Ça. Dek 10th, 2019

Bakıda direktordan “ÖZƏL” ADDIM: pəncərələri şuruplatdı – FOTO

Məktəblilərin intihar təhlükəsinə qarşı 22 nömrəli məktəbin rəhbərliyi maraqlı üsula əl atıb.

Sabunçu rayonunda yerləşən 22 nömrəli məktəbin direktoru Azər Ələkbərov 162 nömrəli məktəbdə baş verən 8-ci sinif şagirdinin ölümü ilə nəticələnən intihar hadisəsindən təsirlənərək məktəbin bütün pəncərələrinin dəstəyini çıxartdırıb.

Bu haqda sosial şəbəkədəki səhifəsində məlumat paylaşan direktor bildirib ki, bütün pəncərələrin dəstəyini çıxarmaqla yanaşı, həm də hamısının birdəfəlik şuruplanması və bağlanması tapşırığı verib.

Pəncərələr birdəfəlik şuruplansa da, otaqların havalandırılması üçün nəfəsliklərdən istifadə edilir.

Məktəb rəhbərliyi bildirib ki, hətta dəfələrlə və israrla hündürmərtəbəli məktəb binalarında pəncərələrin dəmir barmaqlıqlarla bağlanmasına icazə verilməsi üçün aidiyyəti qurumlara müraciət edib.

Direktor bildirib ki, təkcə intiharlar məqsədilə deyil, uşaqların dərsdən qaçmaması üçün də bu addım atılmalıdır.

Lakin mütəxəssislər hesab edir ki, məktəblərdə bu cür neqativ və bədbəxt hadisələrin qarşısını almaq məqsədilə pəncərələrin birdəfəlik şuruplanması və dəmir barmaqlıqlarla bağlanması olduqca təhlükəlidir. Bu, intihar kimi halların qarşısını alsa da, yanğın və ya bina daxilində baş verə biləcək hər hansısa hadisə zamanı bədbəxt hadisələrin yaşanmasına səbəb ola bilər.

Mütəxəssislər hesab edir ki, məktəbdəki şagirdlərin təhlükəsizliyi üçün bina daxilində mühafizə və nəzarət gücləndirilməlidir. Kamera sisteminə xüsusi diqqətlə saxlanılmalıdır ki, hər hansısa hadisə baş verən an yeri müəyyən edilərək müdaxilə edilsin.

Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. O, 6 aprel tarixində yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.(axar.az)

 

Paylaş: