Ç. Dek 11th, 2019

Trampın ani Türkiyə qərarının PƏRDƏARXASI – Nə baş verir?

ABŞ Prezidenti Donald Trampın qəfil Ağ Evdə Türkiyənin Maliyyə naziri Barat Albayrağı qəbul etməsi bir neçə məsələdən xəbər verir.

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

O, ABŞ Prezidenti Donald Trampın türkiyəli nazirlə görüşü ilə bağlı vacib məqamlardan bəhs edib:

“Birincisi, ABŞ-ın hazırkı prezidenti əsl ticarətçi olduğundan Rusiyadan alacağı S-400 raketlərinə görə Türkiyəni və bu ölkənin böyük bazarını itirmək istəmir. Məsələ burasındadır ki, Pentaqon Türkiyəyə F-35 hərbi təyyarələrini satmaqdan imtina etsə, bu, ABŞ üçün milyardlarla dollar itki olacaq. Tramp isə bu itki ilə razılaşmaq istəmir.

İkinci məsələ isə odur ki, Trampın Albayraqla görüşü “NATO Türkiyəni üzvlükdən çıxara bilər” şayiələrinə son qoydu. NATO-nun əsas dövləti ABŞ-dır. Vaşinqton S-400 raketlərinə görə bölgənin əsas dövlətlərindən birini itirmək istəməz, sadəcə Amerika “pis polis” və “yaxşı polis” rolunu oynayır. Pis polis rolunda çıxış edən ABŞ-ın vitse-prezidenti Mayk Pens Ankaraya daha öncə ultimatum vermişdi ki, ya biz, ya da S-400 raketləri. Yaxşı polis olan Prezident Donald Tramp isə türkiyəli nazirlə səmimi görüş keçirdi”.

Politoloqun fikrincə, Vaşinqton Rusiyanın raketlərini alan Türkiyənin bu hərəkətini nəinki həzm edəcək, hətta il ərzində Donald Trampın Ankaraya rəsmi səfəri də mümkündür:

“Hiss olunur ki, Trampın Türkiyəyə münasibəti Pentaqonun və Konqresin münasibətindən yaxşı mənada fərqlənir.

Ankarada söhbət etdiyim ekspertlər Türkiyənin Rusiya ilə isti münasibətlərinə rəğmən, Qərb istiqamətindən imtina edilməməsi gərəkdiyini bildirirlər. Çünki bir çox türkiyəli diplomatın dilindən eşitdiyim budur ki, Rusiya ilə tərəfdaşlıq strateji deyil, taktiki mahiyyət daşımalıdır. Yəni Rusiya ilə münasibətlərdə ehtiyatı əldən vermək olmaz. Elə Kremlə yaxın rusiyalı ekspertlər də Türkiyə ilə münasibətlərdə eyni sözləri deyirlər”.

Qeyd edək ki, Türkiyənin Xəzinə və Maliyyə naziri Barat Albayraq ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşlə bağlı danışan Albayraq ABŞ prezidenti ilə S-400 məsələsini də müzakirə etdiklərini, həmçinin Trampla Ərdoğanın yaxın vaxtlarda görüşə biləcəyini açıqlayıb.(axar.az)

Paylaş: