Bz. Avq 18th, 2019

Ruhun əbədiliyi və fəlsəfədə parçalanma – Kənan Hacı yazır

“Tanrının ruhu” kitabından

Kənan Hacı

 

Ərəblərin təsiri olmamışdan əvvəl Avropada tibb elminin səviyyəsi çox aşağı olub. Səlib yürüşləri dövründə yaşayan Üsamə ibn Munkizi bizə avropalıların vəhşi metodları barədə öz müşahidələrini yazıb qoymuşdur.

Yazıçının əmisi olan ərəb əmiri Frank dostunun xahişi ilə onun yanına müsəlman həkimi göndərir. Həkim çox tez qayıdır, lakin onun təəssüratları çox da yaxşı olmur. Sən demə, onu bir cəngavər və qadını müalicə etmək üçün çağırıbmışlar. Cəngavərin ayağı abses olubmuş, ərəb həkimi ona isti kompress qoyur. Abses partlayır və yara sağalmağa başlayır. Qadın isə arıqlayıb gücdən düşübmüş (burada biz müəllifin nəyi nəzərdə tutduğunu bilmirik). Ərəb həkimi ona tərəvəz pəhrizini təklif edir. Sonra isə Frank həkimi gəlir, ərəb həkimini görüb əsəbləşir və öz metodunu tətbiq etməyə başlayır. Cəngavərdən soruşur ki, o, hansı yolu seçir? Bir ayaqla yaşamağa yoxsa iki ayaqla ölməyə? Cəngavər təbii ki, yaşamağa üstünlük verdiyini deyir. Həkim məcburən onun ayağını kötüyün üstünə qoyur və güclü bir adam onun ayağının xəstə hissəsini balta ilə vurur. Birinci zərbə alınmır, ikinci zərbədən sonra isə xəstənin sümükləri parçalanır və o, həmin dəqiqə canını tapşırır.

Qadının müalicəsi isə daha dəhşətli olur. Frank həkimi deyir ki, onun bədəninə cin yerləşib, ona görə onun başını qırxmaq lazımdır. Elə də edirlər. Bundan sonra xəstə tərkibində sarımsaq və xardal olan yeməyini yeməyə davam edir. Xəstəliyin daha da inkişaf etdiyini görən həkim deyir ki, indi də cin onun başına yerləşib. O, qadının kəllə sümüyündə xaç şəkli çərtir və həmin yerə duz sürtür. Qadın o saat ölür. Bundan sonra ərəb həkimi soruşur ki, ona ehtiyac varmı? Mənfi cavab aldıqdan sonra o, vətəninə dönür.

Adətən, Avropa mənbələri də öz tibb elmlərinin qeyd olunan bu kimi zəif tərəflərini təsdiqləyirlər. Ən birinci tibb məktəbi Salernoda yaranıb, lakin onun yaranma tarixi dəqiq məlum deyil. O yerlərin gözəl havası olduğuna görə xəstələr orada tez sağalırdılar. VII əsr mənbələrində Benedikt xəstəxanasının mövcudluğuna işarə edilir. Çox güman ki, bu yer mehmanxana olub. Orada xəstələrə yalnız yataq verilirdi, müalicədən isə söhbət gedə bilməzdi.

Monpelyedə olan digər tibb məktəbi ola bilsin ki, Salerno məktəbinin törəməsidir. Bizə məlumdur ki, 1137-ci ildə Parisdə oxuyan bir tələbə tibb elmini öyrənmək üçün Monpelyeyə yola düşür. Şəhər əhalisinin böyük qismi ərəb və yəhudilərdən, o cümlədən ərəbdilli xaçpərəstlərdən ibarət idi. XIII əsrin əvvəllərində orada tibb elmi İspaniyanın cənubunda olan ərəb ənənəsi ilə sıx bağlı idi. Ona görə Monpelyenin Avropa və ərəb tibb elmi arasında vasitəçilik rolu düşündüyümüzdən də böyük olub.

Tezliklə tibb məktəblərində cərrahlıq öyrənilməyə başlandı. Əvvəllər cərrahlar aşağı təbəqə sayılırdılar, tibb məktəblərinin müəllimləri onlara yuxarıdan aşağı baxırdılar. Hətta 1163-cü ildə cərrahlığı, o biri tibb fənləri ilə birgə məktəblərdə tədris etməyi qadağan edən kilsə reskripti meydana çıxmışdı. Çox güman ki, cərrahlığa münasibət tibbi biliklərin yayılması nəticəsində dəyişir. O zamanlar artıq ərəb dilindən tərcümələri əldə etmək imkanı vardı, əhli-səliblər isə sarasinlərin tibbi təcrübəsindən istifadə edirdilər. 1252-ci ildə Paduyalı Bruno da Lonqoburqo “Chirurgica Magna” adlı çox mühüm bir traktat yazmışdır.

Çox güman ki, 1200-cü ildə açılan xəstəxanalarda əhli-səliblərin təcrübəsi istifadə olunub. Lakin bu xəstəxanalar ərəb xəstəxanalarından geri qalırdı. Ərəblər o vaxtlar yoluxucu xəstələri ayrıca otaqlarda saxlayırdılar. Həkim xəstələrə xəstəxanada baş çəkirdi. İlk dəfə olaraq daimi həkimi olan xəstəxana Strasburq şəhərində 1500-cü ildə olub. O biri ərəb ənənəsini – tibb məktəblərinin tələbələrinin xəstəxanada praktikasını Avropa 1500-cü ildə qəbul edib.

Avropa tibb elminin ərəblərdən XV-XVI əsrə qədər davam edən asılılığını o vaxt dərc edilmiş kitabların siyahısından da görmək mümkündür. Onlardan birincisi olan Paduyalı alim Ferrari da Gradonun nəşr etdiyi ər-Razinin əsaslarının doqquzuncu hissəsinə aid olan şərhləri idi. İbn Sinanın “Qanunlar”I 1473-cü ildə dərc olunub, 1475-ci ildə bu əsərin ikinci nəşri olub, üçüncü nəşri isə Gallenin birinci əsəri nəşr olunmamışdan çox-çox əvvəl olub. 1500-cü ilə qədər “Qanunlar” on altı dəfə nəşr olunub. Bu kitab 1650-ci ildən sonra da istifadə edildiyindən dünyada ən çox oxunan tibb kitabı sayılır. “Qanunlar”dan sonra ər-Razi, Averroes, Hüseyn ibn İshaq və Hali Abbas kimi məşhur müəlliflərin ərəb dilindən tərcümə edilmiş əsərləri gəlir. Avropa alimlərinin əsərlərində gətirilən ərəb sitatlarının statistikası göstərir ki, orta əsrlərdə Avropada ərəblərin təsiri yunan təsirindən güclü idi. Məsələn, Ferrari da Grado öz əsərində İbn Sinadan üç min dəfədən çox, ər-Razidən və Gallendən hərəsindən min dəfə, Hippokratdan isə yüz dəfə sitat gətirir. Sözün qısası, XV-XVI əsrlərdə Avropa tibb elmi ərəb tibb elminin zəif bir parçası olub.

Ümumiyyətlə, ərəblərin qədim yunan fəlsəfəsini, Avropanın isə ərəblərin fəlsəfəsini öyrənməsi prosesində maraqlı, oxşar və fərqli məqamları müşahidə etmək olar. Ərəblərin marağı ilkin olaraq tibb və astronomiya elmində özünü biruzə vermişdi, lakin bu sahələr həmişə Xilafətin intellectual həyatından kənarda qalmışdı. Fəlsəfənin ərəblərin və türklərin maraq dairəsində olması onların digər elmlərlə sıx əlaqədə olmasının nəticəsi idi. Ancaq sonralar ərəblər fəlsəfəni öz əsas intellektual məqsədləri – teoloji amillərlə yanaşı mühüm siyasi əhəmiyyət kəsb edən arqument üçün daha faydalı gördülər. O zaman hətta bəzi məktəblərə yol açmış ayrı-ayrı elmlərə də maraq geniş yayılmışdı. Hələ VI əsrdə qəbul edilmiş yeddi azad elm sistemi də bu işdə asanlıq yaradırdı. Bu yeddi elm triviuma (riyaziyyat, astronomiya, həndəsə və musiqi) bölünürdü. Bir çox monastır və kafedral məktəblər öz diqqətlərini triviumda cəmləşdirdilər. Çünki kvadrivium Avropa alimliyi tərəfindən önəmli sayılmırdı. Metafizika ilə bağlı əsərlər ilkin olaraq Avropalı tərcüməçilər tərəfindən yazılıb. Məsələn, Dominik Gundisalvi “Ruhun əbədiliyi və fəlsəfədə parçalanma” əsərini ərəb və türk mənbələri əsasında yazmışdı. O, İbn Sinanın “Əş-Şifa” (latın versiyasında “Aufficientia” adı ilə tanınır) və əl-Qəzalinin “Məqasid əl-Fəlasifə” əsərlərində olduğu kimi Tanrının hərəkətsiz, lakin dünyanı hərəkətə gətirən qüvvə olması konsepsiyasını tədqiq edərək teologiyanı fizika ilə əlaqələndirmişdi.

Aristotelin məntiq elmi barədə nəzəriyyələri Avropada Boesiyanın əsərləri vasitəsilə çoxdan tanınmışdı. XII əsrdə “Organon”un yunan dilindən tərcümələri çap olunmuş, sonra isə ərəb dilindən tərcümələr çıxmışdır. Lakin Aristotel haqqında tam anlayış Avropada məhz İbn Rüşdün əsərlərinin tərcüməsindən, xüsusilə də onun Aristotelin metafizik əsərlərinə şərhlərindən sonra əldə edilmişdir. Bu tərcümələr XIII əsrdə dərc olunub, amma Averroesin bəzi nəzəriyyələri latın filosoflarına hələ alimin ölümündən (1198) əvvəl də çata bilərdi. Sözsüz, aristotelçilik Dominikan ordeninin üzvləri, xüsusilə Dahi Albert və Foma Akvinski tərəfindən çox tez bir zamanda qəbul olunmuşdu. Foma Akvinski Aristotelin nəzəriyyəsini o qədər yaxşı bilirdi ki, ondan hətta teologiyada da istifadə edirdi.

Yəqin ki, biz Averroesi Aigera Brabantakinin (1235-1282) latın averroizmi ilə çox sıx əlaqələndirdiyimiz halda onun Avropaya təsirini düzgün anlaya bilərik. Siger deyirdi ki, insan ağlı fəlsəfi mənasında vəyhlə gələn həqiqətlərə zidd ola bilər, lakin bunların ikisini də qəbul etmək lazımdır. İkili Həqiqət nəzəriyyəsi bunu tələb edir, halbuki Sigerin özü də bu termini işlətmir. Yəqin Averroes məhz bunu nəzərdə tuturmuş, lakin bu fikri daha yumşaq formada izah edirdi. Latın averroistləri insan ağlını həqiqətlə barışdırmaq təşəbbüsünü irəli sürmürdülər və onların müasirləri fikirləşirdilər ki, (yəqin ki, buna da bir səbəb vardı) onların fikirləri məntiqi sonluğuna çataraq dini sıradan çıxara bilər. Şübhəsiz ki, bu mümkünsüz idi.

Ərəb fəlsəfi fikri avropalılara yeni material verdi, onlar üçün yeni olan metafizika dünyasına qapı açdı. Belə deyək, Şərqin ruhu Qərb sivilizasiyası üçün generator rolunu oynadı. Qərbin ruhsuz dünyası metafizik qalaktikaya yetişdi ki, bu da Qərb incəsənətinə, ədəbiyyatına çox ciddi surətdə təsir göstərmiş oldu. Ərəb dilindən edilən tərcümələr Avropa təfəkkürünün bütün sahələrində məlum idi. Ərəb tədqiqatlarına, ərəb təfəkkürünə bütöv şəkildə baxanda aydın olur ki, ərəblərsiz Avropa elmi və fəlsəfəsi bu sürətlə inkişaf edə bilməzdi. Avropalılar əldə etdikləri elmləri yaşatmaqla kifayətlənmədilər, həm də diapazonunu genişləndirdilər. 1100-cü ildə avropalılar öz düşmənləri olan sarasinlərin elmi ilə maraqlananda bu elmlər artıq yüksək səviyyədə idi. Avropalılar irəli getmək üçün ərəblərdən mümkün olacaq hər şeyi öyrənməyə məcbur oldular.   

 

 

Paylaş: