Ça. Noy 19th, 2019

Məhkəmə-hüquq islahatları haqda FƏRMAN nəyi dəyişəcək? – Hüquqşünasdan AÇIQLAMA

“Azərbaycan Prezidenti tərəfindən imzalanan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərman ilk nöbədə ölkədə həyata keçirilən iqtisadi, sosial islahatların, köklü transformasiya proseslərinin daha uğurlu nəticələr verməsi üçün hüquqi təminat yaradılması və ölkənin hüquq, ədalət mühakiməsi sistemininin meydana çıxa biləcək çağırışlara adekvat olması baxımından mühüm əhəmiyyətə malikdir”. 

Bunu “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

Hüquqşünasın sözlərinə görə, bu Fərman indiyə qədər məhkəmə-hüquq sistemində aparılan islahatları tamamlayan, eyni zamanda mütərəqqi dəyişikliklər, islahatların yeni mərhələsini şərtləndirən bütöv islahat konsepsiyası, “Yol xəritəsidir”:

 
“Konseptual olaraq bu Fərmanda bütövlükdə ədalət mühakiməsi sisteminə baxışın dəyişilməsi nəzərdə tutulur. Məhkəmələr, məhkəmə sistemi yalnız hakmiyyət qolu deyil, eyni zamanda cəmiyyətdə ədalətin təmin olunması, ən başlıcası harmonik, dayanıqlı inkişafa təsir göstərən, bərabərliyi, hüquq və azadlıqların qorunmasını həyata keçirən ali instansiyadır. Müasir dövrdə məhkəmələrin texniki institut kimi nəzərdən keçirilməsi yanlış olardı. Məhkəmələrin fəaliyyəti bütövlükdə cəmiyyət miqyasında təsirə malikdir və xeyli dərəcədə mühitin, ab-havanın formalaşmasına təsir göstərir. Dövlətin sarsılmaz təməli ədalət olmalıdır. Bu Fərmanda məhz yanaşma əsas götürülüb. Müasir dövrün rus publisistlərindən biri qeyd edir ki, Femidanın gözlərindəki qara bağlama şəffaf olsaydı, ədalət daha çox təmin olunardı. Bu obrazlı ifadə ona işarə vurur ki, ədalət mühakiməsi sistemi daha şəffaf, açıq, müasir texniki imkanlara, təkmil normativ bazaya, öz nüfuzunu, etibarını qorumaq üçün alət və mexanizmlərə malik olmalıdır”.

Ə.Nuriyev Fərmanda əsas konseptual məqamları kimi aşağıdakı kimi qruplaşdırıb:

1. Məhkəmə hakimiyyətinin ictimai həyatın bütün sferalarında rolu və təsiri artacaq. Məhkəmə hakimiyyətinin nufuzu, ona ictimai etimadın artması, eyni amanda məhkəmə sisteminin daxildən transformasiyasına nail olunacaq.

2. Əldə olunan təcrübə nəzərə alınmaqla qabaqcıl praktikaları tətbiq etməklə ədalət mühakiməsi sisteminin səmərəliliyi, müstəqilliyi, şəffaflığı və hesabatlılığının artırılmasına nail oluncaq

3. Ədalət mühakiməsi sisteminin institusional əsasları inkişaf etdiriləcək və yaxşılaşdırılacaq. Ədalət mühakiməsi sisteminin keyfiyyətli və səmərli işləməsi, şəfaffalıq və hesabatlılığın təmin edilməsi üçün müvafiq infrastruktur elementləri formalaşacaq. Həmçinin daha əlverişli mühit təmin edələcək

4. Ədalət mühakiməsinin əlçatanlığı, vətəndaşların keyfiyyətli hüquqi yardıma olan ehtiyaclarının daha yaxşı qarşılanması üçün mövcud mexanizmlər təkmilləşdiriləcək

5. Əvvəlcədən sövdələşmələri, kənar müdaxilələrin qarşısının alınması üçün yeni alətlər tətbiq ediləcək

6. Hakimlərin müstəqliyinin əsasları möhkəmləndiriləcək

7. Ədalət mühakiməsi sisteminin inkişafına əlavə təkan veriləcək

8. Ədalət mühakiməsi sisteminin informasiya-kommunikasiya texnologiyları ilə təmin etməyə, şəffaflıq və hesabatlılıq üçün yeni texniki imkanlar yaradılmasına nail olunacaq. (modern.az)

Paylaş: