Be. Avq 19th, 2019

Ekspert: Vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir – VİDEO

Bu gün Bakıdakı “Diqlas” ticarət mərkəzində baş verən yanğın zamanı yayılan videolardan biri ciddi müzakirə mövzusuna çevrilib.

Turkustan.info xəbər verir ki, görüntülərdə ticarət mərkəzinin ikinci mərtəbəsində Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürəni ilə yanaşı mülki geyimli şəxslərin də olduğu əks olunub. 
Maraqlı məqam isə ondan ibarətdir ki, mülki geyimli şəxslər yüksək təzyiqli yanğın şlanqını yanğınsöndürənin əlindən alır və yanğını özləri söndürməyə çalışırlar. 

Həmin şəxslərin ticarət mərkəzində obyekti olan sahibkarlar olduğu bildirilir. 

FHN işçilərinin belə bir şeyə icazə verməsi isə birmənalı qarşılanmayıb. Bəziləri mülki geyimlilərin xüsusi forması olmadan və təlimsiz formada öz həyatını təhlükəyə atmasını tənqid edib, bəziləri isə FHN əməkdaşlarının əlacsız qaldığını, yanğını söndürməyə güclərinin çatmadığını, buna görə də sahibkarların belə bir addım atdığını qeyd edib.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Oxu.Az-a açıqlama verib.

Onun sözlərinə görə, bütün ticarət mərkəzləri Fövqəladə Hallar Nazirliyinin yanğın təhlükəsizliyi haqqında tələblərinə ciddi sürətdə əməl etməlidirlər:

“Bu, ilk öncə obyektin yanğın təhlükəsizliyinə dair maddi-texniki bazasının tənzimlənməsindən başlayır. Ehtiyat su çəninin, yanğınsöndürmə balonlarının, yanğınsöndürmə şitlərinin, yanğın hidrantlarının, binanın həyətində fövqəladə vəziyyətdə təhlükəsiz toplanış yerinin, binanın strateji və təhlükə potensiallı yerlərində yanğın-xəbərdarlıq ötürücülərinin olması yanğın təhlükəsi zamanı onun qarşısının alınmasını və insanlara, eyni zamanda, əmlaka dəyən ziyanın minimuma endirilməsini təmin edir”.

“İşçilərin maarifləndirilməsi də mütləqdir. Onlar fövqəladə hallarda nə etməli olduqlarını bilməlidirlər. Bütün təhlükəsizlik halları ilə bağlı məlumatlar heç olmasa ayda bir dəfə təkrarlanmalıdır. 

Yanğın qrupları deyilən bir şey var. Bu qrupların olması vacibdir. Yanğın baş verən zaman fövqəladə vəziyyətdə xilasetmə qrupu gələnə kimi bütün vəziyyəti bunlar nəzarətdə saxlayırlar. 

Təbii ki, bu şəxslər də xüsusi təlimlər keçirlər. Yanğın baş verərsə, həmin şəxslər kömək edə bilər”, – deyə ekspert bildirib.

Elmar Nurəliyev qeyd edib ki, vətəndaşın təhlükəyə atılaraq yanğını söndürməsi yolverilməzdir:

“Fövqəladə Hallar Nazirliyinin adiyyəti qurumlarının əməkdaşları belə halların qarşısını almalıdır. Onlar, sadəcə, mane yaratmadan yolu açmağa kömək edə bilərlər. Yanğının söndürülməsində birbaşa iştirak etmələri özlərinin həyatlarını təhlükəyə atmaq deməkdir.

Nəzərə alsaq ki, yanan maddələrdən ayrılan tüstü zəhərlənməyə səbəb ola bilər, bu, ciddi məsələdir və bu iş peşəkarlar tərəfindən həyata keçirilməlidir”.

Paylaş: