Ç. Noy 13th, 2019

Trampın ucuz dollar savaşı: Qarşıdurma hara aparır?

ABŞ-da prezident administrasiyası ilə ölkənin Mərkəzi Bankı arasında dolların faiz dərəcəsinin artırılıb-artırılmaması məsələsi ətrafında mübarizə davam edir.

ABŞ prezidenti Donald Tramp FED rəhbərini faiz artırdığına görə, tənqid edir.Bank rəhbərliyi isə buna məhəl qoyulmayacağını bəyan edir.Növbəti açıqlama isə ABŞ Mərkəzi Bankının (Fed) Minneapolis şöbəsinin sədri Neel Kashkaridən gəlib. O, Trampın danışa biləcəyini, ancaq FED-in öz hədəflərinə fokuslandığını bildirib.

Kaşkari çıxışında, “Prezidentlər istədiklərini söyləməkdə azaddırlar və sizə böyük bir inamla deyə bilərəm ki, iş yoldaşlarım və mən bunları nəzərə almırıq. Statistik göstəricilərə fokuslanmışıq.Gələn məlumatlara əsaslanaraq və Konqresin tapşırdığı məqsədlərə əsaslanaraq, ən yaxşı qərarı verməyə çalışırıq”– deyib.Belə olduğu üçün də dolların faiz dərəcələrinin artıb-artmayacağı maraq doğurur.ABŞ Mərkəzi Bankının faiz qərarı, xüsusilə dollarla ticarət dövriyyəsi böyük olan ölkələrin maraq dairəsindədir.

İqtisadçı Pərviz Heydərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Amerika iqtisadiyyatı 2009,  2010-cu illərdə baş verən qlobal iqtisadi və maliyyə böhranlarından çıxdıqdan sonra ilk dəfə 2015-ci ildə faiz dərəcələrini qaldırmağa başladı: 

“Bu ildən bəri FED ardıcıl olaraq faiz dərəcələrini artırmaqla 2.25 – 2,5 səviyyəsinə çatdırıb. FED maliyyə vasitələrinin kredit resursları üzrə qaldırması Amerika iqtisadiyyatındakı uğurlarla bağlı idi. İşsizlik səviyyəsinin aşağı enməsi, ÜDM-in artım tempi, inflyasiya səviyyəsi və s. hökumətin nəzərdə tutduğu hədəflərdə qeydə alındığı üçün FED də hər dəfə faiz dərəcələrini artırmaqla kredit resurslarında dolların qiymətini bahalaşdırmaq siyasəti yürüdürdü”.

İqtisadçı bu məsələdə Tramp administrasiyası tərəfindən FED rəhbərliyinin dəfələrlə tənqid olunduğunu xatırlatdı: 

“Donald Tramp FED-in hazırkı rəhbərini ABŞ iqtisadiyyatının düşməni adlandırıb. 2019-cu il başlanandan ABŞ iqtisadiyyatında qeyd etdiyim göstəricilər hiss olunacaq dərəcədə əvvəlki sürəti nümayiş elətdirmir. Ona görə də FED mart ayındakı toplantısında gözlənildiyi kimi uçot dərəcəsinə toxunmadı. Halbuki, FED rəhbərliyi ötən ilin axırlarında uçot dərəcəsinin artırılmasının davam edəcəyini bildirmişdi.Hadisələrin gedişatı göstərir ki, ABŞ iqtisadiyyatında artım templərində durğunluq nümayiş olunarsa, çox güman ki, FED uçot dərəcələrinin artırılması siyasətini tədricən yumşaldacaq”.  /Cebhe.info/

Paylaş: