Ç. Okt 16th, 2019

“İrəli” İctimai Birliyi “Aprel Zəfəri”nə həsr olunan layihənin icrasına başlayıb

“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku:Aprel zəfəri” layihəsinin açılış mərasimi baş tutub. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib.  Aprel şəhidlərinin xatirəsinə həsr olunan bu layihənin açılış mərasimində dövlət rəsmiləri, media nümayəndələri, idmançılar, Aprel qaziləri, ehtiyatda olan zabitlər, “İrəli” İB üzvləri iştirak edib. Tədbir iki hissədən ibarət olub. Tədbirin I hissəsində Qarabağ müharibəsi veteranı,  siyasi ekspert Arzu Nağıyev çıxışında qeyd edib ki, bu gün Azərbaycan Ordusu ən müasir silah və texnologiyalarla təchiz olunur.  Azərbaycan kimi gənc bir dövlətin ordusunun dünyanın ən güclü orduları sırasında olması asan başa gələn məsələ deyil. Bu, hər bir azərbaycanlı üçün qürurvericidir. Ölkəmizin keşiyində duran əsgərlərlə birlikdə gənclərimiz də bayrağımızın yüksəklərdə dalğalanması üçün çiyin-çiyinə birləşib. Daha sonra Aprel Qaziləri-leytenant Müzəffər Bahadurov, Ehtiyatda olan zabit, baş leytenant Loğman Məmmədov, Ehtiyatda olan gizir Elməddin Ağayev, Ceyhun Alıcanov çıxış edərək bildiriblər ki, Aprel doyüşləri xalqımızın şanlı tarixidir. 3 il əvvəl aprel ayında həm qəmli, həm də qürurlu hadisələr yaşandı. Azərbaycanın qüdrətli ordusu düşmənə öz gücünü göstərdi. Bayrağımız Cocuqmərcanlıda dalğalandı. Vaxtilə ərazilərindən didərgin düşmüş vətəndaşlarımız öz torpaqlarına geri döndü. İnsanların gözlərindəki kədərə son qoyuldu, üzlərində təbəssüm yarandı. Bu təbəssümün yaranmasında isə vətənimizin mərd oğullarının qanı var. Torpağ altında, düşmən gülləsinə sinələrini sipər edən igidlərimizin sayəsində bu gün Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı  bizdədir. Bu yerlər strateji cəhətdən ölkəmiz üçün olduqca mühim və vacib yerlər idi. Bunu isə hər bir hərbi qulluqçu bilirdi. Döyüş başlayanda hər bir əsgər və zabitin gözlərində, ürəklərində vətənə olan sevgi onların düşmənə öz yerlərini bildirmələrilə nəticələndi. Düşmən Azərbaycanın gücünü hiss etdi. Aprel döyüşü bütün dünyaya ordumuzun gücünü sübut etdi. Ehiyyatda olan Mayor, Hərbi jurnalist Rahib Qərib çıxış edərək bildirib ki, müstəqillik dövrümüzdən əvvəl hərbi vəziyyət bərbad vəziyyətdəydi. Yeni müharibədən çıxmış bir ölkəni bu qədər tez ayağa qaldırmaq asan deyildi. Yavaş yavaş hərbi texnikalar alındı, hərbçilərimiz təlimlərdə iştirak etməyə, öyrəndiklərini ordumuzda tətbiq eləməyə başladılar. Bu da ordunun güclənməsinə gətirdi çıxardı. Müasir dövrümüzdə ordumuza nəzər saldıqda bir vətəndaş olaraq qürur duyuruq. Ən son silahlarla silahlanmış ordumuz düşmənə öz gücünü göstərir. Tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışında ölkədə idman sahəsinin gənclərin sağlamlığı üçün olan əhəmiyyətindən danışıb. Aprel döyüşləri haqqında danışan nazir müavini qeyd edib ki, Aprel döyüşləri sübut etdi ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycanda təşkil edilən yarışlar ən yüksək səviyyədə həyata keçirilir. Bu günün  və sabahın gənci tariximizə, mədəniyyətimizə sahib çıxan fiziki sağlam gənclik olmalıdır-deyə nitqində bildirib.  Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov iştirak edib. Fərid Cəfərov çıxışı zamanı qeyd edib ki, Azərbaycan əsgəri aprel ayının əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənin layiqli cavabını verdi. Bu, ölkədə hərbi-texniki bazanın gücünün və Azərbaycan əsgərinin vətən sevgisinin, iradəsinin və ona inanan xalqın birliyinin nəticəsi idi. Biz bu gün ölkə gəncliyinin vətən torpağının tam olması uğrunda mübarizəsinə, Azərbaycan gəncinin beynəlxalq arenada, idman yarışlarında Azərbaycan himninin səsləndirildirilməsinə nail olmasına şahid oluruq. Çıxış edən “İrəli” İctimai Birliyinin sədri MirHəsən Seyidov Azərbaycan bayrağının beynəlxalq arenada qürurla dalğalanmasında idman sahəsinin xüsusi önəmi olduğunu qeyd edib. “Vətənpərvərlik təkcə cəbhədə döyüşməklə bitmir, həm də beynəlxalq arenada ölkəmizi müxtəlif idman oyunlarında təmsil etməklə bu missiyanı layiqincə yerinə yetirməkdir. Layihə eyni zamanda Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub. Aprel döyüşləri mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq və siyasi arenada da bütün diqqətləri bu münaqişəyə cəlb etdi. Döyüşlərdə Azərbaycan Ordusunun inamlı qələbəsi sübut etdi ki, atəşkəs sazişinin imzalanmasından ötən dövr ərzində Azərbaycan öz ordusunu gücləndirib, ən müasir hərbi texnika, silah-sursatla təchiz edib” -deyə “İrəli” sədri bildirib.   Daha sonra püşkatma mərasimi keçirilib və təsadüfi püşkatma nəticəsində seçilən komandalar 6 aprel tarixindən etibarən layihəni əhatə edəcək Futbol, Voleybol, Səmti müəyyənetmə, Yüngül atletika, Paintball, Atıcılıq, Velosiped idman növləri üzrə yarışacaqlar. Gənclərin şəxsi təşəbbüsləri ilə formalaşdırılacaq olan qruplar arasında püşk atmadan dərhal sonra  1/8, 1/4, yarımfinal və final mərhələləri oyunları keçiriləcəkdir. “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsi 7 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçirələcək idman çempionatıdır. Adı çəkilən layihədə  1000-dən artıq gənc iştirak edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2  maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. “İrəli” İctimai Birliyi dövlət proqramının alt sənədinə uyğun olaraq “Gənclər Kuboku: Aprel Zəfəri” layihəsini həyata keçirir.

Paylaş: