Ça. Avq 20th, 2019

Azərbaycan diasporunun Ukrayna təntənəsi

“Bir ölkədə bütün diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Tarixi reallıq onu göstərir ki, hər bir xalqın milli varlığının əsas amillərindən biri onun etnik-siyasi cəhətdən mütəşəkkil olmasıdır. Bu bir həqiqətdir ki, milli həmrəyliyə nail ola bilməyən xalqlar etnik-siyasi hüquqlarını və milli mənafelərini həyata keçirmək imkanlarını qorumaq iqtidarında ola bilmirlər. Müasir dövrdə sayına və intellektual potensialına görə dünyanın qüdrətli xalqları ilə eyni sırada dayanan Azərbaycan xalqının davamlı yüksəlişinin yolu da, məhz həmvətənlərimizin vahid qüvvə kimi formalaşmasından keçir. Həmvətənlərimiz arasındakı birliyin təmin olunması istiqamətində əldə edilmiş daha bir nailiyyət ötən həftə, soydaşlarımızın çoxluq təşkil etdiyi, diasporumuzun hələ lap qədimdən formalaşdığı Ukraynada əldə olundu. Hər kəsə məlumdur ki, son dövrlər Ukraynadakı Azərbaycan diasporunun vəziyyəti heç də ürəkaçan deyildi. Komitə rəhbər¬liyinin ötən il Ukraynaya səfəri buradakı diaspor təşkilatlarımız arasında uzun illər səbirsizliklə gözlənilən birliyin, bərabərliyin yaradılması ilə nəticələndi. Səfər Ukraynadakı soydaşlarımızın xüsusilə də informasiya sahəsində uğurlu fəaliyyəti, sosial şəbəkələrdə fəallıq, Ukrayna mediasında Azərbaycan reallıqlarının, ölkəmizin turizm potensialının təbliği, Vətənimizdə hökm sürən multikulturalizm və tolerantlıq mühiti haqqında informasiyaların Ukrayna ictimaiyyətinə çatdırılması kimi mühüm məsələlərin müzakirəsi baxımından da uğurlu sayıla bilər. Komitə rəhbərliyinin bu uğuru Prezident İlham Əliyevin 2016-cı ildə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı “Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq” deyərək, dünya azərbaycanlılarına müraciət etməsinin icrasına verilmiş töhfə kimi dəyərləndirilə bilər. Məlum səfər Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətində yeni bir dövrün başlanğıcını qoymaqla yanaşı, burada yaşayan həmvətənlərimizin gələcək diaspor fəaliyyətində yeni yol xəritəsininin eskizlərini cızmış oldu desək, zənnimizcə yanılmarıq. Ukraynada fəaliyyət göstərən diaspor təşkilatlarımız arasında barışığın əldə edilməsi, həmrəyliyə nail olunması buradakı diaspor hərəkatının uğuru sayıla bilər. Aprelin 14-də Kiyevdə baş tutmuş Ukrayna Azərbaycanlıları Radasının təsis Qurultayı isə artıq bu uğurun məntiqi davamı olmaqla, xalqımızın “Birlikdən qüvvət doğar” ideologiyasının müasir dövrün çağırışları şəraitində reallaşmasına zəmin yaradan mühüm amil kimi səciyyələndirilə bilər. Radanın yaradılmasının Ukraynadakı Azərbaycan diaspor təşkilatlarının monolit bir struktur şəklində birləşməsi, soydaşlarımızın daha mütəşəkkil təşkilatlanması və bu ölkənin cəmiyyətinə inteqrasiyası üçün sistemli, ardıcıl, koordinasiyalı fəaliyyətinə töhfə verəcəyi heç kəsdə şübhə doğurmur. Təsis Qurultayında Ukrayna Ali Radasının deputatları, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyinin və ölkənin ictimai-siyasi xadimlərinin iştirakı Qurultayın ictimai-siyasi əhəmiyyətinin göstəricisidir. Qurultayda Komitə sədrinin “İnanıram ki, bütün soydaşlarımız siyasi və sosial mövqeyindən asılı olmayaraq Ukrayna Azərbaycanlıları Radasını öz evi kimi qəbul edəcək” fikrini səsləndirməsi, əslində həmvətənlərimizə ünvanlanmış bir mesaj idi. Bu mesaj Ukrayna azərbaycanlılarının bir çətir altında birləşməsi, Ukraynadakı Azərbaycan diasporunun daha da inkişaf etməsi, diasporumuzun əsas istiqamətlərinin inkişafında ümumi mövqeyin formalaşması, həmvətənlərimizin güclərinin birləşdirilməsi, Azərbay-can¬çılıq ideologiyasının qələbəsi, milli maraqlarımızın gücləndirilməsi kimi mühüm aspektləri özündə birləşdirirdi. Bu aspektlər Ukrayna Azərbaycanlıları Radasının təsis qurultayında iştirak edən Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr Şurasının üzvü Borislav Berezanın fikirlərində də öz əksini tapmışdır. Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın diaspor təşkilatları arasına təkcə qarşılıqlı əlaqələrin qurulmasını deyil, həm də birləşməni təmin edən qurum kimi təsvir edərək Ukraynadakı soydaşlarımızın birliyini müsbət hal kimi dəyərləndirən cənab B.Bereza Ukraynada da Dövlət Komitəsi kimi bir qurumun olmasının zəruriliyini vurğuladı. Sevindirici haldır ki, Ukraynadaki diaspor təşkilatları arasındakı birlik, həmrəylik tək həmvətənlərimiz tərəfindən deyil, xaricilər tərəfindən də müsbət qarşılanır. Artıq qürur hissi ilə deyə bilərik ki, Dövlət Komitəsinin uğurlu fəaliyyəti digər ölkələrdə də nümunəvi fəaliyyət kimi qiymətləndirilir. Ukraynada soydaşlarımız arasında birliyə nail olmaqla, əldə olunan qələbə bunu bütün təfərrüatı ilə bir daha sübut etmiş oldu. “Birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”. Azərbaycan diasporunun Ukraynadakı uğuru dövlətimizin başçısının IV Qurultayda nümayiş etdirdiyi bu prinsipial mövqenin artıq gözlənilən nəticələr verdiyinin müjdəçisidir. Bununla, diasporumuz bir daha nümayiş etdirdi ki, ölkə rəhbərinin Azərbaycan diasporu qarşısında qoyduğu vəzifələr diaspor təşkilatlarının fəaliyyətinin prioritet istiqamətini təşkil edir. AZƏRBAYCAN DİASPORUNUN UKRAYNA TƏNTƏNƏSİ də bu vəzifələrdən biri və bəlkə də birincisi idi!

Paylaş: