Bz. Avq 18th, 2019

Şərqin “yay üçbucağı” və ya İbn Şatirin kəşfini üzə çıxaran Kennedi

Kənan Hacı

 “Tanrının ruhu” kitabından

Beynini Qərb filosoflarına icarəyə vermiş gənclərimizin düşüncəsi bünövrəsiz ev kimi sürüşkəndir. Onlar elə hey Avropa alimlərinin fikir meşəsində dolaşır, aforizm ovuna çıxmaqla özlərini intellektual zənn edirlər. Özünü həm Şərqə, həm də Qərbə məxsus hesab edən böyük mütəfəkkir Əmin ər-Reyhani yazırdı ki, “əsl xilaskar o kəsdir ki, onda Şərqin ruhu və Qərbin ağlı var”.

Cübran Xəlil Cübran da, Əmin ər-Reyhani də Amerikada yaşayıb mütəfəkkir kimi yetişsələr də onların yaradıcılığı təpədən-dırnağa Şərq hadisəsi idi. Onlar Şərq ruhunu, Şərqin əzəmətini, ecazkarlığını Qərbdə çox yüksək səviyyədə ifadə edə bilirdilər. Cübran Xəlil Qərb mütəfəkkirlərinin Şərqdən necə bəhrələndiklərini əyani şəkildə göstərirdi. Qərb mütəfəkkirləri Şərq mənbələrindən çox bəhrələniblər və belə faktların sayı-hesabı yoxdur. Dostumuz Dalğa Xatınoğlu çox doğru olaraq yazır ki, Mədəniyyət Babil, Misir, İran və Hinddən Minoy sivilizasiyasına adlayıb, Yunanda zirvəyə qalxıb və sonra Romaya keçib, Xristianlığın güclənməsi ilə tamamilə dayanıb, amma yenidən Şərqdə çiçəklənib. Nəhayət, intibah (Renessasn) dövründən sonra Qərb yenidən baş qaldırıb.

Adlarını çəkdiyim mütəfəkkirlər isə Şərqlə Qərbin sintezini təfəkkür müstəvisində gerçəkləşdirmişdilər. Sovet sistemində Şərq-Qərb münasibətlərinin tədqiqi bizim üçün yasaq bir mövzu idi. Qərb mənbələrinə istinad etmək belə mümkün deyildi. Bu mövzuda ilk dəfə tədqiqatlar aparan alimimiz akademik Aida xanım İmanquliyeva olub. O, böyük cəsarətlə tabuları qıraraq və həm də zəmanəsini qabaqlayaraq kəşf olunmamış dünyanın qapılarını üzümüzə açıb. Bu haqda fəlsəfə elmləri doktoru, professor Səlahəddin Xəlilov özünün “Şərq ruhunun Qərb həyatı” kitabında geniş məlumat verir. Bu kitab mərhum akademik, Azərbaycan Şərq-Qərb problematikasının əsasını qoymuş görkəmli şərqşünas alim Aida İmanquliyevanın yaradıcılıq axtarışlarının izi ilə qələmə alınıb və Azərbaycan şərqşünaslığına böyük bir töhfədir. Kitabda Şərqdə Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin, Qərbdə Uilyam Bleyk, Ralf Emerson, Uolt Uitmenin ideya dünyası işıqlandırılır, onların poetik yaradıcılığında tərənnüm olunan Şərq ilə Qərb arasında vəhdət ideyası hərtərəfli şəkildə şərh olunur. Əsərdə Şərq-Qərb probleminə konseptual şəkildə yanaşılır. Yeri gəldikcə bu kitaba istinadlar edəcəyik.

Əvvəlki yazılarımızda Hegel fəlsəfəsinə çox istinad etmişik. Bu məqamda Hegelin məşhur bir fikri yada düşür. O, yazırdı: “Şərqdə zahiri fiziki günəş çıxır, Qərbdə isə batır: əvəzində Qərbdə özünüdərkin daxili günəşi çıxır və daha yüksək səviyyədə şüalanır”.

Qərb mütəfəkkirləri elm, düşüncə fəzasının yüksək qatlarına qalxdıqca Şərq ruhuna daha çox ehtiyac hiss etdiklərini anlayırlar. Hegel bu prosesi aforizm şəklində dəqiqliklə ifadə edib. Avropa insanı öz ruhuna Şərq güzgüsüylə baxmağı öyrəndi. Bu haqda düşünəndə tarixin dərinliklərinə enmək zərurəti yaranır. Avropada klassik elmlər heç zaman tamamilə ölməyib. Çünki latın dili elm dili kimi qalmaqda davam edirdi. Yunan dili daha az tanınırdı, hər halda bu tanışlığın özü də Bizansla əlaqələr sayəsində mümkün olmuşdu. XII əsrdə bilavasitə yunan dilindən Aristotel və Platonun bir neçə əsəri tərcümə edildi. O dövrün fəlsəfəsində ən çox nüfuzlu fiqur İbn Sina idi. Yeni tədqiqatlar göstərir ki, onun rolu indiyə kimi təsəvvür edildiyindən də qat-qat artıq imiş. Bəlkə də bu üstünlük İbn Sinanın xristian fəlsəfi fikri ilə uzlaşan Platon cərəyanına yaxınlığına görə idi. XIII fəlsəfədə Aristotelin nüfuzunu artırdı, İbn Rüşd tərəfindən Aristotelə şərh olaraq yazılmış bir neçə əsərin tərcüməsi buna imkan verdi. Avropalıların Aristotelə rəğbət göstərməsi təkcə onun fəlsəfəsindəki özünəməxsusluq deyildi, əsas səbəb Aristotelin əsl Avropa ənənələrinə mənsub olması idi. Başqa sözlə desək, elm və fəlsəfədə Aristotelin əsas mövqeyə çıxarılması Avropanın özünü islama qarşı qoyma cəhdinin bir aspekti kimi qiymətləndirilməlidir. Avropanın ərəb elm və fəlsəfəsindən bu qədər çox şey mənimsədiyini nəzərə alsaq aydın olar ki, İslamdan tam mənfi əhval-ruhiyyə ilə uzaqlaşa bilmək üçün onu mütləq müsbət amillə əvəz etmək tələb olunurdu. Bu müsbət amil rolunu Avropanın klassik keçmişi – yunan və Roma irsi – oynadı.

Ərəb və islam araşdırmaları üzrə mütəxəssis Uilyam Vott Montqomeri “Orta əsrlər Avropasına İslamın təsiri” kitabında yazır ki, “Dantenin “İlahi komediya”sının bəzi əsas konsepsiyaları müsəlman mənbələrindən qaynaqlanır və təbii ki, Dante Avropanın ərəb fəlsəfəsinə borclu olduğunu dərk edirdi”. Şərq mistiklərinin, ruhanilərinin və filosoflarının Avropa fəlsəfəsinə və ədəbiyyatına təsiri danılmazdır. İlahiyyat alimi Hacı Soltan Əlizadənin “Həzrət Əli və dünya ədəbiyyatı” kitabında bu böyük şəxsiyyətin əqidə və iman məktəbinin dünya ədəbiyyatına göstərdiyi təsir geniş və ətraflı şəkildə öz əksini tapıb. Maraqlananlar yuxarıda adlarını çəkdiyim kitabları tapıb oxuya bilərlər.

Montqomeri yazır ki, Qərbi Avropanın Şərq mədəniyyəti ilə rabitəsi avropalıları öz qeyri-kamilliklərinə inandırdı. Müsəlmanlar texinka baxımından avropalıları üstələyirdilər. Müsəlman sərhədlərinin genişlənməsi avropalıları dəhşətə salmaqda davam edirdi. XII əsrin əvvəllərində avropalılar belə hesab edirdilər ki, dünya üç hissədən ibarətdir: Asiya, Afrika və Avropa. Bu hissələrin ən böyüyü Asiya demək olar ki, bütünlüklə müsəlmanlara məxsus sayılırdı. Afrika da belə vəziyyətdə idi. Amma heç də bütün Avropa xristianların əlində deyildi. Deməli, belə çıxırdı ki, dünyanın demək olar, üçdə ikisi müsəlmanlara məxsusdur. Müsəlmanlarla rabitə quran bütün xristianlar müsəlmanların öz üstünlüklərinə sarsılmaz inamından üzülürdülər. Ümumiyyətlə, avropalıların müsəlmanlara münasibəti böyük dövlət daxilində imtiyazsız siniflərin münasibətini xatırladırdı. Avropalılar nə yolla olur-olsun, öz mövqelərini möhkəmlətmək istəyirdilər. Avropalılar islamın əsl mahiyyətini təhrif edirdilər, bu onlara ona görə lazım idi ki, müsəlmanlar qarşısında öz qeyri-kamilliklərinin yerini doldura bilsinlər. Təhrif edilmiş obraz Qərbə sərf edirdi. Orta əsrlərdə xristianlığı İslamla qarşı-qarşıya qoyma prosesinin müxtəlif aspektlərini araşdırsaq, aydın olar ki, İslam Qərb xristianlığına təsəvvür edildiyindən də artıq dərəcədə təsir göstərmişdir. İslam Qərbi Avropaya yalnız öz maddi mədəniyyət nailiyyətlərini və texniki kəşflərini ötürməklə, Avropada elm və fəlsəfənin inkişafına təkan verməklə kifayətlənmədi. O, Avropanı özü barədə yeni təsəvvür yaratmaq səviyyəsinə çatdırdı. Avropanın Şərqdən intellektual asılılığı onlarda müəyyən komplekslərin yaranmasına səbəb olurdu.

Antik dövrdən İntibah əsrinə kimi astronomiyanın inkişafını öyrənən elm tarixçiləri VIII-XIV əsrləri bəzən “İslam mərhələsi” adlandırırlar. Bu dövrdə astronomiya elminin daha sürətli yüksəlişi Orta Şərq, Şimali Afrika və mavritan İspaniyasında müşahidə edilirdi. Avropa orta əsrlərin zülmətinə qərq olduğu zaman qədim elmin (astronomiyanın) çırağı Şərq ölkələrinə keçdi.

Şərq ölkələrində astronomiyanın inkişafına iki amil kömək edib. Birinci amil bu idi ki, Şərq ölkələri qədim elmlərin çiçəkləndiyi ərazilərə coğrafi cəhətdən yaxın idi; özü də burada başqa ölkələrdən olan alimlərə münasibətdə dözümlülük də nəzərə alınırdı. Antik astronomiyanın ən yüksək nailiyyəti – Ptolomeyin “Sintaksis” əsəri də daxil olmaqla, qədim yunanların elmi irsinin böyük hissəsi IX əsrdə ərəb dilinə tərcümə edildi. Məhz bu tərcümələr sayəsində yunan mənbələri sonralar orta əsrlər Avropasında tanındı.

Digər amil bəzi müsəlman ayinləri ilə bağlıdır. Bu ayinlər riyazi astronomiyanın qarşısında əsasən zamanın ölçülməsi ilə bağlı bir sıra məsələlər qoydu. Bu məsələləri həll edərkən Şərq ölkələrinin alimləri qədim yunanların riyazi metodlar çərçivəsini də aşdılar. Onların əsasən triqonometriya sahəsində qazandıqları nailiyyətlər İntibah dövrü Avropa astronomiyasının təşəkkülündə mühüm rol oynadı. Orta əsrlər Şərq dünyasının astronomiya sahəsindəki nailiyyətlərinin əks-sədası bu gün də eşidilməkdədir. “Zenit”, “azimut”, “alqebra” kimi terminlər, habelə “yay üçbucağı” ulduzlarının adı; Veqa, Altair, Deneb – ərəb mənşəli sözlər qrupuna aiddir. Amma ərəbdilli alimlər tərəfindən yunan astronomiyasının mənimsənilmə tarixi nisbətən dəqiq məlum olduğu halda, onlar tərəfindənbu elmin təkmilləşdirilməsi və sonradan latındilli Qərbə qaytarılması tarixi yalnız indi aydınlaşmağa başlayır. Hələ minlərlə əlyazma nüsxəsi oxunmamış qalır. Bununla belə, bu prosesi bəzi ümumi cizgilərlə təsvir etmək mümkündür.

İslamın ilk əsrlərində bu din sürətlə yayılmağa başladı. Yalnız hicri II əsrin sonu, III əsrin əvvəllərində bu məntəqədə xalqların qaynayıb-qarışması ilə xarakterizə olunan kifayət dərəcədə sabit şərait elmin çiçəklənməsinə səbəb oldu. 750-ci ildə xilafəti ələ keçirmiş və 762-ci ildə yeni paytaxtın – Bağdad şəhərinin əsasını qoymuş Abbasilər sülaləsinin hökmdarları həmin dövrdə yunan əlyazmalarının tərcüməsi sahəsində görülən işlərə himayədarlıq etməyə başladılar. Cəmi bir neçə onillik ərzində Qalen, Aristotel, Evklid, Ptolomey, Arximed və Apolloniy də daxil olmaqla antik mütəfəkkirlərin əsas elmi əsərləri ərəb dilinə tərcümə olundu. Bu iş həm müsəlman, həm də xristian və atəşpərəst alimlər tərəfindən həyata keçirilirdi. Montqomerri yazır ki, Avropada Aristotel barədə tam anlayış məhz İbn Rüşdün əsərlərinin tərcüməsindən, xüsusilə də onun Aristotelin metafizik əsərlərinə şərhlərindən sonra əldə edilmişdir.

Bir maraqlı məqamı da qeyd edək və bununla da yekunlaşdıraq. Bəlkə də çoxları bilmir ki, planetin konsentrik hərəkət sxemi bütövlükdə İbn Şatir tərəfindən qurulub. 1350-ci illərdə Dəməşqdə fəaliyyət göstərən İbn Şatir Nəsrəddin Tusinin yaratdığı sxemə bənzər sxemdən istifadə edirdi. Bu zaman o, nəinki yalnız ekvantı, habelə etiraz doğuran digər Ptolomey dairələrini də ləğv edə bilmişdi. Bununla o, ideal şəkildə yerləşmiş və mexanika qanunlarının icazə verdiyi səma sferalarının sxemlərinin yaradılması yolunu maneələrdən təmizləmiş oldu. Amma İbn Şatirin sxemi də Marağa rəsədxanası astronomlarının qazandıqları nailiyyətlər kimi Avropa üçün praktiki olaraq naməlum qaldı.

İbn Şatirin unudulmuş modeli 50-ci illərin sonunda E. Kennedi və onun Beyrutdakı Amerika Universitetində oxuyan tələbələri tərəfindən aşkara çıxarıldı.Bununla bağlı maraqlı bir problem də ortaya çıxdı. Dərhal aydın oldu ki, İbn Şatirlə  Marağa astronomlarının kəşfləri, bir neçə əsr sonra ekvantı ləğv etmək və Yer orbitinin vəziyyətində mürəkkəb dəyişikliklər etmək məqsədini daşıyan Kopernikin istifadə etdiyi mexanizmlə eyni tiplidir. (!) Görəsən Kopernik İtaliyada oxuyarkən (1496-1503-cü illər) hər hansı ərəb əlyazmasına rast gələ bilərdimi? Bu fərziyyə qeyri-inandırıcı görünür. Bilirik ki, Tusinin bəzi əsərlərinin yunanca tərcümələri XV əsrdə Romaya gedib çıxmışdı. (1453-cü ildə Konstantinopolun süqutundan sonra xeyli yunan əlyazması Qərbə aparılmışdı. – müəllif) Lakin Kopernikin hər hansı səviyyədə bu kitablarla tanış olduğu barədə heç bir məlumat yoxdur. Eyni zamanda, Kopernikin bu metodu müstəqil şəkildə tapması da mümkünsüz görünür. Bu danılmaz bir faktdır ki, ümumi ideya olaraq Ptolomeyin tənqidi və ekvantın ləğvi latındilli Qərbin Şərq aləmindən mənimsədiyi elmi mühitin bir hissəsi idi.

 

Paylaş: