Şb. Dek 7th, 2019

Bakının simvolu niyə rus heraldikasının elementlərini daşıyır? -TARİXİ FAKTLAR

Birinci Pyotrun hakimiyyəti dövründə Rusiyanın ayrı-ayrı regionlarında məskən salmış hərbi hissələri ərzaqla təchiz etməyi asanlaşdırmaq məqsədilə ordu hissələrinin düşdüyü şəhərlər üçün xüsusi gerblər yaradılmışdı. Məhz həmin illərdə də Bakı şəhərinin ilk gerbi yaradılmışdı.

Bu gerb ilk dəfə 1843-cü ildə dörd hissədən ibarət bir lövhə idi. Gerbin yuxarıdakı sol hissəsində bir pələng rəsmi təsvir edilmişdi. Bu vaxtı ilə Binə kəndi düzənliyindən (bu düzənliyə Təmənis düzü deyilir) başlayaraq, bir tərəfdən Maştağayadək, cənub tərəfdən isə Zirəyədək uzanan tuğay meşələrində vəhşi heyvanların mövcudluğuna işarə idi. Yuxarı sağ tərəfdəki hissədə isə rəsm edilmiş torpaqdan çıxan üç qaz şırnağı bu torpaqların odlu (Yanardağ/indiki Məhəmmədi kəndi), yanar olduqlarını göstərirdi. Aşağıda sağ tərəfdəki hissədə lövbər təsvir olunmuşdu. Bu, Bakı əhalisinin dənizçiliklə məşğul olduğuna işarə idi. Aşağıdakı sol hissədə isə yüklü dəvə təsviri vardı. Dəvənin yükü üstündə çiçəkləmiş bir zəfəran rəsmi vardı. Bu da dəvənin Bakıda əsasən yeganə nəqliyyat vasitəsi olduğunu və Bakıdan daşınan yükün daha çox zəfəran olduğunu bildirirdi. Dəvə üstündə zəfəranın çiçək açması isə göstərirdi ki, zəfəran soğanı vaxtı çatanda torpaqsız və susuz da çiçəkləyə bilər.
Bakının ikinci gerbi isə 1883-cı ildən sonra Bakıda Dumanın fəaliyyəti zamanı yaradılmışdı. Bu, lövhə üzərində rəsm edilmiş üç alovdan ibarət idi.

Fikrət Nağıyev yazır ki, “Sovet hakimiyyəti qurulduqdan sonra isə digər müttəfiq respublikaların heraldikasında olduğu kimi, Azərbaycanın heraldikasında da bütün simvollar dəyişdirildi. Eləcə də ölkənin şəhər və rayon gerbləri ləğv olundu. Bakının 1883-cü ildə yaradılmış gerbi isə bəzi dəyışıklıklər edilməklə 1967-ci il aprelin 14-də qəbul edildi və ən nəhayət, 1975-ci ildə həmin gerbə yeni əlavələr olundu”.

1967-ci ildə qəbul edilmiş gerbdə üç atəş simvolu olduğu kimi saxlanmış, sadəcə bir qədər stilizə olunmuşdu. Bundan əlavə gerbin aşağı hissəsinə mavi Xəzərin beş dəniz dalğası əlavə edilb.

Gerbin öz forması da maraqlıdır. Çünki heraldikanın qaydalarına görə dövləti və hakimiyyəti əks etdirən gerblərin əksəriyyətində qalxan əsas komponent sayılır.

Bu mənada Bakının gerbi qalxanın formasına görə rus heraldikasının əsas elementini özündə saxlayır.

Azərbaycanın milli hərb tarixinə nəzər saldıqda isə bütün dövrlərdə ordularımızın qalxanlarının dairəvi şərq üslublu olduğunu bilməkdəyik. Burada da təbii ki, Vətənimizin keçməkeçli tarixi yenə də xatirələrimizdə canlanır…

Maraqlıdır ki, Azərbaycanın dövlət gerbi də 1991-ci ildə dəyişdirilənədək formaca qədim rus qalxanının formasında idi.

 Qeyd etmək lazımdır ki, paytaxtımızın hal hazırdakı qerbi 2001-ci ildəki son təsdiq formasını daşımaqdadır.

Məlumat mənbəyi araşdırmacılar Qılman İlkin və Fikrət Nağıyevin əsərlərindən bəhrələnmişdir.

Hazırladı Əbülfəz Şeydabəyov

Paylaş: