Bz. Sen 15th, 2019

Türkiyə, Rusiya və İran hərbi əməliyyatlara başlayacaq

Suriyanın İdlib əyalətində Rusiya, Türkiyə və İran birgə hərbi əməliyyatlar keçirə bilər.

Turkustan.info-nun məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. 

“Birgə əməliyyatlar istənilən vaxt və hadisələrin gedişindən asılı olaraq keçirilə bilər. Bunun üçün hər hansı maneə yoxdur. Hazırki, tədbirlər İdlib sakinlərinin rahatlığı, xoşbəxtliyi və çiçəklənməsinə yönəlib. Bizim üçün əsas vacib olan insanların təhlükəsizliyidir” – prezident Ərdoğan Rusiya və İran liderləri ilə fevralın 14-də Soçidə keçirdiyi sammitdən qayıtdıqdan sonra belə deyib. 

R.T.Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında əsas müzakirə mövzusunun İdlibdəki vəziyyət olduğu bildirilir. Onlar “Həyyat-Təhriri əş-Şəm” və digər radikal qruplara qarşı konkret addımlar atmaq barədə razılığa gəliblər. Ərdoğan İdlibdə birgə əməliyyatlar barədə məlumatı təsdiqləsə də, planın detallarına aydınlıq gətirməyib. 

Qeyd edək ki, hazırda İdlibin 90 faizinə 10 minlərlə silahlı cihadçı nəzarət edir.  

Prezident Ərdoğan onu da bildirib ki, Türkiyə və Rusiya İdlib əyalətində gərginliyin azaldılması və sabitliyin bərqərar olmasına dair ötən ilin sentyabr ayında əldə olunmuş birgə memorandumun həyata keçirilməsi üçün fəal iş aparır.   /Cebhe.info/

Paylaş: