Ca. Sen 19th, 2019

Azərbaycanlı yazıçının romanı türk dilində çap olunub

Tanınmış azərbaycanlı yazıçı Əzimə Ağalarovanın “Ağlayan divar” detektiv romanı Türkiyədə nəşr olunub.

roman iki gəncin ağır həyatından bəhs etməklə bərabər, Türkiyənin dövlətçilik tarixində baş verən mühüm siyasi məqamları özündə əks etdirir.

Müəllif böyük ədəbi ustalıqla dünyanın ən güclü xəfiyyə orqanları arasında gedən ölüm-dirim mübarizəsini, bu çarpışmada Türkiyənin kəşfiyyat orqanlarının (MİT) ölkəni hədəfləyən təhlükələri dəf etmək üçün həyata keçirdikləri çevik manevrləri səlis və rəvan şəkildə oxucuya çatdırır.

Romanın əsas qəhrəmanları Murad və Racheldir. Müəllif onların arasındakı sevgi münasibətlərini o qədər incə tellərlə bir-birinə bağlaya bilmişdir ki, oxucu əsərin süjet xəttini həyəcanla izləmək məcburiyyətindədir. Baxmayaraq ki, Murad MİT əməkdaşı olaraq Rachelə məqsədli şəkildə yanaşmış və onu böyük üzüntülərə yuvarlatmışdır. Oxucu sonadək Murada rəğbət bəsləyir. Çünki o vətənini sevir, özü də sonsuz bir məhəbbətlə sevir. Bununla belə, məhz onun ucbatından məşəqqətlər yaşayan Racheli xilas etmək yolunu tutur.

“Ağlayan divar” romanının detektiv gücünü artıran məhz romandakı dinamizmdir. Müəllif böyük məharətlə hadisələrin inkişafını sönməyə qoymur. Əsər boyu hər bir yeni hadisə ortaya özündən əvvəlki prosesə marağı daha da artırır. Qəhrəmanların taleyini bilmək üçün əsəri birnəfəsə oxumaq istəyirsən. (AZƏRTAC)

 

Paylaş: