Be. Dek 9th, 2019

İstanbulda gərginlik: polis seçki ilə bağlı əməliyyata başladı

İstanbulda bələdiyyə seçkiləri ilə bağlı gərginlik davam edir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, AKP-nin İstanbulda keçirilən  seçkilərdə saxtakarlıq olunduğu iddiası əsasında bu gün səhərdən polis qüvvələri şəhərdə əməliyyata başlayıb.

Xatırladaq ki, AKP İstanbulda, xüsusi ilə ən çox səs itirdikləri şəhərin Böyükçəkməcə rayonunda keçirilən seçkilərdə kənar rayonlardan 11 min 186 seçicinin saxta yollarla iştirak etdiyini iddia edib: “Həmin seçicilər seçkidən xeyli əvvəl planlı şəkildə bu rayona qeydiyyata salınsalar da, faktiki bu rayonda yaşamır, işləmirlər. Bunlar bir mütəşəkkil planlamadır”.

Məhz bu açıqlamadan sonra AKP-nin müraciət ilə İstanbul şəhər Polis İdarəsi bu gün səhər həmin rayonda əməliyyata start verib: “Hazırda polis həmin seçicilərin o evlərdə yaşayıb-yaşamadığını yerində müəyyən etmək üçün evləri yoxlayır”.

Qeyd edək ki, İstanbulda seçkini CHP-li namizəd Əkrəm İmamoğlu qazanıb. AKP-nin etirazlarından sonra etibarsız hesab olunan bülletenlərin sayılmasından sonra o, AKP-nin namizədi Binəli Yıldırımı 16 min səs civarında qabaqlayır. (Strateq.az)

Paylaş: