Şb. Sen 21st, 2019

Kılıcdaroğluna yumruq zərbələri endirən kəndli AKP-çi çıxdı – PARTİYADAN QOVULACAQ

Ötən gün Ankara ətrafındakı kəndlərdən birində şəhid əsgərin dəfn mərasimi zamanı CHP lideri Kamal Kılıcdaroğluna hücum edib yumruqla vuranlardan biri hakim AKP-nin üzvü imiş. Bu məlumatı AKP sözçüsü Ömər Çelik açıqlayıb. O deyib ki, Kılıcdaroğlunu vuran və bu gün yaxalanan kəndli Osman Sarıgün AKP-nin üzvüdür və həmin şəxsin  partiyadan birdəfəlik xaric olunmasına intizam komissiyasında baxılacaq.

 

11.33

Ötən gün Ankara ətrafında şəhid əsgərin dəfn mərasimi zamanı CHP lideri Kamal Kılıcdaroğluna hücum edib döyənlərdən biri bu gün saxlanılıb. Türkiyə KİV-ləri xəbər verir ki, hadisənin baş verdiyi kəndin sakini olan O.S. Sivrihisarda yaxalanıb, ifadəsi alınmaq üçün Çubuk rayonu jandarma komandanlığına aparılıb. Hücumda iştirak edən və Kılıcdaroğlunu vuran daha 5 şübhəlinin axtarışı davam edir. Ankara prokurorluğu hadisə ilə bağlı “çoxtərəfli təhqiqatın aparıldığını” bildirib.

***

Türkiyədə ana müxalifət lideri Kamal Kılıcdaroğlunun dünən Ankaranın Akkuzulu məhəlləsində şəhid əsgərin dəfn mərasimi zamanı məruz qaldığı hücum ölkədə siyasi qütbləşmənin ifrat həddə olmasının göstəricisi kimi qiymətləndirilir.

Türkiyə KİV-lərinin xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğan hələlik hadisə ilə bağlı mövqeyini bildirməyib və Kılıcdaroğluna “keçmiş olsun” mesajlarını çatdırmayıb.

Müdafiə naziri Hulusi Akar isə dünənki qarşıdurma zamanı dəfn mərasimində iştirak edirdi və o, Kılıcdaroğluna hücum edən kütləyə meqafonla müraciət edərək sakitliyə çağırıb. Amma müdafiə naziri “gərəkli mesajlarınızı verdiniz” ifadəsini işlədib və bu da birməanlı qarşılanmır.

CHP isə hadisəni etiraz yox, sui-qəsd və linç cəhdi kimi qiymətləndirilir. Kılıcdaroğlunun mühafizəçiləri onu birtəhər kütlənin əlindən alıb kənd evlərindən birinə yerləşdirib. Lakin kütlə həmin evə də hücum edib, toplaşanların arasından bir qadın evi yandırmağa çağırıb. “Yandırın o evi, yandırın”-həmin qadın dəfələrlə bağırır. Həmin qadının kimliyi məlum deyil, sosial şəbəkələrdə qadının çağırışını və Kılıcdaroğluna hücumu radikal dindarlardan ibarət kütlənin törətdiyi Madımak qətliamını xatırlatdığı haqda yazırlar. 1993-cü ildə Sivas bölgəsində Pir Sultan Abdal şənliklərinə qatılmaq üçün gedən ziyalıların, şairlərin, sənətçilərin qaldığı Madımak otelinə hücum edərək od vurmşdu. Bu zaman 33 nəfər yanaraq ölmüşdü.

AKP-nin müttəfiqi MHP-nin başqanı Devlət Baxçalı isə dünənki çıxışında Kılıcdaroğluna hücumu qınasa da onun həmin kəndə getməsini də qınayıb. Baxçalı deyib ki, CHP və müttəfiqi İYİ partiya həmin kənddə 31 mart seçkilərində 10 faizdən də az səs alıb. “9.78 faiz səs aldığın yerdə nə işin vardı?”-Baxçalı deyib.

Hadisənin baş verdiyi kəndin muxtarı bildirir ki, Kılıcdaroğlunu vuranlardan biri həmin kəndin sakinidir, əkinçiliklə məşğul olur, amma qalanlarını tanımır. Çünki bu kənddən deyildilər. Hazırda polis və jandarma CHP liderini vuranları axtarır. (virtualaz.org)

 

Paylaş: