C. Okt 18th, 2019

“Azərbaycan qırmızı cizgimizdir” – Türkiyəli yazar

Turkustan.info Türkiyənin “Yeni Akit” qəzetinin Ankara xəbər müdiri, araşdırmaçı yazar Məhəmməd Kutlunun ONA-nın Türkiyə bürosuna müsahibəsini təqdim edir:
– Avropa Komissiyası prezidenti Jan Klod Yunker “Avropa Birliyinin gələcəyi “Brexit”siz də yaxşı olacaq” fikrini düşüncəsini səsləndirdi. Son zamanlar Avropa Birliyinin keçmiş Sovetlər Birliyi ölkələrinə isti münasibəti hiss olunmaqdadır. Bu baxımdan Avropa Birliyinin Cənubi Qafqazla əlaqələrinin gələcəyini necə qiymətləndirirsiniz?
– Avropa Birliyi zatən illər öncə Qafqaza Almaniyanın avtomobilləri və sənaye məhsulları ilə daxil olub. Bu əlaqələrin önümüzdəki dövrdə daha da inkişaf etməsi gözlənilir. Bir zamanlar Gürcüstanı almanlar öz məhsulları ilə doldurdular. Xüsusən avtomobil və ehtiyat hissələri, ev, məişət əşyaları, cihaz və alətlərlə. Ardından da maliyyə qurumları ilə özlərindən asılı etdilər. Bu üsulla Avropa Birliyi ölkələrinin Almaniyanın rəhbərliyi ilə Cənubi Qafqaz ölkələrinə daha çox nüfuz etməsini gözləmək olar.
– Sizcə, Qərb və Rusiyanın bölgədəki mübarizəsi Azərbaycan-Türkiyə əlaqələrinə təsir edə bilərmi?
– Azərbaycan-Türkiyə münasibətlərində ən diqqətli və həssas davranan ölkənin Rusiya olduğunu düşünürəm. Rusiyanın Türkiyəyə şübhə ilə baxması artıq çox geridə qaldı. ABŞ və Qərb müttəfiqlərinin Suriya və İraqdakı bədniyyətli davranışlarına qarşı Türkiyə, Rusiya və İran arasında münasibətlərin yaxşılaşması da belə bir nigarançılığı azaldır. Türkiyəni qarşısına almaq istəməyən ölkələrin Azərbaycanla olan qardaşlığımızı lap başdan qəbul etmələri lazım idi. Artıq bu münasibətlər beynəlxalq əlaqələrin universal qaydaları halına gəldiyi üçün bu mövzuda əndişəyə əsas görmürəm.
– Dünyanın sürətlə silahlanması diqqət çəkir. ABŞ və Çinin hərbi xərclərini daha da artırdığını nəzərə alsaq, dünyada gizli bir “soyuq müharibə”nin mövcudluğundan danışmaq mümkündürmü?
– Mümkündür. Hətta daha irəli gedərək, regional savaşların təsirindən, yaşanan savaşların çox da soyuq olmadığını söyləyə bilərik. Dünyada qütbləşmə hər zaman olub. İmperialist güclər var olduğu müddətcə də olmağa davam edəcək. Böyük güclərin əlində nüvə və kimyəvi silahlarla yanaşı, inkişaf etmiş yeni texnologiyalar olduğu səbəbindən “soyuq müharibə”nin dünyadan hələ əskik olmayacağını söyləyə bilərik.
– Qara dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial işlər Komissiyasının 52-ci toplantısında Ermənistanın paytaxtı İrəvanda media işçilərinin sualını cavablandıran AKP Ordu millət vəkili Mətin Gündoğdunun verdiyi bəyanatlar haqqında nə deyə bilərsiniz?
– Qara dəniz İqtisadi Əməkdaşlıq Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial işlər Komissiyasının başqanı və AKP ordu Mətin Gündoğdu “İki dövlət, bir millət olduğumuz Azərbaycanı özümüzdən ayırmırıq. Azərbaycan qırmızı cizgimizdir. Ermənistanın Azərbaycanla olan problemlərini çözməsi lazımdır. Bu bölgənin rifahı və bölgədə yaşayanların birgəliyi önəmlidir. Bunları bacarsaq, bu coğrafiyada çox möhkəmlənərik. Bir-birimizə sayğılı, bir-birimizin hüquqlarına hörmətlə yanaşan bir mövqe yarada bilərik” şəkilindəki açıqlamasından çox məmnun qaldım, yerində deyilmiş fikirlərdir. Ermənistanın bir əli yağda, bir əli balda olan, Qərb ölkələrində yaşayıb uzaqdan idarə edən, gərginliyi artıran bir diasporun təsirindən çıxması çox vacibdir. Ermənilər ağır sosial yaşam şərtlərində həyat sürməyə çalışdıqları halda, zəngin Qərb ermənilərinin xaricdən qəzəl oxuması dayandırılmalı və Azərbaycanla müharibəni bitirmək üçün hökumətə təzyiq göstərilməlidir. Sülh şərtlərində isə Ermənistan işğal etdiyi torpaqlardan geri çəkilməsi müzakirə olunub qəbul edilməli və qanayan yaralara məlhəm olunmalıdır.

Paylaş: