C. Avq 23rd, 2019

Qarabağ münaqişəsini bu ölkələr həll etməlidir – Şevçenko

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda haqlı tərəfdir. Rəsmi Bakı münaqişənin ədalətli yolla həllini istəyir. İstəyir ki, işğal altındakı torpaqları azad olunsun, işğala son qoyulsun. Yalnız bundan sonra iki ölkənin xalqları arasında dialoq, qarşılıqlı anlaşma baş tuta bilər.u

Turkustan.info bildirir ki, bunu ONA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın tanınmış jurnalisti, siyasi ekspert Maksim Şevçenko bildirib.

M.Şevçenko təəssüflə qeyd edib ki, dünya nəhəngləri Azərbaycan və Ermənistan arasında olan bu münaqişədən öz maraqları üçün istifadə edirlər: “Lakin bundan sadə insanlar əziyyət çəkir. Mənə elə gəlir ki, özünü xalqın lideri hesab edənlər üçün ilk növbədə insanların maraqları öndə gəlməlidir. Azərbaycan prezidenti İlham Əliyev öz əməlləri ilə ilk öncə xalqının maraqlarını müdafiə etdiyini sübut edib. İstərdik ki, Paşinyan da belə olsun. Ermənistandan uzaqda, ABŞ-da və ya Avropada yerləşən hansısa nəhəng maliyyə qruplarının deyil, Ermənistan xalqının maraqlarını müdafiə etsin”.

Rusiyanın Qarabağla bağlı danışıqlar prosesində təşəbbüsü yenidən əl alması haqqında fikirlərə münasibət bildirən M.Şevçenko bildirib ki, Rusiyanın mövqeyi olmadan Qarabağ münaqişəsi, ümumiyyətlə, həll oluna bilməz: “Rusiya dünya nəhəngləri arasında bu münaqişəsinin sülh yolu ilə həll olunmasında daha çox maraqlıdır. Çünki Rusiya həm münaqişə tərəfləri ilə qonşudur, həm də bu ölkədə böyük Azərbaycan və Ermənistan diasporu var. Ona görə də Rusiya bu münaqişədə əsas maraqlı tərəfdir. O ki qaldı Rusiyanın münaqişənin həlli ilə bağlı hansısa planının olub-olmamasına, deyə bilərəm ki, indiyə kimi gündəmdə Lavrov və Medvedev planları olub. Mətbuatda bu planların adları belə gedib. Əslində bu planlarda qeyd olunanlar dəfələrlə Rusiyanın dövlət başçıları tərəfindən səsləndirilib. Bilirsiniz ki, mən tez-tez Rusiya hakimiyyətinin daxili siyasətini tənqid edirəm. Amma bu məsələdə Rusiya hakimiyyətinin siyasətini dəstəkləyirəm. Çünki Rusiya Qarabağ münaqişəsinin güc yolu ilə həllinin əleyhinədir. Çalışır ki, münaqişə dinc, sülh yolu ilə həll olunsun. Rəsmi Moskvanın verdiyi təkliflər də məhz müharibənin qarşısını almağa yönəlib. Çünki Qarabağda yeni müharibə Rusiyanın ərazisinə də təsir edəcək. Dağıstan, Şimali Qafqaz bir-birinə qarışacaq. Krasnodar diyarı, Rostov vilayətində çoxlu sayda ermənilər yaşayır. Rəsmi Moskva bütün bu məqamları çox yaxşı başa düşür. Ona görə də ancaq sülhə aparacaq həll yolunu dəstəkləyir”.

Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşündən sonra ABŞ-ın nazirlərin növbəti görüşünün keçirilməsi ilə bağlı təklifini şərh edən rusiyalı siyasi ekspert Vaşinqton üçün Ermənistan-Azərbaycan münaqişəsinin manipulyasiya aləti olduğunu vurğulayıb: “Onlar Qafqaza sadəcə olaraq böyük geosiyasi siyasi oyun çərçivəsindən baxırlar. Azərbaycan və Ermənistan xalqlarının damarlarında axan qan onlar üçün su kimidir. Amma Rusiya üçün bu belə deyil. Qarabağ münaqişəsi Moskva üçün iki Qafqaz xalqının faciəsi deməkdir. Mən amerikalıların Cənubi Qafqaza müdaxilə etməsinin qəti əleyhinəyəm. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi, ümumiyyətlə, regionun taleyi üç qonşu dövlət olan – Rusiya, Türkiyə və İran tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə həll olunmalıdır. Yəni kim Qafqazın tranzit dəhlizi olmasında maraqlıdırsa, məhz onlar regionun taleyini həll etməlidirlər. ABŞ-a müharibə lazımdır. Onlara Kiçik Asiya, Yaxın Şərq və Qafqazda vəziyyəti gərginləşdirmək lazımdır. Mən onların Cənubi Qafqazda mövcudiyyətinə çox böyük təhlükə kimi baxıram. Dünyada ABŞ kəşfiyyatının ən böyük qərargahlarından birinin məhz İrəvanda yerləşməsi boşuna deyil. Bu, çox böyük təhlükədir. ABŞ İranla müharibə planından hələ də vaz keçməyib. İrana qarşı müharibə isə Cənubi Qafqaz üçün qorxunc nəticələrə gətirib çıxaracaq”.

Paylaş: