Ça. Dek 10th, 2019

Putinin aşpazı: Azərbaycan plovu hazırlamağı çox istərdim

Rusiyanın birinci şəxsləri, o cümlədən, Medvedev və Putinin hakimiyyəti dövründə işləmiş tanınmış Kreml aşpazı Anatoli Qalkin Azərbaycanın şah plovunu hazırlamaq istədiyini dilə gətirib.

Bu barədə o, “Daily Storm”a verdiyi müsahibədə danışıb.

“Mən insanları, ələlxüsus yaxşı yemək bişirən insanları sevirəm. Kimsə yaxşı insandırsa, üstəlik, yaxşı yemək bişirməyi bacarırsa, deməli, möhtəşəm insandır. Onun üçün yemək bişirmək heç vaxt əziyyət sayıla bilməz.

Deyək ki, dostunuz və ya rəfiqənizgilə qonaq gəlmisiniz, qabağınıza dadlı və gözəl təamlar qoyublar. Demək, həmin evdə sizi, həqiqətən, gözləyirdilər. Həmin evdə sizin xətrinizi çox istəyirlər. Orada sizi görməyə hər zaman hazırdırlar. 

Bizim peşədə ən vacib olan budur. Kimin üçünsə şorba bişirmişəmsə və mənə “Allah canını sağ eləsin” deyirsə, özümü çox xoşbəxt hiss edirəm. Bizim üçün ən vacib olandır.

Mənim artıq 60 yaşım var, arzuladıqlarımın heç yarısını həyata keçirməmişəm. Mənim həyatımda bir çox şeylər ərəblər, azərbaycanlılar, Şərqlə bağlı olub. Ona görə çox yaxşı, dadlı Azərbaycan şah plovu hazırlamaq istəyirəm. 

Mən artıq onu bir sıra yüksək vəzifəli insanlar üçün bişirmişəm, kifayət qədər yaxşı alınıb. Ancaq düşünürəm ki, bundan da yaxşısını bişirə bilərəm”, – deyə Kreml aşpazı bildirib.(oxu.az)

Paylaş: