Be. Avq 19th, 2019

Təhsil Nazirliyi ilə TİKA-nın dəstəklədiyi müsabiqə yekunlaşdı – Mərasimdən FOTOLAR

“Pətək” Yeni Nəslin Mənəvi Tərbiyəsi İctimai Birliyinin Təhsil Nazirliyinin dəstəyi və TİKA ilə birgə həyata keçirdiyi “Dəyərlərimiz – sərvətimiz, gələcəyimizdir” layihəsi çərçivəsində keçirilən məktəblərarası müsabiqə başa çatdı.

Aprelin 16-sı qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan ümumtəhsil məktəb və liseylərində, həmçinin rayonlardan (Lənkəran, Oğuz, Hacıqabul, Salyan) müsabiqəyə qatılan fəal şagirdlər, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Layihə çərçivəsində keçirilən təqdimatlara Təhsil Nazirliyinin və Bakı şəhəri üzrə Təhsil İdarəsinin nəzdində olan 80 ümumtəhsil məktəbindən 5714 şagird, bölgələr üzrə 11 rayonun (Astara, Lənkəran, Masallı, Salyan, Şirvan, Hacıqabul, Zaqatala, Balakən, Şəki, Oğuz, Qəbələ) 202 məktəbindən 1883 şagird qatılmışdır. Şagirdlər ”Milli mənəvi dəyərlərə əsaslanan nümunəvi kişi və nümunəvi qadın obrazı” mövzusunda “Ən yaxşı hekayə” və “Ən yaxşı videoçarx” nominasiyaları uğrunda yarışıblar. “Pətək” İB-nin sədri Sevinc Əsgərova bildirib ki, məqsəd yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli inkişaf etmiş, əxlaqlı bir şəxsiyyət kimi yetişməsində cəmiyyətə dəstək olmaqdır: “Məktəblilərin asudə vaxtlarını faydalı axtarışlara yönəltməyi, milli-mənəvi dəyərlərimizi öyrənmələrini, bunu yaşam və davranışlarında tətbiq etmələrini istəyirdik”.

Tədbirə qatılan qonaqlar arasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdürü Firudun Həmzəyev, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki, Bakı şəhər Təhsil idarəsinin İnkişaf Layihələri sektorunun məsləhətçisi Səkinə Ağalarova və digəriləri olmuşdur. Sonra təntənəli şəkildə qaliblərin mükafatlandırılması mərasimi olub.

Qaliblərə hədiyyə və diplomlar təqdim edilib, müsabiqədə fəal iştirak edən şagirdlərə simvolik hədiyyələr, təşəkkürnamə verilib.

Müsabiqənin münsiflər heyətində yazıçı dramaturq Əli Əmirli, xalq artisti Həmidə Ömərova, əməkdar artist Fərqanə Qasımova, təhsil eksperti Şahlar Əsgərov, “Dimet” klinikasının baş həkimi Səfərbəy Səfərbəyov və “Herba Flora” şirkətinin rəhbəri Fizuli Hüseynov təmsil olunub.

Paylaş: