Ça. Okt 15th, 2019

Real islahatlar üçün nələr edilməlidir? – Qubad Ibadoğlu yazır – TƏHLİL

Son dövrlər “islahatların dərinləşməsi və ya bütün sahələrdə dərin islahatlar aparılması” ifadələri siyasi gündəliyı zəbt etməkdədir. Bu məqsədlə dövlət başçısı çoxsaylı fərmanlar imzalayır, sərəncamlar verir. Odur ki, istərdim ki, onların islahat olmasını dəyərləndirmək üçün islahat sözünün termin kimi özündə ehtiva etdiyi məsələlərə diqqət çəkim.

Öncə onu qeyd edim ki, islahat toplumun ehtiyaclarına, zamanın gərəklərinə görə idarəçiliyin yenidən düzənləməsi mənası verir. İslahat sistemin, davranışların yaxşılaşmasına, siyasət dəyişiklikləri vasitəsilə yeni qayda və vərdişlərə gətirib çıxarmalı, mövcud problemlərin həlli ilə nəticələnməlidir.

Məsələn, islahatlar üçün ən yaxşı örnəklərdən biri dövlət tələbə qəbulunda test sisteminin tətbiqi və yaxud “ASAN Xidmət”lərin yaradılması sayıla bilər. Test sistemi tələbə qəbulunda, ASAN dövlət xidmətlərində korrupsiyanı aradan qaldırdı. Amma son zamanlar imzalanan fərmanlar, verilən sərəncamlar yalnız cari problemlərin qısa müddətli dövründə həllini hədəfləyir.

Bəs onda islahatlar üçün nələr edilməlidir?

İlk növbədə siyasi iradə nümayiş etdirməlidir. Məsələn, bu gün prezident idarəetmədə korrupsiyanın qarşısını almaq üçün dövlət məmurlarının, parlament üzvlərinin, prokurorların, hakimlərin gəlir və əmlakının bəyan edilməsi ilə bağlı fərman verir, ertəsi gün özü və ailə üzvləri bəyyannaməni doldurub mətbuatda dərc etdirir. 


İkincisi, islahatlara ictimai dəstəyin qazanılması üçün məmur-sahibkar nomenklaturanı dövlət idarəçiyindən kənarlaşdırır, onları milli-mənəvi dəyərlərə sadiq olan islahatçı əhval-ruhiyyəli dürüst və peşəkar kadrlarla əvəzlənir.

Üçüncüsü, islahat üçün nəzərdə tutulan istiqamətlər üzrə ictimai ehtiyaclar, müstəqil ekspertlərin rəyləri öyrənilir, onların təkliflər nəzərə alınan proqram və konsepsiya əsasında fərmanlar verir. Məsələn, “məhkəmə islahatlarına” start verilməmişdən əvvəl müstəqil hüquqşünaslarla görüş keçiririlir, onların təklifləri toplanılır. 
Göründüyü kimi, indəyə qədər olan mərhələdə islahat deyil, cari problemlərin həllinə cəhdlərdən danışıla bilər ki, hətta onların da həlli bir çox hallarda icranın effektivliyindən asılıdır.

Paylaş: