C. Sen 20th, 2019

ABŞ-ın məşhur universitetinin azərbaycanlı professoru

Səsinin ahəngində qəribə bir tilsim var, dinlədikcə rahatlıq tapırsan. Fikirlərini elə izah edir ki, əlavə sualara ehtiyac qalmır. Sıradan bir alim deyil, öz ixtisasını dərindən bilir. Haqqı dilə gətirməyi bacarır, əsl ziyalıdır. Əslində onun xüsusi təqdimata ehtiyacı yoxdur. Cəsarətli çıxışları ilə xalq arasında sevilir, ehtiramla qarşılanır…

Deyir ki,- “Gənclərə üç tövsiyəm var. Birincisi, hökmən xarici dillərdən birini mükəmməl öyrənsinlər. İkincisi isə seçdikləri ixtisasın sirlərini mənimsəsinlər. Üçüncüsü də odur ki, ali təhsilin növbəti hissəsinə xaricdə yiyələnsinlər”…

Haqqında söhbət açdığım insan 1971-ci ildə Füzuli rayonunun Aşağı Güzlək kəndində dünyaya gəlib. Səkkiz il həmin kənddə oxuduqdan sonra tam orta təhsilini Bakıdakı 1 nömrəli fizika-riyaziyyat təmayüllü internat məktəbdə başa vurub. 1987-ci ildə16 yaşında ikən doğum şəhadətnaməsi ilə indiki Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olunub. 1992-ci ildə oranın maliyyə-iqtisad fakultəsini fərqlənmə diplomu ilə bitirib. 1994-1996-cı illərdə aspiranturada oxuyub və namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 1996-cı ildən 2014-cü ilədək məzunu olduğu universitetin “İqtisadi təhlil” kafedrasında müəllim işləyib. Eyni zamanda 2008-ci ildə ABŞ-ın Kanzas və 2009-cu ildə isə Şimali Karalina universitetlərində tədris tərcübəsi keçib. 2014-cü ildə BMT-nin xətti ilə Qırğızıstanda baş nazirin müşaviri vəzifəsində çalışıb. Orada olarkən Qırğız hökumətinin islahatlar proqramını hazırlayıb. 
2015-2016-cı illərdə ABŞ–ın Nyu Cersi ştatındakı Dyuk Universitetinin, 2017-2018-ci illərdə isə Prinston Universitetinin professoru olub. 2018-ci ilin sentyabr ayından ABŞ-ın məşhur elm ocaqlarından birində- Ratqers Universitetində çalışır. 20-dən çox kitabın müəllifidir. 8 kitabı dünyanın 10-dan çox ölkəsində çap olunub…

…Ömür-gün yoldaşı İradə xanım Bayramova ali təhsilli mühasibdir. Üç övladı var- bir qız, iki oğlan. Qızı Jalə xanım Bakı Dövlət Universitetinin hüquq fakultəsində oxuyur. Böyük oğlu İbad Macarıstanın Szeged Universitetində biznesin idarə edilməsi üzrə təhsil alır. İkinci oğlu Emin isə yaşadıqları Nyu Cersi ştatının Haylənd Park hissəsindəki orta məktəblərdən birinin 11-ci sinif şagirdidir…

Olduqca dərin zəkaya malik, güclü təfəkkürü olan, bu vətənpərvər soydaşımızın Azərbaycan naminə gördüyü işlər də az deyil. Çalışdığı universitetdə Qarabağ həqiqətlərinin amerikalılara çatdırılmasında xeyli zəhməti var. Xocalı soyqrımının anım günlərində, milli, rəsmi bayramlarımızda Tomris Azərinin təşkil etdiyi tədbirlərdə fəal iştirak edir. Təbiət qoynunda, xüsusən də dağlıq ərazilərdə gəzməyi xoşlayır.
Xaricdə təhsil almaq istəyən tələbələrə tövsiyə məktubları verir. “Facebook”da “Xaricdə təhsil proqramları üzrə informasiya və məsləhət mərkəzi” adlı səhifə də yaradıb. Orada təhsil təqaüdü ilə bağlı məlumatlar paylaşır…

…Horadizdə bir təpə var. Hər yolu düşəndə o təpəyə qalxıb doğma Aşağı Güzlək kəndinin dağlarına tamaşa edir. Dəfələrlə övladlarını da oraya aparıb ki, indi işğal altında olan dədə-baba yurdlarından xəbərləri olsun…

Deyir ki,- “Adam o vaxt güclü olur ki, ayağı yurdunun torpağında olur. Qarabağın ermənilərdən azad olunması mənim ən böyük arzumdur. İkinci istəyimsə odur ki, Azərbaycanda bir universitet aça bilim və orada gənclərimizə dünya standartlarına uyğun təhsil verilsin”…

Bəli, haqqında şirin-şirin danışdığım Qubad İbadoğlu sıradan bir alim deyil, öz ixtisasını dərindən bilən, haqqı dilə gətirməyi bacaran, cəsarətli ziyalıdır…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Görüntünün olası içeriği: 1 kişi

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar ve açık hava

Görüntünün olası içeriği: 5 kişi, gökyüzü, bulut ve açık hava

Görüntünün olası içeriği: 2 kişi, ayakta duran insanlar

Paylaş: