C. Okt 18th, 2019

Millət vəkili “Traxtur”a görə nazirliyi və federasiyanı AYAĞA QALDIRDI

“Traxtur” komandasının qapçısı Möhsün Fruzanın xəyanət edərək “Sepid rud” görüşündə komandasının uduzmasına səbəb olması Cənubi Azərbaycan fəalları ilə yanaşı, rəsmilərini də ayağa qaldırıb.

Təbriz, Üskü və Azərşəhrin (Tufarqan) İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi bu məsələ ilə bağlı İran Gənclər və İdman Naziriliyinə etiraz məktubu ünvanlayıb.

Ötən həftə Rəştdə “Traxtur”-“Sepid rud” görüşündə baş verən hadisələrə münasibət bildirən millət vəkili vurğulayıb ki, “Traxtur”a qarşı edilən hərəkətlərə laqeyd qalınmamalıdır:

“Bir neçə gündür ki, “Sepid rud” komandasının bundan əvvəlki görüşlərində Möhsün Fruzanın oyunlarını izləyirəm. Təəccüb edirəm ki, “Traxtur” klubunun məsulları ona necə qapıçı kimi inanıblar! Bu məsələ mütləq araşdırılmalıdır. “Traxtur” görüşündə baş verən hadisəyə bundan əvvəl də rast gəlinib.”- deyə o bildirib.

Əhməd Əlirzabeygi mərcləşmə saytları ilə bağlı yayılan məlumatlara işarə edərək qeyd edib ki, belə bir vəziyyətdə hər şey baş verə bilər. Ona görə də olduqca mürəkkəb olan məsələnin həlli üçün məhkəmə orqanları müdaxilə etməlidir.

Milyonlarla futbol tərəfdarlarının etimadına xələl gəldiyini bildirən millət vəkili Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasına müraciət edərək onların ciddi şəkildə bu məsələyə müdaxilə etməsini tələb edib. Əhməd Əlirzabeygi həmçinin idman fraksiyasında olan bütün deputatlar, xüsusi ilə də azərbaycanlı millət vəkillərini bu məsələ ilə bağlı həssas olmağa və baş verən hadisənin aydınlaşdırılmasını tələb etməyə çağırıb.

“Gənclər və İdman Nazirliyi bilməlidir ki, bu, bütün əhalinin tələbidir. Elə olmalıdır ki, nazirlik millət vəkillərinin etirazından bu məsələnin nə qədər mühüm olduğunu dərk etsin. 2015-ci ildə “Traxtur”-“Neft” oyununda baş verən hadisənin bir daha təkrar olunmasına icazə verilməməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Möhsün Fruzan aprelin 12-də Rəştin “Sərdar cəngəl” stadionunda Təbrizin “Traxtur” futbol komandasını böyük hesabla “Sepid rud”a uduzdurub. Qapıçının komandasına xəyanət etdiyi artıq sübut olunub. “Mehr” xəbər agentliyi Futbol Federasiyasının Əxlaq Komitəsinə istinadən bu barədə xəbər yayıb. Məlumatda Möhsün Fruzanın adı çəkilməsə də, dolayı yolla onun mərcə girərək komandasına xəyanət etdiyi və bunun nəticəsində milyardlar tümən məbləğində pul qazandığı qeyd olunub.

“Gün.az” nəşri xatırladır ki, 2015-ci il mayın 15-də İran üzrə futbol klublarının super liqa yarışlarının sonuncu həftəsində Təbrizin “Traxtur” futbol komandası ilə Tehranın “Neft” komandası qarşılaşıb. Təbriz komandasının çempion olmasının qarşısını almaq məqsədi ilə İran Futbol Federasiyasının nəzarətçisi tərəfindən komandanın baş məşqçisinə yalan məlumat verilib.

Bildirilib ki, “Sepahan”la “Saypa” komandalarının görüşünün nəticəsi 2:2-dir və bununla da “Traxtur” super liqanın qəti çempionudur. Yarışın son dəqiqələrində verilən yalan məlumatdan sonra “Traxtur”un baş məşqçisinin göstərişi ilə oyunçular hücum taktikasını dəyişərək müdafiə taktikasına keçiblər. Yalan məlumat verilərkən stadionda internet və mobil telefonları da birdən-birə kəsilib və heç kim İsfahandakı oyunun nəticəsi barədə düzgün məlumat ala bilməyib. Təbrizdəki müsabiqə başa çatandan sonra “Traxtur” tərəfdarları çempion olduqlarını zənn edərək şənliyə başlayıb. Lakin bu sevinc yalnız 30 saniyə davam edib. Az sonra rəsmi tribunadan bildirilib ki, “Sepahan” 2:0 hesabı ilə “Saypa”nı məğlubiyyətə uğradaraq super liqanın çempionu olub. Bu gözlənilməz xəbərdən sonra həm stadionda, həm də Təbriz şəhərində geniş etiraz aksiyaları keçirilib, çox sayda etirazçı polis tərəfindən saxlanılıb. (publika.az)

Paylaş: