Bz. Sen 22nd, 2019

Gürcü arzusu… – Zurabişvilinin sərhəd narahatlığı haradan qaynaqlanır? – Detallar

Gürcüstanın 4 qonşu dövlətlə sərhəddindən ən təhlükəsizi strateji tərəfdaşı olan Azərbaycandır.

Turkustan.info xəbər verir ki, beynəlxalq hüquq və münasibətlər üzrə ekspert Yeganə Hacıyeva Gürcüstan-Azərbaycan münasibətlərini dəyərləndirib. Y.Hacıyeva hesab edir ki, iki dost ölkə arasında sərhəd məsələləri ətrafında gərginliyin artmasına yönəlik fəaliyyətlər həmişə mövcud olub və bu, yolverilməzdir:

“Bu ilin fevral ayında Gürcüstan prezidentinin Azərbaycana səfərindən sonra qonşu ölkədə sərhədlərin delimitasiya və demarkasiyası mövzusu ətrafinda yüksələn tendensiya ilə “maraqlı” təbliğat gedir. Gürcüstan keçirilən son seçkilərlə konstitusiyaya edilən dəyişikliklərdən sonra ölkəsində sadəcə nominal prezident olan Salome Zurabişvili istər təşəbbüsçü, istərsə də icraçı kimi heç bir səlahiyyəti olmasa da, Azərbaycanla Gürcüstan sərhədlərin delimitasiya və demarkasiyası mövzusunu ölkəsinin xarici siyasətinin priorotet mövzusu qədər aktual saxlayır”.

Y.Hacıyeva vurğulayıb ki, ölkə qanunvericiliyinə görə bu məsələ ətrafında qərarvermə və icra səlahiyyəti Gürcüstanın baş naziri və dövlət sərhədinin delimitasiya üzrə komissiyasına aid məsələdir:

“Belə olan halda Gürcüstanın yeni, keçmişdə xarici siyasət xidmətində görkəmli postlara yiyələnmiş nominal prezidentinin ölkəsinin strateji tərəfdaşı Azərbaycana ilk səfərində, qonşu və dost ölkə ilə sərhədlərin delimitasiya və demarkasiyası mövzusu ətrafinda başlatdığı müzakirə və bunun ardınca ölkəsində yüksələn tendensiya ilə davam etdirdiyi bu mövzu Salome Zurabişvili və onu dəstəkləyən siyasi qrup tərəfindən ölkədaxili təbliğatda alət kimi istifadə olunması şübhə doğurmur. Əgər xanım Zurabişvilinin ölkəsinin sərhədlərinin təhlükəsizliyi mövzusunda narahatçılığı varsa, məntiqlə bunu diğər daha “həssas qonşularla sərhəd” mövuzusunda, ölkəsinin pozulmuş ərazi bütövlüyü istiqamətində ifadə və nümayiş etdirmək yerinə düşərdi”.

Y.Hacıyeva qeyd edib ki, istər Gürcüstanda, istərsə də Azərbaycanda cəmiyyət bu tip fəaliyyətləri həmişə narahatlıqla izləyib:

“Bu məsələdə xoşməramlı və konstruktiv bir məcrada müzakirələr aparılması tərəflərin prioritet seçimi olub”.

Xatırladaq ki, Gürcüstan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesi 1996-cı ildə dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın yaradılması ilə başlayıb. Komissiyalar səviyyəsində Gürcüstan və Azərbaycan arasında mövcud dövlət sərhəd xəttinin 66% -300 km-ə yaxın sahə razılaşdırılıb və təsvir olunub, 34 % – 146 km  seqmentlərin razılaşdırılması məqsədi ilə danışıqlar davam edir”.  /REDAKTOR.AZ /

Paylaş: