Ça. Avq 20th, 2019

İrandan nə gətirmək olar, nə olmaz?

Hər şeyə oradan başlayaq ki, İrana heç vaxt getməyənlər məlumatlı olsunlar: əgər siz şəxsi avtomobilinizlə səfər etmək istəyirsinizsə, azı 150-200 manat “torpaq basdı” xərciniz çıxacaq. Bu pul maşının sığortası deyil, ölkəyə giriş üçün alınır. İranda maşını sığorta etdirmək isə Gürcüstandakı kimi vacib deyil, sizdən dövlət bunu tələb eləmir. Siz 200 manat ödədikdən sonra İrana daxil olursunuz və bununla da demək olar ki, avtomobil xərciniz bitir. Çünki İranda neft sudan ucuzdur – litri 12 qəpiyə…
Maşını ilə İrana getmək istəməyənlər isə Astara rayonunda, sərhədin lap yaxınlığındakı dayanacaqda 1 manat verməklə maşını saxlaya, piyada sərhədi keçə bilərlər. Və ən nəhayət, iki saatlıq basabas, əzab-əziyyətdən, bir də İrana getmərəm deyib özünə söz verdikdən sonra daxil olursan İran İslam Respublikasına…
Təcrübəli şəxslər danışırlar ki, həftə içi getmək məsləhətdir. O zaman sərhədi əli cibində, beş dəqiqə ərzində keçib gedəcəksiniz. Hətta astaralılar bizə deyirdilər ki, siz hansı ağılla şənbə günü İrana səfər edirsiniz, sərhəd müsibəti yaşayacaqsınız, fəqət nə etməli, geriyə dönüş yox idi…
Yeri gəlmişkən, bizim gömrük sərhədində kifayət qədər xanım əməkdaşlar işə götürülüb. Onlar qadınları yoxlanışdan keçirirlər. Ümumiyyətlə, pasport yoxlanışında yazılmamış bir qayda müşahidə elədik: qadınlar bir cərgədə, kişilər ayrı cərgədə dayanırlar. İrana keçməmiş bizim gömrük əməkdaşları vətəndaşlara hansı malların gətirilməsinin qadağan olunduğu barədə xəbərdarlıq edirlər. İran gömrükçüsünün Azərbaycana qayıdarkən bir vətəndaşın keçirmək istədiyi yağ, düyü və çayı necə əlindən alıb tulladığı, ölkəmizə buraxmadığı, açıq dillə qovduğu, az qala deportasiya etmək həddinə çatdığı haqda ayrıca bəhs edəcəyik.
Hə, qayıdırıq bizim gömrükçülərin xəbərdarlığına, onlar bəri başdan deyirlər ki, özünüzə əziyyət verib dediyimiz kimi yağ, düyü, çay, toyuq, İran sobası alıb gəlməyin. Çünki pulunuz batacaq, İran gömrükçüləri əlinizdən alıb tullayacaqlar. Heç bir sorğu-sualsız, konkret “xoş gəldin” sərt şəkildə cavab verərək sizi Azərbaycana yola salırlar, aldığın məhsullar da elə onlarda qalır. Vətəndaş aldığı malın nə pulunu geri tələb edə bilir, nə kiməsə satmaq imkanı olur. Ona görə də bizim gömrükçülərin xəbərdarlığını “qulaqda sırğa” edib İrana daxil olun, qayıdanda peşman olmayacaqsınız. Həmçinin, velosiped, uşaq arabası, maşın təkəri keçirmək olmur. Vətəndaşlar az miqdarda qaymaq, smetan gətirə bilirlər. 
Biz qayıdarkən bu xəbərdarlığa əməl etməyən vətəndaşlarla qarşılaşdıq ki, onlar dəridən-qabıqdan çıxsalar da, mallar buraxılmadı…
İran sərhəd məntəqəsində işləyən gömrük əməkdaşlarının əksəriyyəti azərbaycanlılardır, amma onların arasında farslar da var. Hər bir azərbaycanlıdan tələb olunur ki, sığorta pulu ödəsinlər. Bu rüsum İran ərazisində itən əşyalarımızın 2000 avro məbləğində sığortalanmasıdır. Hər kəs 3 manat İran gömrüyünə ödəniş edərək, bir kağız verilir, pasport yoxlanışında onu bizdən geri alırlar. Ondan sonra “ağa, buyur” deyib səni öz ölkələrinə buraxırlar…
Və bizi İranın Astara şəhəri qarşılayır. Sərhəd qapısından çıxan kimi dollar, manat dəyişmək üçün üstümüzə şığıyırlar, Ərdəbilə, Təbrizə aparmaq istəyən taksilər hücuma keçirlər. Onların “mühasirə”sini çətinliklə də olsa yarıb irəliyə doğru addımlayırıq. İlk dəfə gedəcək oxuculara agah olsun ki, manatı tümənə dəyişməyə, taksi ilə tələsik sövdələşməyə ehtiyac yoxdur.
Astaranı gəzin, “rus bazarı” adlanan Sahil bazarına gedin, elə manatla alış-veriş edin, bizim pul orada işləyir. Bununla həm də siz xərclədiyiniz pulun məbləğini biləcəksiniz, tümən isə ilk dəfə səfər edənlər üçün olduqca qatmaqarışıq bir valyutadır. İndi orada 10 min tümən cəmi 1 manat 20 qəpikdir. Bu pulla taksi sizi Astaranın içində istədiyiniz yerə aparacaq.
80 min tümən isə 10 manat edir, bu məbləğə taksi ilə Astaradan Ərdəbilə gedəcəksiniz. Maşında bir nəfər, yoxsa dörd nəfər müştəri olsun, fərq etməz, 10 manat ver 80 kilometrlik aşırımlarla olan yolu Ərdəbilə qalx.
Alverçilər isə 10 min tümən verib “rus bazarı”nda düşürlər, istədiklərini alıb qayıdırlar. Bazar demişkən, məlum olur ki, İrana azərbaycanlılar əsasən iki məqsədlə gəlirlər: xəstələr həkimə gedir, alverçilər oradan Azərbaycana mal daşıyırlar, bir çoxları isə qızlarına cehizlik alırlar. Əksəriyyəti isə dediyim kimi iki hissəyə bölünüb: xəstələr və ticarətçilər. Söz düşmüşkən, Azərbaycan gömrüyü əlillik vəsiqəsini göstərənləri həm gedəndə, həm qayıdanda tez buraxır ki, növbədə dayanmasınlar. Ancaq hər əlində rentgen kağızı, dərman resepti tutan vətəndaşa həkimə gedən vətəndaş gözü ilə baxmırlar və sən sıxlığın içində gözləməlisən.
Ticarətçilərə gəlincə, bəzən onların arasında gündə iki dəfə İrana keçib qayıdanlar olur. Onları gömrük işçiləri də tanıyırlar. İnsanlar gətirdikləri malları Astarada, Lənkəranda sataraq dolanırlar. Çünki orada qiymətlər kifayət qədər ucuzdur və həmin məhsulu bizdə iki qat bahasına sataraq qazanır.
Məsələn, yuyucu toz, sabun, qabyuyan şampun, cürbəcür qab-qacaqlar, xalçalar gətirilir. Kimisi övladına cehizlik alır, kimisi gətirib satır. Bu malları isə İranın Astara şəhərindəki bizimkilərin adını verdiyi “rus bazarı”ndan alırlar. Əslində, iranlılar həmin yarmarkaya “Sahil bazarı” deyirlər.
Bu bazar bizim “Sədərək”, “Binə” bazarları kimidir. Amma qiymətdə kəskin fərqlər var. Bu haqda İranın Astara şəhərindən, “Rus bazar”ından, Amerikanın sanksiyalarının buradakı iqtisadi şəraitə təsirindən ayrıca təqdim edəcəyimiz reportajda ətraflı söhbət açacağıq…(musavat.com)

Paylaş: