Be. Dek 16th, 2019

Dünyanın ən varlı qadınları: onlar kimlərdir və necə varlanıblar?

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək. Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

MacKenzie Bezos Amazonda 4 faizlik paya sahib olacaq. Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə MacKenzie dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var? Bu siyahıya onlar necə daxil olublar?

1. Françoise Bettencourt-Meyers

Françoise Bettencourt-Meyers

Sərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Françoise kimdir?

Sərvəti ona anasından miras qalıb – Liliane Bettencourt L’Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Françoise şirkətdə 33 faiz paya sahibdir. Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də. Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər. Onların əlaqələri Liliane Bettencourtun ölümündən bir neçə il əvvəl bərpa olunub.

65 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Walton

Alice Walton

Sərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Valton Valmart supermarketlər şəbəkəsinin sahibi Sam Valtonun yeganə qızıdır. İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub. Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. MacKenzie Bezos

Jeff və MacKenzie Bezos

Sərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

MacKenzie Bezos kimdir?

MacKenzienin 48 yaşı var. Jeff Bezos-la 1993-cü ildə evləniblər – hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var. Qızlıq soyadı Tuttle olan MacKenzie əslən Kaliforniyadandır, Amazonun ilk işçilərindəndir. İki roman yazıb. Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.

4. Jacqueline Mars

Jacqueline Mars
Sərvəti: 23,9 milyard dollar. Ən ən varlı adamlar siyahısında 33-cü yerdədir. Amma Bezosların boşanmasından sonra bir pillə geriləmiş ola bilər.

Jacqueline kimdir?

79 yaşlı Jacqueline Mars Mars şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur Mars şokoladlarını istehsal edir. “Mars” 1911-ci ildə Jacquelinein babası Frank Mars tərəfindən qurulub. Jacqueline şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Washington Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür. “Mars” ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.

5. Yan Huiyan

Sərvəti: 22,1 milyard dollar. Çinin ən varlı qadını, dünyanın 42-ci varlı adamıdır.

Yan kimdir?

Country Garden Holdings adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, Country Garden Holdings böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür. Yan Huiyan Ohayo Universitetində oxuyub. Şirkət səhmlərinin 57 faiz-i ona atasından miras qalıb.

6. Susanne Klatten

Susanne Klatten

Sərvəti: 21 milyard dollar. Ən varlı adamlar siyahısında 42-ci yerdədir.

Susanne kimdir?

56 yaşlı Almaniya sakini əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50 faizi ona miras qalıb. O və qardaşı BMW şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Susanne Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

7) Laurene Powell Cobs

Laurene Powell Jobs

Sərvəti: 18,6 milyard dollar. Ən varlı adamlar siyahısında 54-cü yerdədir.

Laurene kimdir?

Apple şirkətinin qurucularından biri olan Steve Cobsun arvadı. Ərinin ölümündən sonra Laurene və onun ailəsinə Apple və Disney şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb. Bundan sonra 55 yaşlı Laurene jurnalistika sahəsinə investisiya qoyaraq Atlantic jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, Mother Jones və ProPublicaya da vəsait qoyub. Laurene təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir. (BBC Azərbaycanca)

Paylaş: