Bz. Okt 20th, 2019

Hidayətin “Bu dünyanın adamları” əsəri – Bişkek səhnəsində anşlaq

Bişkek səhnəsində anşlaq: Hidayətin “Bu dünyanın adamları” əsəri Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrında böyük uğurla nümayiş etdirilir.
Qırğızstanın paytaxtı Bişkekdə Çingiz Aytmatov adına Rus Akademik Milli Dram Teatrının səhnəsində hazırlanmış Hidayətin “Bu dünyanın adamları” tragikomediyası uğurla göstərilir.
Tamaşanın premyerasından öncə çıxış edən teatrın bədii rəhbəri Akimbek Tekeşov bildirib ki, 1982-ci ildə Hidayətin yazdığı bu qəmli komediya o vaxtlar televiziya tamaşası ilə təqdim edilib, lakin məlum mövcud rejimi tamaşanı dərhal bağlayaraq təkrar göstərilməsinə icazə verməyib. Əsərin ən böyük uğurları Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrünə təsadüf edib. Gələn il 150 illiyi yubileyini qeyd edən, Müsəlman Şərqinin ilk peşəkar teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində məşhur aktyorların ifasında əsər 116 dəfə oynanılmışdır. Qafqazda ilk rus teatrı olan Səməd Vurğunun adına Azərbaycan Dövlət Rus Akademik Dram Teatrında uzun illər tamaşası “Mənzil” adı ilə göstərilib. Azərbaycanın digər teatrlarında uğurlu tamaşaları vardır. Həmçinin əsər Türkiyənin məşhur Ankara Bələdiyyə teatrında səhnələşdirilib.
Tamaşanın quruluşçu rejissoru Valeriy Kraynov, quruluşçu rəssamı Jumabek Bazarbayev, bəstəkar Azərbaycanın xalq artisti Eldar Mansurovdur.
İkihissəli səhnə əsərində Qırğızstanın Xalq artistləri Anatoliy Adali, Larisa Lyubomudrova, Əməkdar artist Bolot Tentimışov, teatrın gənc istedadlı, aparıcı aktyorları Vladimir Kislyak, Stanislav Kasyanov, Aleksandr Lebedev, Vyaçeslav Sova, Olqa Osokina, Mark Qlikman, Viktoriya Şarqunova, Boqdan Stepanyuk, Anastasiya Malkova, Aleksandra Masyaqina və Nikita Salimbayev rol alıb.
Müxtəlif millətlərin təmsilçiləri ilə dolu olan salon tamaşanı bir nəfəsdə seyr edirdi. Salonda tam anşlaq idi.
Qırğız Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları, Qırğızstanın tanınmış ictimai və mədəniyyət xadimləri, görkəmli ziyalıları, diasporamızın üzvləri, ən əsas kütləvi informasiya vasitələrinin nümayəndələri tamaşaçılar arasında idilər.
İzlədikləri səhnə əsərindən çox böyük zövq aldıqlarını söyləyən qonaqlar, hadisələr bir-birini əvəz etdikcə tamaşaçıda da həyəcanın artdığını, iki hissəli tragikomediya janrında qoyulmuş tamaşa çox yüksək dərəcədə hazırlandığını və aktyorlar tamaşanı böyük ustalıqla oynadığını vurğulayıblar.
Tamaşası sonrakı premyeraları böyük uğurla nümayiş etdirilir və Bişkek tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanır.
Müəllif ilk tamaşadan sonra ərsəyə gətirilən tamaşa üçün peşəkar yaradıcı kollektivə təşəkkürlərini bildirib, onlarla xatirə şəkili çəkdirib.
Qırğızıstanın İctimai Teleradioyayım Korporasiyasının “Ala-Too 24” proqramında, həmçinin “NTS”, “ELTR” televiziya kanallarında tamaşadan süjetlər nümayiş etdirilib. Ölkənin ən populyar qəzeti olan “Veçerniy Bişkek”də görkəmli jurnalist Nina Nikipirovanın “Maskalar yırtıldı” adlı samballı məqaləsi çap olunub. Bundan başqa, Qırğızıstanın “Kabar”, ”For.kg”, “Knews.kg”, “24.kg” və digər KİV-ləri bu premyeranı ölkənin mədəni həyatında əlamətdar hadisə kimi təqdim ediblər.
Aida Eyvazova

Paylaş: