Ca. Dek 12th, 2019

Fazil Mustafadan ŞOK SÖZLƏR: “Bu şəxs partiyasının adını “Azad Siğə Partiyası” etsin”

“Cəmiyyətdə siğəyə qarşı çıxanlar onu əxlaqsızlığa sürükləyən qüvvələrdir!” Bunu özünü Demokratik İslam Partiyasının sədri adlandıran şəxs deyir. Quranda heç bir yerdə siğə anlayışı yoxdur, muta nikahı deyilən nikah növü tanınmır. Bu qonşu ölkələrdə uydurulmuş, İslama calaq edilmiş, fahişəliyin dini vacibat olduğunu təbliğ etmək üçün düşünülmüş gedişlərdən biridir. Kişilərin tanımadığı qadınlarla, qadınların da tanımadığı kişilərlə 1-2 saatlıq seksual münasibətlərini siğə adı ilə müqəddəsləşdirməyə çalışırlar”.

Bu barədə millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, hələ bir neçə dəqiqə zəhmət çəkib seksual prosesin salamatlığı üçün vacibatdan öncə çeşidli dualardan birini də oxuyurlar: “Halbuki, bunun adı İslamda zinakarlıq kimi vurğulanır. Müasir hüquq sistemimiz isə bunu nikahdankənar münasibətlər kimi tanıyır. Xatırlayırsınızsa, Şeyx Nəsrullah da “Ölülər”də 9 yaşlı qız uşaqlarına təcavüz edəndə məhz siğənin kəramətini xatırlatmışdı. Dünənsə, yəni aprelin 7-i Azərbaycan adlanan məmləkətin tarixində qlobal bir şüur dəyişikliyi etmək üçün yola çıxan Mirzə Cəlilin öndərliyində “Molla Nəsrəddin”in “Sizi deyib gəlmişəm!” hayqırtısının başlandığı gün idi. Eşidildimi o hayqırtı? 21-ci əsrdən bir də dönüb geriyə baxdığınızda görəcəksiniz ki, demokratiyanın da, İslamın da imitasiyasını yaşayaraq, qoca Molla Nəsrəddinin bütün sözlərini qulaqardına vurmuşuq”.

F. Mustafa qeyd edib ki, qonşu Şərq ölkələrində mövcud olan murdarlıqları İslam adı ilə bu cəmiyyətə gətirmək istəyənlərə qarşı dirənişimizi göstərməliyik.
“Bu nadanlara söyləməliyik ki, İslam dini ona görə nikahı ali dəyərlərdən biri kimi təqdim edib ki, ailə təməli möhkəm olsun, cəmiyyətdə əxlaqsızlıq, fahişəlik baş alıb getməsin. Qonşu ölkələrdə siğənin rəsmiləşdirilməsinin əsas səbəbinə diqqət yetirsəniz görərsiniz ki, yüzminlərlə atası bəlli olmayan uşaqları təhlükəsizlik orqanlarına, gizli ordu birliklərinə, kəşfiyyat qruplarına cəlb etmək daha əlverişlidir. Çünki arxasınca valideyn gəlməyən bu uşaqları ən çətin şərtlərdə xüsusi təlim vermək, onları müəyyən məqsədlər üçün militan kimi yetişdirmək daha asan olur. Digər tərəfdən isə siğə mollaların, dinçi kütlənin kütləvi əxlaqsızlığının ört-bas edilməsi üçün nəzərdə tutulub. Ona görə də bu şəxs gərək dərhal qurultay keçirib öz partiyasının adını “Azad Siğə Partiyası”na çevirsin… O halda bizlərin həm İslam adına, həm də demokratiya adına hansısa bir irad səsləndirməyə bəhanəsi qalmaz”, – deyə millət vəkili vurğulayıb. (publika.az)

Paylaş: