər. Amma son 10 ildə onların hamısı sıradan çıxdı, çünki rəqəmli fotoaparatlar yarandı. Bu baxımdan gələcəkdə Azərbaycanda da hansısa ixtisaslar, sənətlər sıradan çıxacaq və yeniləri yaranacaq”.
Təhsil eksperti hesab edir ki, artıq bir dəfə ali təhsil almaq insana ömür boyu bəs etməyəcək, vaxtaşırı yeni biliklərin əldə edilməsinə ehtiyac olacaq: “Bu prosesi izləyən biri kimi deyim ki, 50 il bundan qabaq ali təhsil almaq, yəni 5 il oxumaq 25-35 il ondan istifadə etməyə bəs edirdi. İndi isə öz ixtisasımızı ən azı 4-5 dəfə dəyişməliyik. Bir ali təhsil kifayət etmir. Məsələn, mən güman edirəm ki, gələcəkdə taksi sürücüləri yoxa çıxacaq. Çünki maşınlar elektronlaşacaq. Əslində, avtomobil olmayacaq, 4 təkər üzərində kompüter olacaq, yəni maşının sükanı olmayacaq. Buna görə sürücüyə ehtiyac qalmayacaq. Amma bir sıra ixtisaslar tarixi, milli-mənafe baxımından əmək bazarında az ehtiyac olsa belə saxlanılmalıdır. Çünki bizim yerləşdiyimiz coğrafi mövqe bunu tələb edir. Dediyim kimi, ləğv olunan bir sıra ixtisaslar yaxın olan digər ixtisaslara birləşəcəklər”.
Bu proses əlbəttə ki, 2019-cu ildə ali məktəblərə sənəd verəcək abituriyentlər üçün müəyyən qədər çaşqınlıq yaradacaq: “Həm 2019-cu ildə qəbul imtahanlarının yeni formatda keçirilməsi, həm də yeni ixtisaslar ixtisas seçimi zamanı daha diqqətli olmasını tələb edir. Bu dəyişikliklər ali məktəblərə qəbul zamanı plan yerlərinin də sayına təsir göstərəcək. Nəzərə alsaq ki, 2018-ci ildə ali məktəblərə plan yeri 43 min olub, bu ləğvolma prosesindən sonra plan yerlərinin sayında azalma olacaq. Ümumiyyətlə, Nazirlər Kabinetinin 11 fevral 2019-cu il qərarına əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Hesab edirəm ki, plan yerləri azalanda bu xaricdə təhsil almağa meyli artıracaq. Ali təhsil müəssisələrində plan yerlərinin sayı müvəffəqiyyətlə müsabiqədən uğurla keçmiş abituriyentlərin sayından az olsa bu zaman təkcə keçid balı toplamayan abituriyentlər yox, eyni zamanda müsabiqə şərtlərini ödəyib, amma Azərbaycanda ali təhsil müəssisəsinə daxil ola bilməyən şəxslər də xarici ölkələrdə təhsil almağa üz tutacaqlar. Biz təhsilin əlçatımlılığını təmin etməliyik. Qəbul qaydalarını asanlaşdırmalıyıq ki, insanlar xarici ölkələrə təhsil almaq üçün üz tutmasınlar”.    /bakupost.az/

Paylaş: