C. Avq 23rd, 2019

“Küçə itlərini müdafiə edənlər anormaldırlar” – Tanınmış jurnalistlər DANIŞDILAR

Onlar sahibsiz heyvanların şəhərdən yığışdırılmasını istədilər

Binəqədi rayonunun Sulutəpə qəsəbəsində azyaşlı Hüseyn Məmişovun quduz itin hücumuna məruz qalması paytaxtın ənənəvi “küçə itləri” problemini qabardıb. 
Sahibsiz itlərin qorxusundan vətəndaşların küçədə sərbəst şəkildə gəzə bilmədiyi vaxtda, aprelin 22-də bir neçə aktivist- Fərid Mansurov, Lalə Məmmədzadə, Hicran Qarayeva, Afət Quliyeva, Sumarə Əliyeva, Elxan Mirzəyev, Nicat İsmayılov Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirib. 
Onlar itlərin küçələrdən yığışdırılmasını heyvan hüquqlarına zidd sayır, heyvanların güllələnməsi, axtalanması təkliflərini qınayır, itlərin küçələrdə sərbəst gəzməsini, peyvəndlənmiş itlərin yenidən küçələrə buraxılmasını tələb ediblər.

Aksiya iştirakçısı Lalə Qarayev bildirib ki, valideynlər uşaqlarını düzgün tərbiyə etmirlər:

“Uşaqları itlərlə qorxutmaqlarına son versinlər. İtlər insanlardan qorxur, onların içində aqressivləri də var, amma itləri küçələrdən yığmaq olmaz”.

Heyvansevərlər bununla kifayətlənməyib, mətbuatı itlərin hücumu ilə bağlı məlumatlara görə qınayıblar:

“Bu itlər burada doğulub, biz tələb edirik ki, itlər küçələrdən yığılmasın. Çox mülayim, peyvəndlənmiş itləri də küçədən yığırlar. Heyvanı vurub qaçırlar”.


Meriyadan verilən məlumata görə, heyvansevərləri Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşları qəbul edərək, şikayətləri dinləyiblər. Onlara şikayətlərinin araşdırılacağı bildirilsə də, bu, heyvansevərləri qane etməyib, əksəriyyət küçəyə çıxaraq, fikirlərini aqressiv formada bildirməkdə davam ediblər.

Məlumata görə, itlərin hücumuna məruz qalanların vəziyyətinə laqeyd olan, onları valideynlərini və özlərini günahlandıranlardan ikisi milliyətcə ermənidir. 

“İtbazlar” küçələrdən sahibsiz heyvanları yığıb Mərkəzə aparan işçilərə hücum edir, maşınları daşa basır, Balaxanıdakı Mərkəzin fəaliyyətinə maneə törədir, müxtəlif yerlərdə piketlərə cəhd edirlər. Onlar balaca Hüseynin itin hücumuna məruz qalmasında validyenlərini günahkar görürlər.

Sosial şəbəkə istifadəçiləri isə 4 yaşlı Hüseynin üzü parçalanmış şəkillərini paylaşaraq, sahibsiz itlərin küçələrdən yığışdırılmasını tələb edirlər. Bir sıra aktivistlər yenə də sakit dayanmayıb, heyvanların küçələrdən yığışdırılmasını, güllələnməsini tələb edənləri sosial şəbəkələrdə tənqid və təhqir ediblər.

Hərəkətə keçmək üçün daha nə baş verməlidir?!
Aktiv sosial şəbəkə istifadəçisi, “525-ci qəzet”in baş redaktoru, yazıçı Rəşad Məcid heyvan hüquqlarını müdafiə edənləri heç cür anlamadığını bildirib:

“Mənim üçün də maraqlı idi ki, görəsən bunlar insanların həyatı üçün təhlükə yaradan küçə itlərinin müdafiəsini nə ilə əsaslandırırlar. Çünki özüm dəfələrlə, səhərlər gəzinti zamanı, gecə eyvandan baxanda küçə itlərinin sürü halında gəzdiyini müşahidə etmişəm. Biz nə qədər “heyvandır” desək də, fəsadları çıxır. 4 yaşlı körpənin üzünün parçalanması ən böyük fəsaddır. Daha nə olmalıdır ki, biz sahibsiz itlərlə bağlı iş görək?! Aidiyyatı qurumlar bununla məşğul olmalıdırlar”.

“Küçə itlərini müdafiə edənlər anormaldır”


R.Məcidin sözlərinə görə, heyvan həyatını insan həyatından üstün tutanlar anormaldırlar:

“Sadəcə başa düşmək istəyirdim ki, hansı fikirlərlə o heyvanları müdafiə edirlər. Bu müzakirələr gedən ərəfədə sosial şəbəkədə status yazdım və səbəbini soruşanda bir nəfər bildirdi ki, aktivistlər travmatikdirlər. Yəni hansısa insanda travma, sapıntı olur ki, bu cür anormal fikir irəli sürsünlər, yiyəsiz, insanlara zərər verə biləcək itləri aşırı müdafiə etsinlər. Hesab edirəm ki, bu tip insanlarda travma olduğundan özlərini anormal aparır. Normal məntiq deyir ki, insanlara zərər verə biləcək sahibsiz itlər küçələrdən yığışdırılmalıdır, başqa yolu yoxdur!”
 “Küçə itlərinə mərhəmətli olmaqla problem həll edilməyəcək”

“Strateq.az” saytının redaktoru, tanınmış jurnalist Xaqani Səfəroğlu bildirib ki, küçə itləri istənilən halda təhlükə mənbəyidir:

“Onların çoxalması müvafiq qurumların öz işlərinə məsuliyyətsiz yanaşmasının nəticəsidir. İlk növbədə yaşayış yerlərinin yaxınlığında zibilli ərazilərin mövcudluğu belə itlərin ora kütləvi axınına şərait yaradır. İtlərin vaksinasiyası başdansovdu aparılır. Ümumiyyətlə, rəsmi qurumların küçə itləri ilə davranış sistemi çox pərakəndədir. İt heyvandır və uşaqlara, qocalara, fiziki əngəlli adamlara hücumu hər an ola bilər. Küçə itləri vaxtı ilə sahibləri tərəfindən atılmış və bu atılmış itdən törəmiş köpəklərdir. Yəni insan faktoru burada başlıca rol oynayır. Küçə itləri adətən şəhər evlərinin həndəvərində toplaşır və sakinlər onları yemləyirlər. Sakinlər bunu mərhəmət kimi anlasalar da, əslində bu yolla həmin itdə ərazi stereotipi yaranır. O yemləndiyi ərazini artıq öz ərazisi hesab etməyə başlayır və oranı nəyin bahasına olursa olsun, qorumağa can atır. Çünki qarnını orada doyurur”.


“Vergi tətbiqi çarə ola bilər”

X.Səfəroğlu qeyd edib ki, xarici ölkələrdə küçə itləri ilə davranış fərqlənir:
“Belə itlər ya vaksinasiya olunaraq böyük qapalı ərazilərdə saxlanılır, ya da evtanaziya üsulu ilə həyatlarına son qoyulur. Strelizə etməklə küçə itinin yenidən küçəyə buraxılması da mübahisəlidir. Müvafiq qurumlar əmək haqqının az olmasını əsas gətirərək, küçə itlərinin tutulmasına barmaqarası baxırlar. Bunun çarəsi vergilər ola bilər. Bakıda və digər şəhərlərdə ev heyvanı saxlayanlara vergi tətbiq oluna bilər. Bu vergilərdən gələn məbləğ heyvan sığınacaqlarının saxlanmasına, bu itləri tutan əməkdaşların əməkhaqlarına yönəldilə bilər. Heyvansevərlərin etirazları anlaşılandır, amma əsas məsələ küçə itləri ilə effektli mübarizə metodunu tapmaqdır”. (modern.az)

Paylaş: