Bz. Avq 25th, 2019

Keçmiş sovet respublikasında 8 Mart ləğv oluna bilər: “İşğalçı rejimin mirasıdır”

Latviyada 8 Mart bayramı ləğv oluna bilər. Latviya universitetinin hüquq elmləri doktoru, Latviya Dövlət Təhlükəsizlik Komitəsinin sovet dövründəki fəaliyyətilə bağlı araşdırmalar aparan Kristina Yarinovska bu bayramı “işğalçı rejimin alçaldıcı mirası” adlandırıb.

Turkustan.info xəbər verir ki, Yarinovska 8 Martın Latviyada qeyd olunan bayramlar siyahısından çıxarılmasını təklif edib. O xatırladıb ki, 8 Mart sovet işğalı dövründə bayramlar siyahısına daxil edilib.

“8 Mart totalitar, işğalçı rejimin ideoloji təbliğat sisteminin tərkib hissəsidir. Amma hələ də müstəqil Latviya Respublikasının rəsmi bayramları sırasında qalmaqdadır. Latviya qadınları belə alçaldılmağa, hörmətsizliyə layiq deyil. Parlament bu məsələni həll eləməlidir”, – deyə Yarinovska bildirib.

Amma əksəriyyət sosial şəbəkələrdə onun təklifini dəstəkləməyib. Hətta Yarinovskanı tənqid ediblər ki, niyə bütün qadınların adından danışır? 8 Mart bir çox ölkələrdə Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu gün tarixdə qadınların hüquq və azadlıqları uğrunda mübarizədə həmrəyliyi günü kimi yaranıb. 1975-ci ilin martından bu gün BMT tərəfindən də qəbul olunub.

Paylaş: