Ça. Noy 12th, 2019

Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində silsilə yubiley tədbirləri keçirilib

Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasının əməkdaşları Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə 8 nömrəli orta məktəbdə “Sevilərək oxunan yazıçı” adlı oxucu konfransı keçiriblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq sərəncamına əsasən və İsmayıl Şıxlının zəngin ədəbi irsinin oxucular arasında geniş yayılması məqsədilə keçirilən tədbiri giriş sözü ilə açan Mərkəzi Uşaq Kitabxanasının multimedia mütəxəssisi Leyla Mahmudova görkəmli ədibin ömür yolu və zəngin yaradılığı haqqında geniş məlumat verib,  “Nurlu qələm sahibləri” adlı kitab sərgisində nümayiş olunan kitabların qısa xülasəsi ilə tədbir iştirakçılarını tanış edib. Daha sonra müəllimlər və şagirdlər “İsmayıl Şıxlı yaradıcılığının milli-mənəvi qaynaqları”, ”İsmayıl Şıxlı romanlarında milli əxlaq, tarixi-etnik yaddaş, milli özünüdərk kimi məna daşıyıcıları”, “İsmayıl Şıxlı yaradıcılığında bəşərilik”, “İsmayıl Şıxlı yaradıcılığında əqidə və xarakter bütövlüyü”, “İsmayıl Şıxlının həmişəyaşayar ədəbi qəhrəmanları”, “Dəli Kür” – müxtəlif taleli, müxtəlif duyumlu obrazlar qalereyası” adlı mühazirələrlə çıxış ediblər.

Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda da Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi ilə əlaqədar “Dəli Kür” əsərinin müzakirəsi keçirilib. Tədbirdə ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, “Dəli Kür” əsəri XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, insanların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir. Azərbaycan xalqının milli oyanış dövrünü təsvir edən , milli tarixi roman janrı nümunələrindən sayılan bu əsər bu gün də sevilə-sevilə oxunur. Müzakirədə Kitabxana Klubun nəzdində fəaliyyət göstərən “Veteran Klub” üzvləri və kitabxananın fəal oxucuları iştirak ediblər. Tədbirdə “Dəli kür” filmindən kadrlar nümayiş olunub.

Nizami Gəncəvi adına Kitabxana Klubun əməkdaşları 34 saylı məktəbdə  isə görkəmli yazıçı, böyük dramaturq, şair Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş tədbir keçiriblər. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən keçirilən tədbirdə kitabxanaçı Ayna Sadıxova əvvəlcə şagirdlərə Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında geniş məlumat verib, “Bizim yubilyarlar” başlıqlı sərgi ilə oxucuları tanış edib. Sonra şagirdlər ədibin “Gülər” hekayəsi haqqında öz fikirlərini və mülahizələrini bildiriblər. Tədbir şagirdlər tərəfindən maraqla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin

Mətbuat xidməti

 

Paylaş: