C. Avq 23rd, 2019

Ərdoğanın 2023 planı: Bakı ilə bağlı…

Ankara Ticarət Odası rəhbərliyi yeni Ankara-Bakı aviareysinin açılması münasibətilə Azərbaycana səfər edib.

Səfər çərçivəsində Ankara Ticarət Odasının sədri Gürsəl Baran, Ankara Ticarət Odasının sədr müavini Xəlil İbrahim Yılmaz, Türkiyə Hava Yollarının Ankara müdiri Əmrullah Kirişçi, THY-nin Bakı müdiri Seyfullah İlyas, digər ATO nümayəndələri, Türkiyənin “Hürriyyət”, “Milliyyət”, “Star”, “Axşam” qəzetlərinin və “Anadolu” agentliyinin əməkdaşları, eləcə də azərbaycanlı jurnalistlər arasında görüş keçirilib.

Yemək masası arxasında keçirilən səmimi görüşdə ATO rəsmiləri yeni Ankara-Bakı-Ankara aviareysinin aprelin 22-si axşam saatlarından etibarən fəaliyyətə başladığını, ötən gün ilk uçuşun Ankaradan Bakıya baş tutduğunu bildiriblər. Bu gün isə yeni aviareys vasitəsilə ilk təyyarə Bakıdan Ankaraya yola düşüb.

Görüşdə həmçinin Azərbaycan-Türkiyə arasında dostluq münasibətləri, iqtisadi, turizm, mədəni-tarixi əlaqələrdən bəhs edilib.

ATO sədri yeni aviareysin Azərbaycan və Türkiyə üçün əhəmiyyətindən danışıb:

“Ankara Ticarət Odası Türkiyədə ikinci ən böyük sivil tolum təşkilatıdır. Personalla birgə təxmini 1000 nəfərdən ibarət komandamız var. Prezident Rəcəb Tayyib Ərdoğanın “2023” planları çərçivəsində hərəkət etməyə, Ankaranı daha da inkişaf etdirməyə çalışırıq. Dünyada müdafiə sənayesindəki ən önəmli şirkətlərdən 4-ü Ankarada yerləşir. Səhiyyə turizmi də bizim üçün çox önəmlidir. Ankara paytaxt şəhər olduğuna görə müxtəlif ölkələrdən bura reyslərin açılması əhəmiyyət kəsb edir. Reyslərin açılması gediş-gəlişi daha da asanlaşdıracaq.

Ankara-Bakı arasındakı ticarət dövriyyəsi 200 milyon dollar həcmindədir. Bu rəqəmin 1 milyarda çatmasını istəyirik”.

THY-nin Ankara müdiri Əmrullah Kirişçi yeni aviareysin tanıdılması məqsədilə azərbaycanlı jurnalistlərin Türkiyəyə, türkiyəli jurnalistlərin də Azərbaycana səfərinin təşkil olunacağını bildirib.

Daha sonra ATO sədri azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb.

Görüşdən sonra türkiyəli qonaqlar Fəxri Xiyabana gedərək, ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyublar. (axar.az)

 

Paylaş: