Ça. Avq 20th, 2019

İçərişəhərdə erməni memarın sökdürdüyü bürc necə bərpa edildi? – VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində “İçərişəhərdə Qala divarları dağıdılır” başlıqlı materiallar tirajlanır. Sosial şəbəkələrdə insanlar Qala divarının dağıdılmasına və yerində hansısa iaşə obyektinin tikintisinə şərait yaradan aidiyyəti orqanları tənqid atəşinə tutub.

Bəs əslində, bütün bu iddialar həqiqəti əks etdirirmi? Hazırda İçərişəhərdə nə baş verir?

Son günlər cəmiyyət arasında ciddi müzakirələrə səbəb olan hadisəyə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi rəsmi münasibət bildirib.

Məlumatda tirajlanan fotoların 2011-2012-ci illərdə Qala divarlarının bərpası həyata keçirilən və həmin əsnada dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işlərinin görüldüyü dövrdə çəkildiyi qeyd olunur:

“Məsələnin kökündə isə, əslində, Sovet erası zamanı 1954-cü ildə Qala divarları üzərində aparılan kobud rekonstruksiya işləri durur. Əfsuslar olsun ki, bu proses zamanı Qala divarlarının o zamana qədər mövcud olmuş tarixi bürclərindən biri zədələnərək öz görkəmini itirib və düz divarın çəkilməsi ilə nəticələnib.

“İçərişəhər” DTMQİ fotoşəkillə bağlı yaradılan mənzərənin və əsassız ittihamların əksinə olaraq 2011-2012-ci illərdə Qala divarlarının bərpasını həyata keçirib və bu əsnada həmin dağıdılmış bürcü bərpa etmək üçün genişmiqyaslı bərpa işləri görülüb.

Bu zaman bütün arxiv sənədləri nəzərdən keçirilib, bürcü mümkün qədər tarixi görkəminə qaytarmaq üçün tarixçilər, memarlar, mühəndislər tərəfindən layihə işlənib hazırlanıb. Məhz bu işlərin nəticəsində bu gün Kiçik Qala küçəsində həmin bürcün bərpa olunmuş vəziyyətini görə bilərsiniz”.

Məsələ ilə bağlı yaranan vəziyyətə münasibət bildirən “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Rahib Azəri oxu.az-a açıqlamasında görüntülərin və irəli sürülən iddiaların həqiqəti əks etdirmədiyini bildirib:

“Qala divarlarını zədələyəcək heç bir tikinti işləri aparılmır. Divarlara heç bir ziyan dəyməsin deyə tikili sırf konstruksiyalardan ibarətdir. Konstruksiya isə Qala divarlarından aralıda quraşdırılıb. Hazırda yalnız yüngül materialdan ibarət dayaqlar qoyulub. Qala divarına bitişik hər hansı yenidənqurma işlərinin aparılması ilə bağlı məlumatlar tamamilə əsassızdır”.

Məkanın turistlərin diqqət mərkəzində saxladığı yerlərdən biri olduğunu xatırladan qurum sözçüsü onu da əlavə edib ki, görülən işlərin məqsədi İçərişəhərdə fəaliyyət göstərən restoranları yeniləməkdir. O, ərazinin müxtəlif dövrlərdə tədqiq olunduğunu deyib:

“Qala divarları perimetr boyu  araşdırılıb, arxeoloji qazıntılar aparılıb və yekun olaraq bu ərazidə heç nə aşkarlanmayıb. Əvvəlki dövrlərdə də İçərişəhərdə restoranlar mövcud olub. Əvvəlki restoranlar Qala divarlarına bitişik idi, lakin indiki tikililər qala divarından aralıda quraşdırılıb. Bizim məqsədimiz onları daha müasir şəkildə əhalinin və turistlərin xidmətinə verməkdir”.

İdarə rəsmisi Qala divarlarındakı fərqli daşlardan olan tikinti işlərinə də aydınlıq gətirərək qeyd edib ki, qoruq hazırda bərpa işləri zamanı həmin daşlardan istifadə etmir:

“O bərpa işləri 2007-ci ildən əvvəl olub”.

R.Azərinin sözlərinə görə, İçərişəhər Tarix-Memarlıq Qoruq İdarəsinin daxilində hazırda heç bir bürc bərpa edilmir:

“İçərişəhərdə tarixən 23 bürc olub və bu bürclərdən biri ötən əsrin 50-ci illərində Bakının baş memarı, əslən erməni Mamexonov tərəfindən ləğv edilib. Həmin o bürcün yeri dəqiqliklə tapılıb və 2012-ci ildə tam bərpa edilib. Hazırda heç bir yerdə bərpa işi aparılmır. Sosial şəbəkələrdə yayılan foto həmin bürcün bərpası zamanı – 2012-ci ildə çəkilib”.

 

Paylaş: