Ça. Avq 20th, 2019

Azərbaycan jurnalistikasının İlhamiyyəsi

Sevənləri çoxdur, onlardan biriyəm. Onu insanlara sevdirən dərin zəkası, düzgün mülahizəsi, hadisələrə dolğun şərh verməsi və ən başlıcası yüz illərlə Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsidir…

Amerikada “Xəzər səhər”i gecə saatlarında izləyə bilirik. Daha doğrusu sevə-sevə izləyirik. Səviyyəli veriliş aparmaq hər jurnalistə nəsib olmur. Bəli, bunun üçün jurnalistdən xüsusi məharət tələb olunur…

Haqqında söhbət açdığım İlhamiyyə Rzayeva 1984-cü ildə orta təhsilini başa vurub. Həmin il Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub. Tələbə ikən “Молодежь Азербайджанa” qəzeti ilə ştatdankənar müxbir kimi əməkdaşlıq edib. 1989-cu ildə universiteti bitirdikdən sonra AzTv-də işə başlayıb, “Xəbərlər” redaksiyasında müxbir işləyib. Sonralar ABA Tv, Lider Tv, Space Tv və ANS Tv-də çalışıb. Hal-hazırda ömür-gün yoldaşı, yazıçı Həmid Herisçi ilə “Xəzər səhər” verilişinin aparıcısıdır.
“Gündəlik Azərbaycan”, “525”, “Azadlıq”, “Bizim Yol”, “Zerkalo” qəzetlərində məqalələri dərc olunub. “Həsən bəy Zərdabi adına jurnalistika milli mükafatı”na layiq görülüb. Bir çox nüfuzlu jurnalistika müsabiqələrinin münsiflər heyətinin üzvüdür. Bütün bunlarla yanaşı bir sıra azərbaycan filmlərinə redaktorluq edib.
“Gecə kanalı” adlı kitabı işıq üzü görüb. Gözünün ağı-qarası bir oğlu var…

Azərbaycan xanımına xas olan dəyərləri özündə ehtiva etməsini təsadüfən demədim. Həmid Herisçi ilə apardığı verilişdə bircə dəfə də olsun həyat yoldaşının sözünü kəsməyib və ömür-gün yoldaşı onun sözünü kəsəndə belə heç bir irad bildirmir. Bilirsinizmi, Amerikadan baxanda sadə bir azərbaycanlıya bu necə gözəl görünür? Burda kişinin hünəri hardandır ki, qadının sözünü kəssin. Adamın yadına köhnə zamanların əsl azərbaycanlı ailəsinə xas olan milli dəyərlər düşür. Bilirəm, məni qınayanlar da tapılacaq, amma bu dəyər doğmadır, əzizdir. Necə deyərlər, baba və nənələrimizdən miras qalıb. Bax elə milli ənənələrimizi yüksək tutduğu üçün ona ehtiramımı bildirmək istədim…

Martın 26-sı İlhamiyyə xanımın doğum günüdür. Onu azadlığın beşiyi, qadınların məhdudiyyət tanımadığı Amerikadan təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 2 kişi, gülümseyen insanlar, yakın çekim

 

Paylaş: