Bz. Sen 15th, 2019

Bölgələrdə mülkiyyət hüququnun vəziyyəti öyrənilib

Azərbaycanda mülkiyyət hüququnun vəziyyətinə dair hesabat hazırlanıb. Hesabatda mülkiyyət hüququyla bağlı qanunvericilikdə mövcud olan təminatlar, mülkiyyət hüququnun müdafiə vasitələrinin səmərəliliyi, mülkiyyət hüquqlarının pozuntusunu yaradan hallar barədə toplanmış materiallar öz əksini tapıb.

Hüquq müdafiəçisi Teyyub Mirqasımov bildirib ki, qiymətləndirmə zamanı Tovuz, Şəki, Şirvan, Göyçay və Masallı ilə yanaşı, Bakı, Sumqayıt şəhəri, Quba, Qusar, Xızı və digər rayonlar üzrə də mülkiyyət hüquqlarının pozulmasına dair ayrı-ayrı faktların toplanması və ümumiləşdirilməsi həyata keçirilib. Bundan əlavə, ölkədə fəaliyyət göstərən KİV-lərdə, həmçinin digər elektron informasiya vasitələrində mülkiyyət hüququna dair yer alımış materialların monitorinqi aparılıb. Həmçinin, mülkiyyət hüquqlarının ölkədaxili instansiyalarda müdafiəsinin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mülkiyyət hüququna dair məhkəmə çəkişmələri barədə məlumatlar da toplanılıb. Bununla yanaşı, mülkiyyətçilərin pozulmuş hüquqlarının bərpa edilməsinə dair müxtəlif dövlət orqanlarına ünvanladıqları müraciətlətin nəticələrinə dair məlumatların toplanılması da təmin edilib.

Hüquqşünas Ruslan Mustfazadə bildiirb ki, qiymətləndirmə zamanı qanunvericilikdə vətəndaşlara verilmiş mülkiyyət hüquqlarının müxtəlif formalarda pozulduğu aşkar edilib. Onun sözlərinə görə, ən çox rast gəlinən pozuntulardan biri rayon və kənd bələdiyyələri tərəfindən mülkiyyət hüquqlarına müdaxilələri və mülkiyyətdən istifadəyə yaradılan maneələri göstərmək olar: “Qiymətləndirmə zamanı hüquqlarının pozulduğunu iddia edən mülkiyyətçilərin təxminən 18 faizi bələdiyyələrin qanunsuz müdaxilələrindən şikayətçi olmuşlar. Monitorinq dövründə həmçinin mülkiyyətçilərə öz mülkiyyətlərində olan əmlaka dair rəsmi sənədlərin alınmasna dair süni maneələrin yaradıldığı da aşkar edilmişdir. Mülkiyyət hüquqlarının pozulduğunu iddia edən hər beş nəfərdən biri mülkiyyət hüquqlarını təsdiq edən sənədləri müxtəlif səbəblərdəb əldə edə bilmədiklərini vurğulayıblar. Qiymətləndirmə zamanı vətəndaşlara ayrılmış pay torpaq sahələrinin başqa şəxslər tərəfindən zəbt edilməsi halları da müəyyən olunub. Bu isə özlüyündə digər pozuntuların baş verməsinə imkan yaradıb. Təəssüflə qeyd etmək lazımdır ki, monitorinq dövründə dövlət orqanları tərəfindən də mülkiyyət hüququna müxtəlif formalı müdaxilələr aşkar edilib”.

Paylaş: