Bz. Sen 22nd, 2019

“8 kilometr bazarı”nda satılan ət və ət məhsulları niyə təhlükəlidir

Bazarlarda açıq şəkildə satılan ət və ət məhsulları keyfiyyətlidirmi? Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vəziyyətlə bağlı sorğuya cavab verib.

 Bir müddət əvvəl paytaxtın müxtəlif ərazilərində ət kəsim yerləri – qəssabxanalar fəaliyyət göstərirdi. Heyvanlar elə kəsilib soyulduğu yerdəcə hissələrə bölünüb satılırdı. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qoyduğu müəyyən məhdudiyyətlərdən sonra belə yerlərin sayı azalmağa başlayıb. Ancaq bazarlarda hələ də belə yerlər fəaliyyət göstərir.

Məsələn, “8 kilometr bazarı”nda ət və ət məhsulları açıq şəkildə satılır. Bazara bu məhsulların qoxusundan girmək mümkün deyil. Düzdür, son zamanlar bazarda gigiyenik vəziyyətin qorunması üçün müəyyən adımlar atılıb. Misal üçün, əvvəllər açıq şəkildə satılan pendir artıq xüsusi, şüşədən hazırlanmış piştaxtaların altında satılır. Amma ət məhsullarının saxlanılma şəraiti və satışı ilə bağlı vəziyyət dəyişməz olaraq qalır. Ət kiçik piştaxtaların üstündə açıq şəkildə satılır. Hər gün minlərlə insanın ziyarət etdiyi bir bazarda ətin açıq şəkildə piştaxta üstündə satılması sağlamlıq üçün təhlükəli deyilmi?! 

Qida mühəndisi Elsevər Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hələ sovet dövründən səhərlər baytarlıq idarələrinin möhürü vurulmuş ət məhsulları bazara çıxarılırdı. O dövrdə də gecə növbələrində baytar həkimləri işləmirdi. Amma səhərlər bazarlarda möhürlənmiş ət satılırdı. Odur ki, bazarda satılan ətə kimin nə vaxt və nəyə əsasən möhür vurduğu indiyə qədər də qaranlıq qalır.

E. Fərzəliyev qeyd edib ki, açıq şəkildə satışa çıxarılan məhsullar qidalanmaq üçün yararsızdır.

“Əksər mikroorqanizmlərin nüvəsi 10-20 dəqiqə ərzində parçalanaraq artır. Mikroorqanizmlərin artması üçün nəmlik, qida mühiti və temperatur göstəricisi şərtdir. Ət və süd məhsulları qeyri-gigiyenik qablarda qablaşdırılaraq gigienik olmayan şəraitdə saxlanıldığı üçün onlardan istifadə etmək təhlükəlidir. Bazarlarda ət və süd məhsullarının saxlanılması qaydalarına riayət edilmədiyindən, həmin məhsullar daha qısa zamanda keyfiyyətini itirir” – deyə ekspert əlavə edib.

Mütəxəssisin fikrincə, bu məhsullar bazarlarda satılması üçün müəyyən tələblərə uyğun olmalıdır. 

“Son zamanlar baş verən qida zəhərlənmələri açıq şəkildə satılan ət və süd məhsullarından qaynaqlana bilər” – deyə Fərzəliyev vurğulayıb.

Xatırladaq ki, bu sahəyə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət edir.

Agentlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq, bildirilib ki, ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları risk əsaslı ekspertizalara cəlb olunur. Məhsullardan götürülmüş nümunələr laboratoriyada təhlükəsizlik göstəricilərinə görə müayinə olunur. Həmçinin, bazarlarda satışa çıxan heyvan mənşəli məhsullar bazar ərazisində fəaliyyət göstərən baytarlıq-sanitariya ekspertiza laboratoriyası tərəfindən müayinə olunduqdan sonra satışına icazə verilir.

AQTA əlavə edib ki, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan mənşəli məhsulların və xammalın satışı qanunvericiliyə əsasən yolverilməzdir. İstehlakçılar məhsul alarkən saxlanma şəraitinə diqqət etməli və etiket məlumatları ilə tanış olmalıdırlar.

Qurumdan bildirildiyinə görə, AQTA-nın mütəxəssisləri tərəfindən heyvan mənşəli məhsullardan və xammaldan qanunvericiliklə müəyyən edilmiş qaydada nümunə götürüb laboratoriyalarda baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilir. Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktı təqdim edilir və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulur.

“Ticarət obyektlərinin sahibləri baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməyən məhsulların satışına görə qanunla müəyyən edilmiş qaydada şəxsən məsuliyyət daşıyırlar. Xatırladaq ki, Agentlik bu sahədə tənzimləmə və nəzarət funksiyasını həyata keçirir. Yerlərdə icranın həyata keçirilməsi isə digər yerli icra strukturlarının fəaliyyətinə daxildir” – deyə Agentlikdən bildirilib.  /sputnik.az/ 

Paylaş: