Ça. Okt 22nd, 2019

ABŞ Konqresinin üzvü Xocalı soyqırımı ilə bağlı bəyanat verib

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Nümayəndələr Palatasında Tennesi ştatını təmsil edən demokrat konqresmen Stiv Koen Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı bəyanat verib.

Turkustan.info xəbər verir ki, o, bəyanatında Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı şəhərində yüzlərlə sakinin qətlə yetirilməsinin etnik azərbaycanlıların ən böyük qətliamı olduğu vurğulayıb.

Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin Ermənistan silahlı qüvvələrinin hücumundan əvvəl 7 min sakininin olduğunu diqqətə çatdıran konqresmen kütləvi qırğın nəticəsində 106-sı qadın, 63-ü uşaq olmaqla 600-dan çox dinc sakinin qətlə yetirildiyini, 100-dən çox uşağın bir valideynini, 25 uşağın isə hər iki valideynini itirdiyini, 8 ailənin tamamilə məhv edildiyini bildirib.

Konqres üzvü Azərbaycanın təhlükəsizlik və enerji məsələlərində ABŞ-ın və onun müttəfiqlərinin güclü tərəfdaşı olduğunu qeyd edib. S.Koen bu əməkdaşlığın kütləvi qırğın silahlarının yayılmamasında Azərbaycanın rolu, Kosovo, İraq və Əfqanıstanda Azərbaycan əsgərlərinin ABŞ qüvvələri ilə çiyin-çiyinə xidmət etməsi, koalisiyanın Əfqanıstandakı qüvvələrinin təchizatı üçün Azərbaycan məkanından tranzit məqsədilə istifadəsi, Xəzər dənizindən İtaliyaya Cənub Qaz Dəhlizinin inşası vasitəsilə Avropanın alternativ enerji mənbələri ilə təmin olunması, İsrailin neft istehlakının təxminən 40 faizinin ölkəmiz tərəfindən təmin olunması kimi sahələri ehtiva etdiyini bildirib. Bəyanatda, həmçinin Azərbaycandakı yəhudi icması və İsraillə əməkdaşlıq xüsusi vurğulanıb.

Sonda Konqres üzvü bu faciədə həyatını itirmiş insanların xatirəsini bir daha yad edərək Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində göstərilən səylərin dəstəklənməsində daha qətiyyətli olmağa çağırıb.   /sputnik.az/ 

Paylaş: