Bz. Avq 18th, 2019

Ermənistanın keçmiş deputatı həbs edildi – Rusiyada

Ermənistan Milli Assambleyasının keçmiş deputatı Migran Pogosiyan Kareliya Respublikasında aşkarlanaraq Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanıb. Pogosiyan həm də Məhkəmə aktlarının məcburi icrası xidmətinin (MAMİX) keçmiş rəhbəri olub.

Xüsusi İstintaq Xidmətinin (XİX) mətbuat katibi Marina Oganjaniyan Azatutyun deyib ki, hazırda keçmiş rəsminin Ermənistana ekstradisiyası məsələsinə baxılır.

Bundan öncə Migran Pogosiyanın ofisi bəyan etmişdi ki, özünün Moskvadakı ünvanı barədə Ermənistanın hüquq-mühafizə orqanlarını bilgiləndirib.

Keçmiş deputat xüsusi böyük həcmdə dövlət vəsaitinin mənimsənilməsində, vəzifə səlahiyyətindən sui-istifadədə ittiham olunur.

XİX-in məlumatına görə, Pogosiyan 2011-ci ildə Panamada ofşor zonada iki şirkət yaradıb, həmin şirkətlər daha sonra Ermənistanda “Best reality” adlı kompaniya qurub. Sonuncu isə 2014-2016-cı illərdə Pogosian-ın rəhbəri olduğu idarəyə daşınar və daşınmaz əmlakın dəyərləndirilməsi üzrə xidmət göstərib, 43 milyon dram əldə edib.

Bunda başqa bildirilir ki, Pogosiyan 2008-ci il iyunun 11-dən MAMİX rəisi keçəndən özünün şəxsi mühafizəçisi və sürücüsünü bu qurumda vəzifələrə təyin edib. Onlar faktiki olaraq, onun şəxsi tapşırıqlarını yerinə yetirib, ancaq dövlət büdcəsindən maaş alıblar.

Pogosiyanın özünün idarə etdiyi təşkilatlarla MAMİX arasında xidmət müqavilələri imzaladığı qeyd olunur.

2016-cı ilin mayında “Hetk” nəşri Pogosiyan-ın ofşor fəaliyyəti haqda geniş araşdırma dərc edir. Cinayət işi açılsa da, 2017-ci ilin yanvarında cinayət tərkibinin olmaması əsas gətirilərək dayandırılır.

O zaman Pogosiyan özünə qarşı ittihamları anlaşılmazlıq, araşdırma müəllifi Edik Bagdasaryan isə işin bağlanmasını siyasi qərar adlandırmışdı.

Bu ilin yanvarında XİX ofşorlarla bağlı cinayət işi üzrə təhqiqatı bərpa elədi. Migran Pogosyan dindirilməyə çağırıldı, ancaq xaricdə olduğunu deyərək getmədi. XİX aprelin 10-da bildirib ki, Pogosiyan dindirilməyə hazır olduğunu deyib. Aprelin 15-də XİX keçmiş deputatın işdə təqsirləndirilən olduğunu elan etdi.

Yerevan məhkəməsi XİX-in Pogosiyanın həbsilə bağlı vəsatətini təmin etmişdi. Onun Ermənistandakı evində axtarış aparılmışdı. (azadliq.org)

Paylaş: