Ç. Sen 18th, 2019

Rektorlar təyin olsunlar, yoxsa seçilsinlər?

Artıq neçə illərdir istər parlamentdə və Milli Məclisin (MM) Elm və təhsil komitəsində, istərsə də cəmiyyətdə, təhsil və elm camiəsində rektorların seçki yolu seçilməsi məsələsi yönündə fikirlər, ideyalar, təkliflər səslənməkdədir.

Əksəriyyət bir çox aparıcı ölkələrdə olduğu kimi, Azərbaycanda da ali təhsilin, elmin inkişafı baxımından seçki variantının daha çox səmərə və effekt verə biləcəyi qənaətindədir.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qəbulu gözlənilən “Ali təhsil haqqında” qanun layihəsində rektorların seçki yolu ilə seçilməsinin əksini tapmasının mümkünlüyü məsələsinə münasibət bildirib.

Turkustan.info xəbər verir ki, komitə sədri  Oxu.Az-a açıqlamasında Azərbaycanda mövcud təyinat formatının daha çox reallıqlara uyğun gəldiyini və məqsədəuyğun olduğunu bildirib.

Əlavə edib ki, bu məsələ adıçəkilən qanun layihəsinin predmeti kimi nəzərdən keçirilmir.

“Rektorluqla, rektorlarla bağlı iki variant, iki yanaşma var.

Bir çox ölkələrdə seçki yoluna üstünlük verirlər. Bəzən də bir adamın ən yaxşı halda ikinci dəfə seçilməsinə icazə verilir.

Elə olur ki, bir adam ikinci dəfə seçilə bilmir və başqası ilə əvəzlənir, seçkidə qalib gəlmiş şəxs rektor vəzifəsini icra edir.

Bu zaman bir pərakəndəlik yaranır, yeni rektor kollektivlə tanış olub başa çatacan, vaxt bitir, sonra başqası gəlir və beləliklə, bir boşluq yaranır.

Bu isə nəticədə həmin təhsil müəssisəsinin işinin, ali təhsilin keyfiyyətinə təsir edir.

Bəzi ölkələrdə, o cümlədən, bizdə və keçmiş sovet ölkələrində daha çox təyinat variantından istifadə edilir.

Hesab edirəm ki, təyinat variantı ali təhsilin inkişafı baxımından daha effektiv və səmərəlidir.

Eyni zamanda, bizdə rektorların 5 il ərzində təyinat yolu ilə fəaliyyəti qüvvədədir və bu, uğurlu varantdır”, – deyən İ. Həbibbəyli seçki məsələsinin istisna olunduğunu sözlərinə əlavə edib.

Paylaş: