Şb. Dek 14th, 2019

ABŞ-İran gərginliyi: Türkiyə və Çin nə qərar verəcək?

ABŞ-ın İran neftinin idxalının sıfra endirilməsi əməliyyatının praktikada nə qədər uğurlu olub-olmayacağını hiss etmək üçün bazar iştirakçılarına vaxt lazım olacaq.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ABŞ və İran arasında olan gərginliyin neftin qiymətinə təsiri haqqında danışarkən deyib. O bildirib ki, ABŞ və İran arasında bir neçə gündür davam edən gərginlik neftin qiymətinə öz təsirini göstərir:

“Bir qədər əvvəl ABŞ administrasiyası məsələ ilə bağlı ilk açıqlamasını verdi. Bundan sonra neftin qiymətində artım müşahidə olundu. Cümə günü neftin qiymətində enmə yaşansa da, sonradan davamlı artım oldu. Təbii ki, bu artımlara ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalar səbəb olur. Noyabrın 4-dən sonra səkkiz ölkəyə İran neftini ala bilmək üçün 180 gün möhlət verilmişdi. Ötən həftə dünya bazarlarında neftin qiyməti 2018-ci ilin oktyabrından sonra ilk dəfə olaraq 75 dolları keçdi. Buna görə də mayın 2-dən sonra neft bazarını qızışdırmağa davam edəcəklər. Bazar iştirakçıları İrandan neft alışını sıfra endirməli və alternativ bazarlar tapmalı idilər. İtaliya, Yunanıstan və Tailand İrandan neft idxalını tamamilə dayandıra biliblər. Digər ölkələr sırasında real namizəd kimi Yaponiya və Cənubi Koreyanın adı çəkilir. Hər iki ölkənin ABŞ-la sıx ticarət əlaqələri mövcuddur və onlar bu əlaqələri korlamamaq üçün alternativ bazarlar axtarışındadırlar. ABŞ-ın çağırışına sadəcə iki ölkə – Çin Xalq Respublikası və Türkiyə öz etirazın bildirib. Çinin etirazına səbəb ötən ildən ABŞ-la ticarət üzərindən apardıqları müharibələrdir. Çin ümumilikdə İrandan 1 milyon barrel neftin 50%-dən çox hissəsini alır və hesab etmirəm ki, maydan sonra bunu dayandırsın. Türkiyənin isə bu məsələdə siyasi və iqtisadi maraqları var. Rusiyaya gəldikdə hesab edirəm ki, Moskva bu gərginlikdən kifayət qədər öz xeyrinə istifadə edəcək. Bu məsələnin necə yekunlaşması təbii ki, həm pərdəarxası, həm də leqal danışıqların yekununda bəlli olacaq. Ümumi bazarda isə neftin qiyməti 70 dollardan enib, 68-69 dollar arasında dəyişə bilər. Bu qiymət bir çox ölkə, o cümlədən OPEK ölkələri üçün əlverişlidir”.

Paylaş: