Şb. Okt 19th, 2019

Borcları silinəcək müəssisələrin sayı məlum oldu

Azərbaycanda özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu ilin martın 1-dək olan əmlak və torpaq vergiləri üzrə borclarının bir hissəsi silinəcək.

Turkustan.info-nun Modern.az-a istinadən əldə etdiyi məlumata görə, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” qanun layihəsi ölkə Prezidenti tərəfindən  qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunub.

Bu sənəd özəlləşdirilməsi nəzərdə tutulan 137 müəssisəni əhatə edəcək.

Qeyd edək ki, Qanun qüvvəyə minmə tarixindən sonrakı dövrdə özəlləşdirilməsi başa çatan dövlət əmlakının (müəssisələrinin) bu qanunun qüvvəyə minmə tarixinədək olan əmlak və torpaq vergiləri üzrə borcları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aşağıdakı qaydada silinir:

1. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən bir il ərzində bu borcların 30 faizi ödənildikdə – ödənilməmiş borcların 70 faizi silinir,

2. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən iki il ərzində bu borcların 50 faizi ödənildikdə- ödənilməmiş borcların 50 faizi silinir,

3. Dövlət əmlakının (müəssisələrinin) özəlləşdirildiyi tarixdən etibarən üç il ərzində bu borcların 70 faizi ödənildikdə- ödənilməmiş borcların 30 faizi silinir.

Bu qanunun müddəaları dövlət əmlakının (müəssisələrinin) bu qanunla müəyyən edilmiş borclarının məcburi ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilən, lakin bu qanunun qüvvəyə minmə tarixinə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Qanun martın 1-də qüvvəyə minəcək.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Paylaş: