C. Avq 23rd, 2019

Azərbaycanın əhalisi azalacaq – BMT açıqladı

BMT-nin iqtisadi və sosial sorğular departamenti hesab edir ki, 2050-ci ildə Azərbaycan əhalisinin sayı 11 milyonu keçəcək (11 milyon 39 min). Amma sonrakı 50 ildə 9 milyon 558 min nəfərə qədər azalacağıq.

Turkustan.İnfo Bizimyol-a istinadən xəbər verir ki, BMT 2020-ci, 2030-cu, 2050-ci və 2100-cü illər üçün proqnozunu açıqlayıb. Proqnoza görə, gələn ilə qədər ölkə əhalisi daha 99, 11 il ərzində isə 680 min nəfər artacaq.

Hesabat başqa Qafqaz ölkələri barədə bədbin düşüncəyə əsas verir. Ermənistan əhalisi 2100-cü ilə qədər az qala iki dəfə azalacaq. İndi qonşu-düşmən ölkədə təxminən 3 milyon 66 min nəfər yaşayır. Bundan sonra ermənilərin sayı yalnız azalan xətt üzrə gedəcək. Əsrin sonunda Ermənistanda cəmi 1,793 milyon adam qalacaq.

Gürcüstanda da xeyli azalma olacaq. Rəsmi rəqəmlər 3 milyon 717 min nəfərdən danışır. 2100-cü ildə bu ölkədə 2 milyon 438 min adamın yaşayacağı proqnozlaşdırılır.

Dünya əhalisinin 7,7 milyarda çatdığını bilirsiniz. Əsrin sonunda say 11 milyardı aşacaq. İndi ikinci olan hindistanlılar birinci pilləni ələ keçirəcək. Hindistanda əhali 1,516 milyarda çatacaq. Çində xeyli azalma gözlənilir. İndi Asiya dövlətində yaşayanların sayının 1,4 milyardı ötdüyü hesab olunur. BMT 2100-cü ildə orada 1 milyard 20 min insanın qalacağını proqnozlaşdırır.

Kəskin azalma və artma gözlənilən ölkələr var. Məsələn, Yaponiyada əhali 1,5 dəfə azalaraq, 84 milyona düşəcək. Rusiyada 124 milyon insan yaşayacaq. Almaniya təxminən 10, İtaliya 8 milyon nəfər itirəcək. BMT Ukrayna ilə bağlı lap bədbindir. Təşkilat hesab edir ki, 2100-cü ildə bu ölkədə uzağı 28 milyon nəfər məskunlaşacaq.

Ən çox artım Afrika ölkələrində gözlənilir. Məsələn, Nigeriyada 80 il ərzində əhali 4 dəfədən çox artacaq. Bu ölkənin 793 milyon nəfərlə üçüncü pilləyə yüksələcəyini ehtimal edirlər. Uqandada əhali artımı az qala kosmik sürət alacaq. Beş dəfə artım gözlənilir. Uqandada 213 milyon nəfərin olacağı bildirilir.

ABŞ dördüncü yerdə qalacaq (447 milyon). Konqo Demokratik Respublikası böyük sıçrayışla beşinci pilləyə yüksələcək (378 milyon). Pakistan yenə liderlər qrupunda olacaq (351 milyon).

Paylaş: