Bz. Avq 18th, 2019

SEPAH-ın generalı İrandan qaçdı – Minlərlə MƏXFİ SƏNƏD ABŞ-nın əlinə keçdi

İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) daxili təhlükəsizlik bölməsinin komandiri briqada generalı Əli Nasiri İrandan qaçıb.

Bu məlumatı İsrail mətbuatı yayıb. Məlumata görə, Nasiri ABŞ-ın Fars körfəzi ölkələrindən birinin səfirliyindən siyasi sığınacaq istəyib. Nasirinin ölkədən qaçmasına səbəb onun İranın ali dini lideri Əli Xameneinin SEPAH üzrə nümayəndəsi Hüseyn Taeblə açıq konfliktə girməsi olub.

Xaricə qaçan general ABŞ səfirliyinə özüylə bərabər məxfi sənədlər də gətirib. Bu sənədlərdə İranın nüvə və raket proqramları haqqında məlumatların, eləcə də xaricə diplomatik toxunulmazlıq adı altında səfərlər edən İran xüsusi xidmət orqanları işçilərinin siyahısının yer aldığı bildirilib.

Qeyd edək ki, Nasiri aprelin 21-də gözlənilmədən vəzifəsindən azad edilib. Onun yerinə daxili təhlükəsizlik bölməsinə general Fəthulla Cumeyri təyin olunub.

SEPAH-ın daxili təhlükəsizlik bölməsi qurumun hərbi və mülki vəzifəli şəxslərinin şəxsi təhlükəsizliyini, eləcə də strateji obyektlərin mühafizəsini təmin edir və əks-kəşfiyyat fəaliyyəti aparır. (axar.az)

Paylaş: