Şb. Okt 19th, 2019

Plastik kartlar əhalinin cibinə necə girir? – Banklar dövlətə qarşı – ARAŞDIRMA

Azərbaycanda demək olar ki, hər kəs plastik kartdan istifadə edir. Ən çox istifadə olunan xidmət də bankomatdan nağd pul çıxarmaqdır. Hər plastik kartın öz bankomatını isə istənilən yerdə tapmaq olmur. Buna görə də insanlar məcbur qalıb başqa bankomatdan nağd pul çıxarırlar. Bu zaman isə başqa bankomatların bankı yüksək faizlə komissiya haqqı tutur. 
Turkustan.info bildirir ki, BakuPost.az saytı bu məsələ isə bağlı 100-ə yaxın vətəndaş arasında sorğu keçirib. Məlum olub ki, insanların şikayəti eynilik təşkil edir: “Əmək haqqı aldığım plastik kartın bankomatı yaxınlıqda yoxdur və mən məcbur olub 2-3 faiz pul itirməklə başqa bankomatdan nağd pul çəkirəm”. 
Bir bankın plastik kartından digər bankın kartına pul köçürərkən yüksək faizlə pul tutulmasından narazıların sayı da az deyil. Əmək haqqını Rabitə bankdan alan İlqar Mahmudov bildirir ki, daha kartla köçürmə etməyəcək: “Mən Rabitə bankdan maaş alıram, keçən dəfə tələbə qardaşımın təqaüd kartına pul yüklədim. Bir də yoxladım ki, 100 manata 2,5 manat itirmişəm. Belə olduğunu bilsəydim, bu köçürməni etməzdim”. 
Əmək haqqı aldığı bankın adını demək istəməyən Qasid Poladov bildirir ki, əmək haqqı aldığı gün bütün pulunu məcbur çıxardır: “Maaşım köçən kimi hamısını çıxardıram, çünki evimizin yanında bankomat yoxdur. Bir neçə dəfə qeyri-iş günü maaşlar köçüb və mən məcbur olub iş yerimə qədər getmişəm. Çünki əmək haqqı aldığım bankın bankamatı başqa heç yerdə yoxdur. Bəlkə də var, mən bilmirəm. Amma adama elə gəlir ki, bu bankın bankomatı ölkə üzrə bir dənədir”. 
Araşdırmalar nəticəsində həm də məlum olur ki, bəzi bankların plastik kartları ilə başqa bankomatdan nağd pul çıxaranda 3-4 faizi komissiya haqqı tutulur. Onlardan bir neçəsini misal olaraq göstərək. ASB Bankən plastik kartı ilə Ata Bank, Amrah Bank, AG Bank, AFB bank və başqa bir neçə bankın bankomatından pul çəkərkən 3 faiz komissiya haqqı tutulur. Caspian Development bank, Ekspresbank və başqa bir neçə bankın kartı ilə istənilən başqa bankomatdan istifadə edərkən 3 faiz tutulur. 
İqtisadçı alim, professor Tofiq Hüseynov bildirir ki, banklar bu problemi həll etməlidirlər: “Bir bankın plastik kartı ilə digər bankın bankomatından pul çıxarılanda çox faiz tutulur. Bəzi ərazilərdə öz bankomatını tapmaq olmur. Mən də bu məsələyə görə əziyyət çəkirəm. Banklar bu problemlə məşğul olmalıdır. Digər tərəfdən, Beynəlxalq Bank hər il məndən maaş aldığım karta görə 14-15 manat pul tutur. Banklar bu istiqamətdə vətəndaşların xeyrinə addımlar atmalıdır”.
İqtisadçı alim, bank üzrə ekspert Əkrəm Həsənov deyib ki, xarici ölkələrdə bakamatlardan az istifadə olunur, amma istifadə olunan zaman bizdən də çox faiz tutulur: “Bizdə iki cür kart var, biri “AzəriCart”, digəri “MilliKart”dır. Banklarımızın bəziləri birincidə, bəziləri isə ikincidə xidmət olunur. Buna görə də çətinliklər yarana bilər. Əgər komissiya haqqı daha çox tutulursa, vətəndaş banka müraciət etməlidir. Nəticə əldə edə bilməzsə, bankdan şikayətçi ola bilər”.
 
Ekspert qeyd edib ki, bankomatların az olması və müəyyən faiz tutulması problemi inzibati qaydada həll edilə bilməz: “Bizim banklarımızın əsas problemi odur ki, onların saytlarındakı xəbərlər, məlumatlar həqiqəti əks elətdirmir, köhnəlmiş məlumatlardır. Vətəndaşlar çalışmalıdır ki, bankomatdan pul çıxarmasınlar, çünki hər yerdə kartla ödəniş edə bilirlər. Əgər nağd pul lazımdırsa, o zaman öz bankomatlarından pul çıxarsınlar. İnzibati qaydada bu məsələ həll edilə bilməz. Dövlət banklara deyə bilməz ki, bankomatların sayını artırın. Çünki buna böyük xərc tələb olunur. Və yaxud, banklara faizinin aşağı salınması üçün dövlət tapşırıq verə bilməz. Müəssisələr elə banklarla müqavilə bağlamalıdırlar ki, onun bankomatları çox olsun. Vətəndaşlar da belə çətinliklərlə qarşılaşmasın”.
Qeyd edək ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsinin hədəflənməsi istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər görməkdədir. Bank xidmətlərinin bazarını kiçik artım templəri ilə inkişaf etdirmək gündəmdə qalan məsələlərdəndir. Əhalinin banklara etibarının artırılması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi əsas hədəf kimi götürülür. Bunun tərkib hissəsi kimi, maliyyə bazarında şəffaflığın artırılması, vergidən yayınma hallarının qarşısının alınması üçün nağdsız ödənişlərə keçirilməsi prioritet məsələlərdən hesab olunur.
Belə olduğu halda bankların öz maraqlarına görə, insanları plastik kartdan imtinaya məcbur etməsi dövlətə qarşı sabotaj deyil, bəs nədir? 

Paylaş: