Ça. Avq 20th, 2019

Nəsibə xanım ermənilərdən necə xilas olub?

Bu gün ölməz aktrisamız, xalq artisti Nəsibə xanım Zeynalovanın 103 yaşı tamam olur.

Nəsibə xanım 1916-cı il aprelin 20-də Bakıda anadan olub. Atası Kərbəlayı Cahangir tanınmış tacir və aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi sayılan Cahangir Zeynalov ilk və yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bunu görmək ona nəsib olmayıb.

1918-ci ilin martında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə atası Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı var idi. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrət qazanıb.

O, 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz və Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci ildə yeni yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa seçilib.

O, Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Kinematoqrafiyamızın ən çox sevilən filmlərində rol alan Nəsibə xanım Züleyxa (“Ulduz”), Cənnət xala (“Qayınana”), Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Əsli xala (“Bəyin oğurlanması”) kimi unudulmaz obrazlar canlandırıb.

Qeyd edək ki, Azərbaycan SSR Dövlət mükafatı laureatı Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. (kult.az)

Paylaş: