Be. Avq 19th, 2019

İran səfirliyi Paşinyanın görüşünü pislədi

“Qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir”

“İran İslam Respublikasının dövlət rəsmiləri Ermənistanın baş naziri ilə Tehranda yaşayan bir qrup erməninin “Ararat” klubunda baş tutmuş özəl görüşünə heç bir müdaxilə etməyib, bu görüşdə asılmış plakat və səsləndirilmiş şüarları, İran XİN-in hörmətli sözçüsünün də dediyi kimi, özbaşına atılmış və qəbuledilməz bir addım kimi qiymətləndirir və bunu pisləyir”.

Turkustan.info-nun məlumatına görə, bu fikirlər İranın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunur.

Bildirilir ki, İran İslam Respublikası Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk və çətin günlərində həmişə Azərbaycan dövləti və millətinin yanında olub, Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyib və bu siyasətini dəyişməyəcək:

“Həmçinin düşünürük ki, Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmət prinsipi əsasında və sülh danışıqları yolu ilə iki tərəf arasında həllini tapacaq.

İran İslam Respublikasının Azərbaycan Respublikası ilə dostluğu və qardaşlığı əbədidir və heç bir təxribat iki xalqın iradəsinə xələl yetirə bilməz”. 

Qeyd edək ki, Paşinyan “Ararat” klubunda baş tutan görüşdə selfi çəkdirərək feysbuk hesabında paylaşıb. Fotoda diqqət çəkən məqam isə qondarma Dağlıq Qarabağın bayrağının üzərində “Qarabağ Ermənistanındır” şüarının yazılması olub. 

Paylaş: