Be. Dek 9th, 2019

UNİCEF: Dünyada 175 milyon uşaq məktəbə hazırlıqdan kənarda qalır -HESABAT

Dünyada 175 milyondan çox uşaq məktəbə hazırlıq prosesindən kənarda qalır. Onların da yarıya qədəri elə məktəbə hazırlıq yaşındadır. Beləliklə, bu uşaqlar ta başlanğıcdan dərin bərabərsizlikdən əziyyət çəkirlər, vacib sərmayə imkanı da əldə buraxılır. Türküstan.info azadlıq.org-a istinadən xəbər vrir ki, UNICEF aprelin 9-da açıqladığı yeni hesabatında belə deyir.

Qurum azgəlirli ölkələrdə mənzərənin daha acınacaqlı olduğunu bildirir, hər 5 uşaqdan yalnız biri məktəbəhazırlığa cəlb olunur.

“Öyrənməyə hazır dünya: Erkən uşaqlıq dövründə keyfiyyətli təhsilə önəm verilməsi” adlı hesabat UNICEF-in hazırladığı ilk belə qlobal sənəddir.

Qurum bildirir ki, məktəbə hazırlıq prosesindən keçən uşaqlar bu prosesdən kənar qalanlardan iki dəfə artıq oxuma-yazma bacarıqlarına yiyələnə bilirlər. Məsələn, Nepalda, məktəbə hazırlıq proqramlarından keçən uşaqlar həmyaşıdlardan 17 dəfə artıq bacarıqlı görünürlər.

Hesabata görə, ailənin imkanları, anaların təhsil səviyyəsi, coğrafi məkan da uşaqların məktəbə hazırlığında əsas rol oynayır. Ancaq yoxsulluq ən böyük müəyyənləşdirici faktordur.

64 ölkədə ən yoxsul ailələrin uşaqları ən varlı ailələrə baxanda erkən təhsil proqramlarına yeddi dəfə az cəlb olunurlar. Bəzi ölkələrdə yoxsul-varlı fərqi daha qabarıq görünür. Məsələn, Şimali Makedoniya Respublikasında ən varlı ailələrin uşaqları ən yoxsullardan 50 dəfə artıq məktəbə hazırlıq prosesinə cəlb olunurlar.

Uşaqların erkən təhsilə cəlbinə münaqişələr də təsir göstərir. Elə məktəbə hazırlıq yaşında olanların üçdə ikisindən çoxu münaqişə, yaxud fəlakətin təsirinə məruz qalanlardır. Di gəl, məktəbə hazırlığın elə bu uşaqlara çox böyük faydası var. Belə ki, təhsil prosesi uşaqların böhranlar zamanı aldıqları travmalara üstün gəlməklərinə kömək edir.

Paylaş: