Be. Avq 19th, 2019

Azərbaycan mədəniyyəti tarixinə doğulan günəş – Sultan Məcid Qənizadə

(Aprel ayında S.M.Qənizadənin doğum günüdür)

Aynurə Əliyeva

  Azərbaycan maarifçilik cərəyanı XIX əsrin sonları, XX əsrin əvvəllərində özünün ən ilk çağlarını yaşadı. Təsadüfi deyil ki, 1875-ci il “Əkinçi” qəzetinin çapı ilə start götürən Milli Azadlıq Hərəkatı 1918-ci ilin 28 mayına, yəni Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu günə qədər davam etdi. Sonra da istiqlal bəyannaməsi kimi şanlı bir tarixlə nəticələndi. Bu, təbii ki, öz-özünə meydana gəlmədi. O dövrün ziyalılarının gərgin əməyinin məhsulu idi. Hansı ki, onlar çox böyük çətinliklərə baxmayaraq, xaricdə təhsil alıblar və Avropanın Demokratik, intelektual dəyərlərini Şərq ölkəsi olan Azərbaycana da gətiriblər. XIX əsrdə Azərbaycan maarifçilik cərəyanını inkişaf etdirən şəxslərdən biri də Sultanməcid Qənizadə olub. Sultanməcid əfəndi XIX əsrin sonu XX əsrin əvvəlindəki ziyalıların bəzilərindən fərqli olaraq, çoxşaxəli fəaliyyəti ilə seçilib. Dahi şəxsiyyət, sözün həqiqi mənasında elm fədaisi, vətənin dəyərli, ziyalı övladı Sultan Məcid Qənizadə. Azərbaycanın tanınmış maarif xadimi, müəllim, yazıçı, tərcüməçi, jurnalist, bir sıra lüğətlər, dərsliklər, bədii əsərlər, felyetonlar müəllifi Qənizadə Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan-ədəbiyyat fədailərindəndir.

    Sultanməcid Qənizadə 1866-cı ilin aprel ayında Şamaxı şəhərində tacir Hacı Murtuzəli kişinin ailəsində dünyaya gəlmişdi. Tədqiqatçıların yazdıqlarına görə, Sultanməcidin ulu babası Ağa Məsih Şirvani Şamaxının tanınmış şairlərindən olub. Ədibin bəzi məqalələrində “Məsihzadə” imzası ilə yazması da bu varisliyə işarədir. Sultanməcidin atası tacir idi. Şamaxının sayılıb-seçilən ziyalılarından olub. Elmə, maarifə böyük marağı varmış. Bu səbəbdən də oğlunun ilk müəllimi özü olub. O, əvvəlcə övladına yazıb-oxumaq öyrədib, sonra da onu şəhərdəki müxtəlif məktəblərdə oxudub, bir neçə dilin öyrədilməsinə nail olub. Rus dilini mükəmməl bildiyindən Sultan Məcid Qənizadə 1883-cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuşdur. Bu institut 50 ilə yaxın bir müddətdə yaxın vilayətlərin şəhər məktəbləri üçün müəllim kadrları hazırlayıb. O vaxt müsəlmanların şəhər məktəblərində müəllim işləməsi çar hökuməti tərəfindən qadağan edildiyindən Sultan Məcid Qənizadə tələbə dostu və gələcəkdə yaxın silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla birlikdə kənd məktəblərinə təyin ediliblər. Bu haqsızlıqla razılaşmayan hər iki dost Bakıya gələrək 1887-ci ildə “Rus-Azərbaycan məktəbi” adlı ibtidai təhsil ocağının yaradılmasına nail oldular. Bu maarif işığının şöləsi tezliklə yurdumuzun bir sıra bölgələrinə də yayıldı. Azərbaycan maarifinin yeni mərhələsi sayılan bu uğurlu fəaliyyətin şöhrəti başqa ölkələrdə də yeni təhsil ocaqlarının yaradılmasına təkan verdi. Onun hazırladığı bir sıra lüğətlər bu sahədə ilkin addımlardan sayıla bilər. “Lüğəti-rusi və türki” (1902), “Samouçitel tatarskoqo yazıka” və başqa kitablar S.Qənizadənin elmi təfəkküründən, dillərə olan münasibətindən, gərgin əməyindən, yaradıcı fəaliyyətindən, öz millətinə göstərdiyi xidmətdən və canyanğısından xəbər verir. Azərbaycan maarifinin ağırlığını çiynində şərəflə daşıyan S.Qənizadə bir müddət Qori Müəllimlər Seminariyasında, sovet hakimiyyəti illərində isə respublikanın Xalq Maarif Komissarlığında çalışmış, müxtəlif elmi cəmiyyətlərin, komissiyaların üzvü olmuşdur. Azərbaycan müəllimləri arasında böyük hörmətə və nüfuza malik olan bu qocaman maarif xadiminə hamı ehtiramla “Mirzə Məcid” deyə müraciət ediblərmiş. S.Qənizadə mədəniyyət xadimi idi. Azərbaycan teatrının inkişafı sahəsində böyük xidmətləri olmuşdur. Səhnəyə neçə-neçə istedadlı həvəskarın cəlb edilməsinə, teatr truppalarının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə çalışan Sultanməcidin Hüseyn Ərəblinskinin teatra gəlməsində böyük rolu olub. Məlumdur ki, Hüseyn Ərəblinski ilk dəfə məhz Sultan Məcid Qənizadənin rejissorluğu ilə hazırlanmış “Vəziri xani-Lənkəran” komediyasının tamaşasındakı (1898) Mehtər Kərim rolunu oynamışdır. Araşdırmalar göstərir ki, Sultan Məcid həm rejissorluğu gözəl bacarırmış, həm də dramaturqluğu. Təəssüf ki, onun bu sahədəki fəaliyyəti yetərincə tədqiq edilməmişdir. S.Qənizadə tərcüməçi idi. 1894-cü ildə o, Lev Tolstoyun “Əvvəlinci şərabçı” pyesini tərcümə edib, həmin ilin may ayında Bakıda tamaşaya qoymuşdur ki, bu da Azərbaycan səhnəsi tarixinə rus dramaturgiyasının ilk tamaşası kimi daxil olmuşdur”. O da məlumdur ki, Qənizadə öz müasiri Lev Tolstoyla sıx əlaqədə olmuş, məktublaşmışlar.

   S.Qənizadə böyük yazıçı və dramaturq idi. Deyilənə görə, ilk qələmə aldığı pyes “Qönçə xanım” adlanıb. Təəssüf ki, bu günə kimi bu pyes tapılmayıb. Rus ədiblərindən etdiyi tərcümələrlə yanaşı, Sultanməcid xalq nağılları əsasında uşaqlar üçün mənzum hekayələr də yazmışdır. Ən sanballı bədii əsəri isə “Məktubati-Şeyda bəy Şirvani” adlanır. Əslində bu, bioqrafik bir əsərdir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Roman “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı iki hissədən ibarətdir. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.

    Sultanməcid Qənizadə eyni zamanda böyük jurnalist idi. Qori müəllimləri seminariyasında işlədiyi müddətdən mətbuatda müntəzəm çıxış edən S.Qənizadə yazıları ən çox “Dəbistan” jurnalında çap olunardı. Ədəbiyyatşünas Firudin Hüseynovun yazdığına görə, Sultanməcid Qənizadə Nəriman Nərimanovla yaxından dostluq etmiş və əqidə yoldaşı Həbibbəy Mahmudbəyovla birlikdə maarifpərvər bir mətbuat orqanı açmaq haqqında düşünürmüş. 1906-cı ildə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalının yaranışını alqışlayan və buna çox sevinən ziyalılarımızdan biri məhz S.Qənizadə olub. Amma təəssüf ki, tədqiqatçıların heç biri Molla Nəsrəddinin yazarları haqqında araşdırmalar apararkən S.Qənizadənin üstündən sükutla keçiblər. Heç ola bilməz ki, belə bir jurnalın yaranışına sevinən, Sabirlə dost olan, o dövrün müxtəlif mətbuat orqanlarında çıxış edən bir ədib “Molla Nəsrəddin” jurnalına nəsə yazmamış olsun. Görünür, naməlum qalan imzalardan Sultanməcid Qənizadəyə də məxsus olanlar var. Yəqin ki, yeni tədqiqatçılar tərəfindən bu qaranlıq məsələlərə də bir aydınlıq gətiriləcək.

  Müəllimliyə başladığı ilk gündən həyatını və yaradıcılığını millətinin oyanışına, tərəqqisinə, təhsilinə və işıqlı gələcəyə sahib durmasına bağlamışdı. Görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli yazırdı: “Qənizadə iqtidarlı bir ədib olduğunu bildirir. Əsərlərinin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”. Bir çox həmkarından fərqli olaraq S.Qənizadə yaradıcılığında da, pedaqoji fəaliyyətində də insanları Allahın buyurduğu şəriətlə yaşamağa çağırırdı. İnsan mənəviyyatını, əxlaqını önə çəkən Qənizadə dünyəvi elmləri yorulmadan təbliğ etməklə yanaşı, hər kəsi insan olmağa, insaniyyətə, milliyyətə, Vətənə xidmətə səsləyərdi. O, bütün ibrətamiz öyüdlərində vətəndaş olduğunu, Vətənə bağlılığını ifadə edirdi. O dövr yazıçılarının bir çoxunu məşğul edən problemlərdən biri də qadın azadlığı məsələsi olub. Sultanməcid Qənizadə müsəlman aləmində əsrlər boyu davam edən qadın geriliyinə son qoymaq üçün “Gəlinlər həmayili” ndə öz fikirlərini oxucuların mühakiməsinə vermişdi. Sultanməcid Qənizadə bütün bunlardan sonra o dövrün tələbi ilə “xalq düşməni” adlandırıldı. Onun tərcümeyi-halında oxuyuruq: “S.Qənizadə 1937-ci ildə, 72 yaşında vəfat etmişdir”. Görünür, tədqiqatçılar dövrün ab-havasından çəkinərək ölüm tarixini sadəcə belə yazmağı məsləhət bilmişlər. Sultanməcid Qənizadə öz əcəli ilə vəfat etməmişdi. 1937-ci ilin repressiyaları öz qara caynaqlarını yaşının ahıl çağında S.Qənizadəyə də tuşladı. Ömrü boyu millətinə, xalqına, onun işıqlı gələcəyinə xidmət göstərən bir şəxsiyyəti həbs edərək “xalq düşməni” kimi güllələdilər.

     Yazarın Əli İskəndər Cabbarovla birlikdə yazdığı “Kəlili ədəbiyyat” (müntəxabat), “İstilahi Azərbaycan”, “Lüğəti rusi və Azərbaycan (müsəlman)” və s. əsərləri məktəblərdəki boşluğu qismən doldurmağa xidmət etmişdir. O, “Axşam səbri xeyir olar” əsəri ilə ədəbiyyat tariximizdə təbdilin əsasını qoymuşdur. Ən orjinal əsəri “Məktubati Şeyda bəy Şirvani” ümumi başlığı altında yazdığı “Müəllimlər iftixarı” hekayəsi və “Gəlinlər həmayli” romanıdır. Bu əsər ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Yaradıcılığında 1906-cı ildə “Dəbistan” jurnalında çap edilmiş “Allah xofu” hekayəsi xüsusi yer tutur.  S.Qənizadə tərcümə sahəsində də özünü sınamışdır. İlk tərcümə əsəri L.Tostoyun “Əvvəlinci şərabçı” əsəridir.S.Qənizadə yaradıcılığında körpəlik pedaqogikası, Azərbaycan pedaqoqu və maarifçisi, tərbiyə, cismani tərbiyə, mənəvi tərbiyə, valideyinlər və milli tərbiyə əsaslı yer tutur.  Belə ki, ümumi pedaqogika başqa elmlərə nisbətən müstəqil bir elm kimi son zamanlar formalaşmasına baxmayaraq, onun tarixi çox qədimə söykənir. Bütövlükdə, “Pedaqogika” yunan sözü olub ədəbiyyatda “uşaq ötürən”, “uşaq himayə edən” və yaxud “yönəldirəm, tərbiyə edirəm” mənasında işlənir. S.Qənizadə isə bu sözü “lələ” adlandırır. O yazır: “Pedaqogika ləfzi yunan dilində “lələ” deməkdir ki, ibarətən tərbiyə elmi zəmnində istemal olunur”. Çox maraqlıdır ki, “lələ” sözünə qardaş türk pedaqoji ədəbiyyatında, həmçinin Azərbaycan dastanlarında rast gəlirik. “Lələ” sözünə Azərbaycan aşıq dastanlarında da rast gəlirik, məsələn, “Əsli və Kərəm” dastanında deyilir:

                        Ərzurumun gədiyinə varanda,

                            Onda gördüm burum-burum qar gəlir.

                           Lələ dedi: gəl bu yoldan qayıdaq,

                          Dedim dönmək namusuma ar gəlir.

Beləliklə, böyük maarifçi Qənizadənin məqaləsində “lələ” sözü, fikrimizcə, çox yerində işlədilmişdir və elmi-pedaqoji ədəbiyyatda bir termin kimi istifadə olunması çox yerinə düşərdi. Məlum olduğu kimi, pedaqogikanın bir elm kimi formalaşması çex pedaqoqu Y.A.Komenskinin adı ilə bağlıdır. Azərbaycan elmi-pedaqoji fikri tarixində isə bu məsələ Azərbaycan maarifçi-pedaqoqu S.Qənizadənin (1866-1942) adı ilə bağlıdır.  S.Qənizadənin fikrincə, “pedaqogika ən mühüm və ən vəsi (yəni ən geniş, vüsətli) elmlərindən birisidir”. Onun pedaqogika elminə verdiyi tərif də maraqlıdır. O, yazır ki, pedaqogika elmi insan tərbiyəsinin müxtəlif tərəflərini tədqiq edir. Bununla belə, əslində pedaqogika insan tərbiyəsinin iki əsas cəhətini öyrənir ki, bunlardan biri cism, yəni bədən tərbiyəsi, digəri isə ruh tərbiyəsidir. Göründüyü kimi, müəllif tərbiyyənin iki növü-ruhi və cismani, müasir terminlərlə desək, mənəvi və fiziki tərbiyəni nəzərdə tutur. Müəllif fiziki tərbiyə ilə yanaşı mənəvi tərbiyədən də ətraflı bəhs etməyi vəd etsə də, əsərdə yalnız fiziki tərbiyə məsələləri şərh olunmuşdur. Buna baxmayaraq, o, tərbiyənin hər iki növünü bir-birindən təcrid etmir, birini digəri üçün əsas hesab edirdi. Fikrimizcə, həqiqətən də insanın tərbiyəsində yuxarıda göstərilən hər iki cəhət əsas olub, tərbiyə aparıcı yer tutur. Müəllif bu iki cəhətdən birinin-fiziki tərbiyənin üzərində dayanır, onu daha geniş və ətraflı şəhr edir. Müəllifin fikrincə, cismani tərbiyə, yəni bədən tərbiyəsi insanın sağlamlığına, uşağın daxili və xarici orqanlarının düzgün inkişafında xidmət edir. Sultanməcid Qənizadənin fikrincə, insanların şüuru, idrakı, fəhmi uzaqgörmə qabiliyyəti, gözüaçıqlığı və s. hissləri onları digər varlıqlardan fərqləndirir və bu cövhərlərin bünövrəsi hələ ana bətnində ikən Allah tərəfindən qoyulur. Müəllifin fikrincə, insanın mövqeyi uca olduğuna görə onun tərbiyəsi də daim zəhmət və hünər istər. S.Qənizadənin gəldiyi elmi-pedaqoji nəticələrdən biri də budur: “Tərbiyə işində cism tərbiyəsi ruh tərbiyəsindən müqəddəmdir”.  Belə ki, əgər bədən salamat olmasa, ruh asayişdə ola bilməz”. Ümumiyyətlə, böyük maarifçinin fikirlərində körpənin bədən tərbiyyəsinə, xüsusilə də ana bətnində tərbiyəsinə, başqa sözlə, körpəlik pedaqogikasına ayrıca diqqət yetirilmiş və bu məsələ üzrə müxtəlif tərəflər şəhr edilmiş, bu günümüz üçün də faydalı olan dəyərli fikirlər söylənilmişdir. 

S.Qənizadə maarif xadimi, yazıçı, müəllim, naşir idi. Çox qısa zamanda həmin fəaliyyət sahələrinin hər birində uğur qazanmışdı. Bu adların hər birini ədibimiz öz gərgin zəhməti, dərin zəkası bahasına qazanmışdı. S.Qənizadə hərtərəfli istedada malik yazıçı olmuşdur.

Böyük Şəxsiyyət S.Qənizadə Azərbaycan ədəbiyyatı tarixində ilk tarixi dramın “Qönçə xanım” ilk romanın “Gəlinlər həmayili”, ilk publisist hekayənin “Müəllimlər iftixarı”, ilk yumoristik mənzum uşaq hekayəsinin “Tülkü və Çaqcaqbəy” yaradıcılarındandır. S.Qənizadə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və mədəni fikir tarixinin müstəsna zəka və əməl sahiblərindən olub, milli maarif tanıma, milli azadlıq və dövlətçilik ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdir. S.Qənizadənin adı milli mədəniyyət və dövlətçilik tariximizə böyük maarifçi, bənzərsiz pedaqoq, əsl xalq müəllimi, məktəb və ədəbiyyat fədaisi, görkəmli maarif xadimi və təşkilatçısı, dilçi-metodist alim, tanınmış ədib, yazıçı, mühərrir, mütərcim, nəhayət, milli istiqlal mücahidi, ictimaisiyasi və dövlət xadimi kimi daxil olmuşdur. Dahi şəxsiyyət, öncül ziyalı S.Qənizadənin müdrik fikirləriə nəzər salaq: “Çobanın sürüyə acığı tutanda kor keçini qabağa salır. Müəllimin evi kitabxanadır, dövlət kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin sədası, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Müəllim dediyimiz zat mərifət külbəsinin (dünyasının) dərbanı (qapıçısı), nicat yolunun rəhbəridir. Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrət edən ata kimidir. Bizlər (millət) üçün əgər bir çıraq yanacaqsa, məktəb ocağının şöləsindən yansa gərəkdir. Cəhalət mülkünə əgər bir məhtab (ay) doğacaq isə, yenə məktəb divarından parlayacaqdır. Əgər sultanlıq istərsən, dəri-məktəbdə (məktəb qapısında) xadim ol!  Əgər insanın malı gedə təəssüf olmaz, təəssüf olur, əgər abrusu tökülə”.

      Sultanməcid Qənizadənin öz yaradıcılıq taleyi, içtimai-pedaqoji fəaliyyəti ilə müasiri olan yazıçıların bir çoxundan fərqlənir. S.Qənizadənin yaradıcılığında, içtimai-pedaqoji görüşlərində mürəkkəb ziddiyyətlər vardır. Yaradıcılığında və pedaqoji fəaliyyətində dünyəvi elmləri yorulmadan təbliğetməsinə baxmayaraq, o, bəzən elmlə şəriəti eyniləşdirməyə meyl göstərir, çağırır.

    Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan S.Qənizadə (1866-1937) Türklüyə və İslama münasibətdə də özünəməxsus yer tutmuşdur. Hələ, 1880-ci illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultan bəy bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Həbib bəy Mahmudbəyovla birlikdə, 1887-ci ildə Bakıda “Rus-Tatar məktəbi” adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Ancaq yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) də keçirilirdi.  Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Azərbaycan türklərinin ideoloqu M.Ə.Rəsulzadə də olmuşdur. Sultanməcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20-ci əsrin əvvəllərində onun “Lüğəti-rusi və türki”, “İstilahi-Türki” və başqa kitabları nəşr olunmuşdur. S.M.Qənizadə ilk dövrlərdə bir maarifçi kimi, daha çox cəmiyyətin savadlanmasına, elm və bilik sahibi olmasına çalışmışdır. Onun fikrincə, müəllimin əsil övladları öz uşaqları deyil, məhz şagirdləri olmalıdır. Eyni zamanda, müəllimin mal və dövləti dərs və təlimdir, müəllimin kəsb və icrəti isə millətinin rəğbətidir.

   S.Qənizadə düşünürdü ki, artıq mədəniyyət əsrində Xacə Hafizin xətm etdiyi qəzəliyyat yolu ilə getmək, zülf və şövqlə mədhiyyələr oxumaq hünər deyildir. Artıq dünyəvi elmlərə meyil etmək, cəmiyyəti maarifləndirəcək əsərlər yazmaq lazımdır. Bu yolda Qənizadə bir sıra əsərlər “Məktubati-Şeyda bəy Şirvani”, “Allah xofu” və s. yazmışdır. O, həmin əsərlərində də ilk növbədə yeni tipli məktəblərdən və həmin məktəblərdə dərs deyən müəllimlərin milli ruhlarından bəhs etmişdir. Azərbaycan mütəfəkkiri hesab edirdi ki, dini xurafat və mövhumatdan, cahillik və nadanlıqdan qurtulmağın ilk yolu məktəblərin yaranmasından və həmin məktəbdə millətin övladlarına bilik vermək istəyən müəllimlərin olmasından başlayır. Onun fikrincə, müəllim millətini cəhalətindən qurtarmaq üçün hər şeyi gözə almalıdır: “Millətin cəhalətindən həzər edən müəllim öz balasına nifrin edən ata kibidir. Hünərli ustad xam dəmirdən səbirlə misri qılınc yapa bilərsə, yaxşı müəllim kəctəb millətdən xoşəxlaq cəmiyyət hazırlaya bilər”.

Hətta, Qənizadə müəllimliyi həccə getmək istəyən müsəlmanın vəzifəsindən də ağır vəzifə hesab etmişdir. Onun fikrincə, xüsusilə dövründə müəllim çox məsuliyyətli bir vəzifə daşıyır: “Müəllimliyə təklif olan şəxs həcc və zəkatə müstəti olmadıqda “kimləri öyrətdin və nə öyrətdin?” sorulub bazxast (tələb) olacaqdır. İnsafən müəllimlik təklifi ağır təklifdirsə, müəllimlik şəni həm uca şəndir. Müəllimlik hər bir əsrdə ağır olubsa, bu əsrimizdə daha ağırraqdır! Əsrimiz bir əsrdir ki, gündüzlər qiraət, gecələr kitabət müəllimlər üçün din borcudur”. S.Qənizadə 1918-ci ildə Azərbaycan Milli Şurasının üzvü, 1919-cu ildə ADR-də Parlamentin sədr müavini seçilmişdir. 1920-1925-ci illərdə Sovet hakimiyyəti dövründə respublikanın Xalq Maarif Komissarlığında şöbə müdiri vəzifəsində çalışmışdır. 1925-1929-cu illərdə Bakı şəhər Xalq maarifi idarəsində inspektor işləmiş, hərbi məktəbdə və sənaye İnstitutunda dərs demişdir. 1937-ci ildə Xalq düşməni kimi həbs edilərək güllələnmişdir.

   S.Qənizadə XIX əsrin sonu-XX əsrin əvvəllərində Azərbaycan xalqının yetirdiyi böyük maarifçi, söz, fikir və əməl adamı, dilçi, metodist alim, tanınmış ədib və ictimai siyasi xadim idi. Onun haqq dünyasına qovuşmağından uzun illər keçsə də o, əsərlərində, əməllərində və parlaq ideyalarında bu gün də yaşayır. Necə ki, Azərbaycanın zəngin məktəb və pedaqoji fikir tarixi, qədim ədəbiyyatı var, deməli, Azərbaycanda müasir məktəb hərəkatının bansi və misilsiz carçısı, böyük maarifçi Sultanməcid Qənizadənin də adı və əməlləri hər zaman yaşayacaqdır.

Paylaş: