Ça. Noy 19th, 2019

“Müxalifətin borcu belə fikirləri səsləndirməkdir” – Deputat AŞPA-dakı dinləmə HAQDA…

Aprelin 9-da Strasburqda Avropa Şurasının Parlament Assambleyasının yaz sessiyası çərçivəsində AŞ PA-nın Monitorinq və Hüquqi Məsələlər və İnsan Hüquqları komitələri Azərbaycanda siyasi məhbus problemi ilə bağlı dinləmələr təşkil edib. Dinləmələr ölkəmiz adına kifayət qədər sərt keçib və bir sıra məqamlar diqqət çəkib.

Tədbir haqqında danışan Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bildirib ki, Azərbaycanda son zamanlar baş verən proseslər, siyasi məhbusların əfv olunması təqdirlə qarşılanmalı idi:

“Siyasi məhbusların əksəriyyətinin azadlığa çıxması barədə müsbət rəylər səsləndirilməli idi. Amma ayrı-ayrı ölkələr var ki, Azərbaycanın adını hər dəfə səsləndirməyə meyllənirlər. Ümumilikdə belə tendensiya genişlənmədi. Çünki Novruz bayramında geniş əfvin həyata keçirilməsi AŞPA-dakılar tərəfindən də yüksək qiymətləndirildi. Sadəcə Ermənistanın mövqeyi möhkəmləndirmək məqsədilə bəzidövlətlər fərqli addımlar atırlar. Bütövlükdə isə, tənqidlər indiki mərhələdə çox da əsaslı deyil”.

Azərbaycanlı müxalifət nümayəndələrinin də dinləmələrə qoşulmasına gəlincə, Fazil Mustafa deyib ki, ümumi nöqsanlar hər yerdə var və müxalifətin borcu belə fikirləri səsləndirməkdir:

“Əsas odur ki, məlumatlarda təhriflər olmasın. Reallıqları əks etdirsin. Ümumiyyətlə, mən bu fikirdəyəm ki, siyasi adla tanınan kimlərinsə həbs olunması yaxşı hal deyil. İndi də belə durum varsa, mütləq həll edilməlidir. Amma kimlərinsə tənqidinin qərəzli xarakter daşıması işin xeyrinə deyil. Əksinə real durumun tənqidi iqtidarın özü üçün də faydalıdır – müəyyən nəticə çıxarılar, neqativ hallar varsa, aradan qaldırıla bilər”.(modern.az)

Paylaş: